Makronun “Yeni Afrika Strategiyası” müstəmləkəçiliyin yeni modelidir – ANALİZ

2023/03/1680089133.jpg
Oxunub: 4059     17:40     29 Mart 2023    
Fransanın yeni Afrika siyasətinin nə dərəcədə uğurlu olub-olmayacağı maraq doğurur. Makronun itirdiyi reputasiyasını ölkəsinə qaytarmaq üçün başladığı Afrika turu gözlənilməz şəkildə davam edir. Çünki afrikalılar artıq əvvəlki kimi deyillər. Bütün Afrika xalqları indi öz keçmiş müstəmləkəçilərindən hesab tələb edirlər.

Afrikalı ekspertlər və akademiklər Fransa prezidenti Emmanuel Makronun elan etdiyi birtərəfli “Yeni Afrika Strategiyası”nın qitədə həyata keçirilməsinin mümkün olmadığını bildiriblər.

Makron Qabon, Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasından ibarət 4 ölkənin daxil olduğu Afrika turu öncəsi “Yeni Afrika Strategiyası”nı gündəmə gətirdikdən sonra Afrika ölkələri ilə Fransa arasındakı əlaqələr yenidən müzakirə olunmağa başladı.

Afrika turunun ilk dayanacağı olan Qabonda Makron Fransanın müstəmləkəçilik dövründən sonra Afrika ilə qurduğu əlaqələri ifadə etmək üçün istifadə edilən “Françafrique” siyasətinin artıq sona çatdığını açıqladı. “Yeni Afrika Strategiyası” ilə Afrika ölkələriylə yeni səhifə açmaq istədiklərini bildirən Makron Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını və afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirib.

Makron ölkəsini Afrikada hamı ilə danışan, qitə ölkələrinin daxili işlərinə qarışmaq rolunu oynamayan qərəzsiz həmsöhbət kimi xarakterizə edib.

““Yeni Afrika Strategiyası”nı qitədə həyata keçirmək mümkün deyil”

Kamerundakı Yaounde Universitetinin Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Ntuda Ebode Josef Vinsent qeyd edib ki, “Françafrique” termini ilk dəfə İkinci Dünya müharibəsindən sonra fransız ziyalıları tərəfindən Afrikada təsirini itirmiş fransız müstəmləkə sisteminin yenilənmiş versiyasına istinad etmək üçün istifadə edilib.

“Françafrique” siyasətinin Fransa Xarici İşlər Nazirliyinin deyil, Yelisey Sarayındakı Afrika bölməsinin məsuliyyəti altında olan xarici siyasət sistemi olduğunu və gizli siyasətləri ehtiva etdiyini vurğulayan Vinsent bildirib ki, Fransa “Françafrique” siyasəti ilə Afrika ölkələrinin daxili işlərinə hərbi, iqtisadi və ya başqa şəkildə müdaxilə edir və Afrikadakı rejim qüvvələri ilə fransız siyasətçiləri arasında gizli iqtisadi əlaqələrin qurulmasına şərait yaradır.

Fransanın qitədəki hökmdar rəftarının bütün əlaqələrə sirayət etdiyini qeyd edən Vinsent vurğulayıb ki, Fransa əvvəllər “Yeni Afrika Strategiyası”nda olduğu kimi Afrikanın tarixini təkbaşına yazmaq istəyir. O bildirib ki, inklüziv olmayan və birgə hazırlanan “Yeni Afrika Strategiyası”nı qitədə həyata keçirmək mümkün deyil.

Kamerunlu beynəlxalq əlaqələr mütəxəssisi Aleks Kenfak Kito Afrika qitəsinin yeni üsullarla istismarına imkan verən “Françafrique” siyasətinin 1960-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər Fransa və Afrika liderləri arasında imtiyazlı və gizli əlaqələri izah etmək üçün istifadə edilən bir anlayış olduğunu ifadə edib.

Fransa hökuməti diskurs dəyişikliyinə çalışır

Ankara Sosial Elmlər Universitetinin Afrika araşdırmaları bölməsinin rəhbəri Mürsel Bayram qeyd edib ki, Çin, Rusiya və Türkiyənin Afrikada əldə etdiyi nailiyyətlər Afrika dövlətlərini yeni tərəfdaşlıqlar inkişaf etdirməyə sövq edir.

Bayram 2021 və 2022-ci illərdə aparılan sahə araşdırmalarında afrikalı liderlərə “Sizcə Afrikanın ən faydalı tərəfdaşı hansı ölkədir” sualının verildiyini və cavablarda Çin, Almaniya, Kanada və Türkiyə kimi ölkələrin ön plana çıxdığını vurğulayıb.

“Fransa isə Yaponiya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi qitədəki nisbətən yeni aktorlardan belə geri qalır. Bundan xəbərdar olan Fransa hökuməti nitqdə dəyişiklik etməyə çalışdı. Həm Fransua Olland, həm də Emmanuel Makron açıq şəkildə etiraf etdilər ki, “Françafrique” siyasəti köhnəlib”, - deyə o bildirib.

“Fransa digər müstəmləkə gücləri kimi strategiyasını dəyişir”

Seneqallı beynəlxalq əlaqələr mütəxəssisi Daouda Kinda Makronun “Yeni Afrika Strategiyası”nın və “Françafrique” siyasətinin sonu ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib: “Bu bəyanatlar mənə XIX əsrdə qul ticarətinin sona çatması və ya 1960-cı illərdə bütün insanlara bərabərlik və öz müqəddəratını təyinetmə vəd edən müstəqillik hərəkatları kimi oxşar tarixi məqamları xatırladır”.

Qərbin yırtıcı sistemdən köləliyə, köləlikdən müstəmləkəçiliyə, sonra da neokolonializmə keçdiyini vurğulayan Kinda istismar sistemindən əl çəkməyən Qərbin bu istismarını Afrika frankları və fərqli iqtisadi əlaqələrlə davam etdirdiyini bildirib.

Mərkəzi Afrika Respublikası, Mali və Burkina Faso kimi qitə ölkələrində arzuolunmaz ölkə elan edilən Fransanın yenidən populyarlıq qazanmağa çalışdığını söyləyən Kinda vurğulayıb ki, Fransa da digər müstəmləkə gücləri kimi strategiyasını dəyişir: “Afrikaya hərbi müdaxilələrin heç bir təsiri olmadığını görən Fransa qeyri-hökumət təşkilatları və gənclər vasitəsilə “yumşaq güc” siyasətini həyata keçirməyə çalışır”.

Kinda həmçinin deyib ki, Makron sadəcə Fransanın qitədə itirdiyi populyarlığı qaytarmaq istəyir: “Fransa heç vaxt bu istismar sisteminə son qoymağı düşünməyib”.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   Afrika  


Bizi "telegram"da izləyin