Azərbaycanın qədim sakinlərinin hücum və müdafiə silahları – ARAŞDIRMA (FOTOLAR)

2024/02/4554-1707735865.jpg
Oxunub: 9141     12:26     12 Sentyabr 2024    
Azərbaycanın Tunc və Dəmir, eləcə də Antik dövrlərə aid qəbir abidələrindən aşkar edilmiş bəzi silah nümunələri tədqiq olunan dövrün qədim sakinlərinin həyatında metal istehsalının səviyyəsi, döyüş sənəti və sakinlərin döyüş bacarıqları haqqında ətraflı məlumat verir. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən və nekropollardan aşkarlanan artefaktlar arasında silahlar əsas yerlərdən birini tutur. Məqalədə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tapılan müdafiə silahlarının növləri və təyinatı barədə məlumat verilir.

Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı çoxlu sayda silah nümunələri və onların qalıqları aşkar edilib. Bu silah nümunələri aşağıdakı funksiyalarına əsasən təsnifatlandırılır:

‒ uzaqvuran silahlar (ox və nizə ucluqları, cidalar)
‒ hücum silahları (qılınc, xəncər, mizraq, toppuz, yaba)
‒ müdafiə silahları (qalxan, zirehli geyim, dəbilqə)

Lakin bu təsnifat bölgüsü şərti xarakter daşıyır. Çünki uzaqvuran silahlar, həm də hücum silahlarıdır. Digər tərəfdən hücumda istifadə edilən silahlardan müdafiə məqsədləri üçün də yararlanmaq istisna hal deyil. Qədim dövrlərdə döyüşlərdə iştirak edən tayfa və birliklər uzaqvuran silahlarla silahlanmış, zirehli geyim geymiş hücum silahlarından, həm də xüsusilə qalxandan istifadə ediblər. Müdafiə olunan zaman ox və kamandan çox məharətlə, yaxınməsafəli təmas döyüşlərində isə xəncər və döyüş bıçaqlarından yararlanıblar. Döyüşlərin xarakteri baxımından istifadə edilən silahlar heç zaman yekcins olmayıb.

Arxeoloji qazıntılar zamanı az sayda tapılsa da, aid olduqları qrupun təsvirini verməkdə və istifadə funksiyalarını müəyyən etməkdə müdafiə silahları mühüm əhəmiyyət kəsb edir.

Yaşayış yerlərinə nisbətdə arxeoloji materialların daha yaxşı qorunub saxlandığı qəbir abidələrindən də çox az sayda müdafiə silahları aşkar edilib. Bunun başlıca səbəbi qədim dövrlərdə, əsasən, dəridən və ağac materiallardan hazırlanan qalxan və zirehli geyimlərin əsrlərlə torpaq altına qalıb çürüməsi və dövrümüzə qədər az bir hissəsinin gəlib çatmasıdır. Lakin az da olsa tapılmış müdafiə silahlarının əksəriyyəti muzey eksponatı kimi qorunmaqdadır. Azərbaycanın qərb bölgəsində, Qarabağ, Naxçıvan, Talış, Qəbələ, Şəki, Qax-Balakən zonasında aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş xırda əşyalara və qonşu rayonlardan tapılmış materiallara əsaslanaraq Azərbaycan ərazisində yaşayan qədim sakinlərin müdafiə silahlarını müəyyənləşdirmək mümkündür.

Sırf müdafiə məqsədləri üçün istifadə edilən və döyüş zamanı döyüşçünün özünü qorumasında başlıca rol oynayan müdafiə silahlarından bəzilərinin geniş elmi şərhini vermək xüsusilə vacibdir.

Müdafiə silahları içərisində ən geniş yayılanı zirehli geyim, qalxan və dəbilqələrdir. Arxeoloji qazıntılar zamanı bu nümunələr, demək olar ki, eyni sayda tapılıb.

Təbii haldır ki, hücum silahlarından istifadə zamanı bu hücumu qarşılayacaq müdafiə silahları – qalxan və zirehli geyim də mütləq olmalıdır. C.Xəlilovun fikrincə, xüsusilə Xalkolit və Tunc dövrlərinə (e.ə.VI–I minilliyin əvvəlləri) aid zirehli geyim və qalxanların az tapılmasının səbəbi onların, əsasən, dəridən və ağacdan hazırlanması və uzun əsrlərdən bəri torpaq altında qalaraq çürüməsidir . Ağstafa çay, Tovuz çay, Şəmkir çay, Köndələn çay, Quru çay, Tərtər çay, Zəyəm çay, Girdiman çay, Türyan çay, Vəlvələ çay, Arpa çay hövzələrinin Tunc və Erkən Dəmir dövrü nekropollarından tapılan bəzi piləklərin, mıxların, tuncdan qabarıq lövhələrin qalxanın üzərini bəzəmək və onu möhkəmləndirmək məqsədilə işlədildiyini güman etmək olar. Bunu lövhələrin ətrafında olan dairəvi deşiklər də sübut edir. Dəridən və göndən hazırlanmış qalxanların üzərinə çəkilən mis örtük təbəqəsinin üzərində naxışlar salınırdı (Şəkil 1).

