İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Tacikistanın paytaxtı Düşənbədə fabrikin açılış mərasimində deyib ki, Tehran indi “müttəfiqlərə hərbi texnika ixrac edə biləcək vəziyyətdədir”. və dost ölkələrdə təhlükəsizliyin və davamlı sülhün artırılmasına kömək edəcək”.
Müəssisə İranın “Əbabil-2” PUA-larını istehsal edəcək. Bu hava platformaları əsasən kamikadze tipli PUA hesab edilir, ancaq müşahidə aparmaq üçün də istifadə oluna bilər. Yəməndə husilər tərəfindən İranın dəstəyi ilə hazırlanan “Əbabil-2”, “Qasef-1” və “Qasef-2K” platformaları Səudiyyə Ərəbistanına qarşı hücumlarda istifadə olunur. PUA-ların ölkə daxilində istehsal edilməsi Düşənbəyə pilotlu təyyarələrə (Tacikistanın hərbi hava qüvvələri kiçik və köhnədir və heç bir reaktiv təyyarəsi yoxdur) daha ucuz alternativ təqdim edir. Bu, həmçinin Mərkəzi Asiyada PUA-ların yayılmasına töhfə verəcək.
Tacikistanın qonşusu Qırğızıstan Türkiyədən məşhur “Bayraktar TB2” PUA-ları alıb. PUA-ların iki ölkə arasındakı münaqişəli sərhəddə növbəti toqquşma zamanı istifadə olunacağı ehtimal edilir.
İranın Düşənbə fabrikinin açılışından bir həftə əvvəl, Türkiyənin TUSAŞ şirkəti Qazaxıstanda “Anka” PUA-larının birgə istehsalı üçün “Qazaxıstan Mühəndisliyi” şirkəti ilə müqavilə imzalayıb. Sövdələşməyə TUSAŞ-dan texniki xidmət və təmir xidmətləri, habelə texnologiya transferi daxildir. Qazaxıstan Türkiyədən kənarda “Anka” PUA-larının istehsal ediləcəyi ilk ölkədir.
Qazaxıstan Türkiyənin öz PUA-larını birgə istehsal etməyə çalışdığı ilk ölkə deyil.
Ankara Cənubi Qafqazdakı yaxın müttəfiqi olan Azərbaycana “Bayraktar TB2” PUA-ları satıb. Onlar Qarabağ müharibəsi zamanı həlledici rol oynayıb. Həmin müharibədən sonra Türkiyə və Azərbaycan 2021-ci ilin iyununda Şuşa Bəyannaməsini imzalayaraq müdafiə əlaqələrini genişləndirdilər. Türkiyə rəsmiləri Azərbaycanda TB2-lərin istehsalı üçün zavodun açılacağını bildiriblər.
Türkiyənin PUA hazırlamağı planlaşdırdığı başqa bir ölkə Ukrayna idi. Kiyev 2019-cu ildən “Bayraktar TB2”lər almağa başlamışdı. Ötən ilin oktyabrında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin ölkə daxilində Türkiyə PUA-ları istehsal etmək üçün zavod tikəcəyini açıqlamışdı. O, mətbuat konfransında deyib ki, artıq fabrikin tikiləcəyi torpaq sahəsi seçilib.
Rusiyanın hücumu bu planlara təsir etsə də, Türkiyə müharibə başlayandan bəri Ukraynanı TB2-lərlə təchiz etməyə davam edir. Ankaranın müharibədən sonra Ukraynaya müdafiə sənayesini bərpa etməsində böyük ehtimalla rolu olacaq və Kiyev bu müharibədə Ukrayna TB2-lərinin təsirli performansını nəzərə alsaq, daha çox türk texnikası alacaq.
Ukrayna TB2-nin döyüşdə özünü sübut etdiyi son müharibədir. Azərbaycanın 2020-ci ilin payızında bu silahlardan qəti şəkildə istifadə etməsi xarici ölkələrin onlara marağını kəskin şəkildə artırıb. Həmin müharibədə döyüş qabiliyyətini sübut edən digər PUA İsrailin IAI şirkəti tərəfindən istehsal edilən “Harop” PUA-ları idi. TB2-dən fərqli olaraq, “Harop” düşmənin hava hücumundan müdafiəsini (SEAD/DEAD) məhv etmək üçün nəzərdə tutulmuş “gəzən sursat”dır. Bu sursatlar Qarabağ müharibəsi zamanı Ermənistanın S-300 hava hücumundan müdafiə sistemi də daxil olmaqla çoxlu sayda texnikasını məhv edib.
Keçən ilin payızında bildirildi ki, İsrail və Mərakeş arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb və tərəflər birgə kamikadze PUA-ları istehsal etmək barədə razılığa gəlib. İki ölkənin Mərakeşdə “Harop” PUA-ları istehsal edəcəyi ehtimal edilir. Mərakeş TB2 də sifariş edib. “Harop” və TB2-lərin birləşməsi istənilən ordunun arsenalında ölümcül güc yarada bilər. Təxminən iki il əvvəl Azərbaycan bunu əyani şəkildə nümayiş etdirib.
Dəyanət Ağalarlı
Ordu.az