Paşinyan Mişelin təklifini rədd etdi – İrəvanın qeyri-konstruktiv yanaşması hərbi həllə təşviq edir

2023/02/1676634101.jpg
Oxunub: 8042     15:39     17 Fevral 2023    
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə hər il Almaniyanın həmin şəhərində keçirilən və dünya liderlərinin, yüksək səviyyəli rəsmilərin, təhlükəsizlik və siyasi ekspertlərin beynəlxalq təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirə etmək üçün toplaşdığı illik beynəlxalq təhlükəsizlik konfransında iştirak edirlər.

Dünən Münhendə Paşinyanla Avropa Şurasının prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş baş tutub. Bu vəziyyət İlham Əliyevlə Paşinyan arasında görüş təşkil etmək cəhdinin olub-olmaması sualını yaradır. Xüsusilə Avropa Şurasının prezidentinin Brüssel formatı adlanan formatı yenidən canlandırmaqda maraqlı olduğu bütün tərəflərə məlumdur. Buna qədər İrəvanın Aİ çərçivəsində Fransa ilə birgə təxribatçı mövqe sərgiləməsi, həm dördtərəfli formatda əldə olunmuş öncəki razılaşmaların yarımçıq qalmasına, həm də ümumilikdə sözügedən formatın qeyri-səmərəsiz olmasına səbəb oldu.

İrəvanın Parisin də iştirakı etməsi ilə bağlı israrlı mövqeyi Bakıya qarşı təzyiq mexanizminin işləməsinə, xüsusilə prosesin uzadılaraq vaxt qazanılmasına hesablanırdı. Lakin rəsmi Bakı vaxtında və xüsusi incəliklə tərəflərə cavab verərək, rəsmi Parisin birtərəfli mövqe tutduğunu, Qarabağ məsələsi ilə bağlı “suyu bulandırdığını” ifadə edərək görüşü rədd etdi. Fransanın regiona nüfuz etməsini siyasi baxımdan həyata keçirə bilməyən Ermənistan daha təhlükəli bir addıma imza atdı. O, KTMT missiyasından imtina etməklə Aİ missiyası çərçivəsində fransız jandarmların göndərilməsinə göz yumdu. Bununla da, məsələnin danışıqlar yolu ilə nizamlanması ətrafında manipulyasiyalar təsdiqlənmiş oldu.

Təbii ki, Mişel dünən Paşinyanı üçtərəfli müzakirələri davam etdirməyə inandırmağa çalışıb. Onun Aİ-nin Ermənistanla Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi faktından arqument kimi də istifadə etməsi mümkündür. Lakin Ermənistanın Fransa olmadan danışıqlarda iştirak etməsi rəsmi İrəvan tərəfindən qəbul edilmir. Çünki erməni rəsmilərin fikrincə, əgər bu addım atılsa, Fransanın bilavasitə müdaxiləsi ilə “yardım” dayandırıla bilər. Əslində bir neçə gün əvvəl Xorvatiyanın xarici işlər nazirinin İrəvanda olarkən bəyan etdikləri də İrəvanı təşvişə salıb. XİN rəhbəri açıq şəkildə bəyan etdi ki, Aİ-nin müşahidə missiyası heç bir status-kvoya zəmanət vermir. Məhz bundan sonra Aİ müşahidəçiləri tərkibində hərbi xarakterli elementlərin iştirakı aktivləşdi. Artıq fransız jandarmlarına əlavə olaraq, alman polisi də sərhəddə olacaq. Bütün bunlar isə regionu danışıqlardan kənarda qoyaraq, məsələnin riskli, yəni hərbi həllinə təşviqi gücləndirir.

Nəticədə, bu gün Ermənistanın Münhen Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcəyi məlum olub. Ermənistan hökumətinin mətbuat xidmətinin sonradan yaydığı məlumata görə, Nikol Paşinyan və İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün planlaşdırılmadığı məlum oldu. Beləliklə, Paşinyanın Mişelin təklifini rədd edərək sülh prosesinə daha bir “balta” vurduğunu və getdikcə dərinləşən böhranlı vəziyyəti ağırlaşdırdığını deyə bilərik. Təbii ki, bunun nəticəsini Aİ missiyası nə təyin, nə də təmin etməyəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Fransa   Mişel     Azərbaycan  


Bizi "telegram"da izləyin