Son Tunc–İlk Dəmir dövründə (e.ə. II minilliyin II yarısı – I minilliyin əvvəli) müdafiə silahı kimi qalxanın istifadə olunmasını Gədəbəy rayonunun daş qutu qəbirlərinin birindən V.Belk tərəfindən tapılmış kəmərin üzərindəki əlində qalxan tutmuş insan rəsmi də təsdiqləyir. Belə sənət nümunələri içərisində Mingəçevirdən tapılmış e.ə. VIII–VII əsrlərə aid başı möhürlü tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Bu möhürlərin üzərindəki şirlə vuruşan adam, nizə və qalxanlı döyüşçü, oda sitayiş edən şəxsin təsvirləri, hər şeydən əvvəl, o dövrün geyimləri və müdafiə silahları haqqında bizdə təsəvvür yaradır.


Şəkil 1. Səthinə mis lövhə çəkilmiş qalxan

Daha davamlı və mükəmməl formaya malik qalxanlar bir qədər sonra – Antik dövrdə meydana çıxmağa başlayır. Antik dövr müəllifi Strabon alban qalxanları haqqında aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc (“qapışəkilli”) qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılıb. Qeyd etmək lazımdır ki, Plutarx Pompey ilə alban basilevsinin qardaşı Kasis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, “döyüşdən sonra romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka peltaları tapılmışdı”. Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı kimi aypara şəklində təsvir edirdilər. Bütün bu deyilənlər və qədim müəlliflərin fikirləri təsdiq edir ki, alban döyüşçülərində iki növ müdafiə silahı olub: Roma skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan. Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti cəlb edir. Görünür, albanlar başlarına bütün Qafqazda yayılmış papaq qoyurdular. Strabon daha çox albanların baş örtüyünü heyvan dərisi ilə əlaqələndirir və alban döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir.

Döyüşçünü və yaxud hücum edən əsgəri müdafiə olunan zaman qarşı tərəfin zərbəsindən, əsasən, zirehli geyim qoruyurdu. Belə geyimlər Tunc və Antik dövrlərdə kiçik metal təbəqələrdən, yəni lövhələrdən düzəldilirdi. Belə lövhələr tunc və ya dəmir məftil vasitəsilə bir-birinə bağlanır yaxud bağlamaq üçün keçi qəzilindən hazırlanan möhkəm bağlardan istifadə olunurdu. İlk orta əsrlərə aid belə zireh qalığının nisbətən yaxşı saxlanılmış bir hissəsi Beyləqan şəhərindən (Örənqala) tapılıb. Bunun nadir tapıntı kimi əhəmiyyəti böyükdür. Maraq doğuran digər bir fakt isə odur ki, Beyləqandan şirli qab üzərindən tapılmış bir atlı döyüşçünün əynində də zireh təsvir olunub. Bu da onu deməyə əsas verir ki, daha qədim ənənələrə söykənən zireh istehsalı ilk orta əsrlərdə mükəmməl forma alırdı. Döyüş zamanı süvari və piyada birliklərinin xüsusi zirehli geyim formalarının olması haqqında da bilgilər məlumdur. Qoşunların hücum zərbəsi sayılan atlı birliklər (dəstələr) daha mükəmməl zirehlə mühafizə olunurdular. Onların zirehlərində dəmir lövhələrin sayı çox olurdu. Hətta atlarının başlarına da dəmir başlıqlar taxırdılar. Lakin piyada birliklər nisbətən yüngül zirehlə, daha doğrusu, iki-üç qat içi-içə tikilmiş dəri gödəkcələrlə təmin olunurdular. Oxçu dəstələr isə yaxın təmas döyüşünə girmədikləri və kənardan oxla qoşunların hücumunu təmin etdikləri üçün, demək olar ki, zireh geyinmirdilər.

Tədqiqatçıların bəziləri qəbirlərdən tapılan tunc düymələri qılınc qayışının bəzəyi hesab edirlər (Şəkil 2). Bu barədə ilk fikir C.Ə.Xəlilova məxsusdur. Müəllif qeyd edir ki, belə düymələr insan üçün geyim bəzəyi rolunu oynamırdı, onlar silah üçün düzəldilmiş qayışın bəzəyi hesab edilə bilər. Lakin maraqlıdır ki, düymələrin aşkar olunduğu qəbirlərdə çox vaxt qılınca rast gəlinmirdi. S.M.Qazıyev isə qeyd edir ki, belə düymələr tikilmiş geyim zireh rolu oynayıb. Mingəçevir qazıntıları zamanı qəbirdəki skeletlərin əsasən sinə hissəsindən aşkar edilən düymələrin döş və ya baş geyiminə tikilməsini onu daşıyanları kəsici və deşici silahlardan qismən mühafizə etməsi ilə əlaqələndirən müəllifin fikrincə, düymələr bəzək elementi olmayıb.


Şəkil 2. Zirehli paltara tikilən düymələr

Azərbaycan ərazisində mis mədənlərinin hələ çox qədimlərdən istismar edilməsini göstərən faktlardan biri də yerli istehsalın məhsulu olan silah nümunələrinin tapılmasıdır. Qədim metal ustaları misin tərkibinə istənilən miqdarda qalay əlavə etməklə misə nisbətən daha möhkəm, daha sərt və daha keyfiyyətli metal olan tunc alaraq, bu metaldan silah nümunələri hazırlayıblar. Ustalar bəzək əşyalarına nisbətən silahların tərkibinə daha çox qalay əlavə edirdilər. Çünki silahlar daha möhkəm və daha sərt olmalı, eyni zamanda incə hazırlanmalı idi.

Tunc dövründə yerli əhalinin təsərrüfat həyatında əkinçilik və maldarlıq mühüm yer tuturdu. Hər iki təsərrüfat sahəsinin, xüsusilə də sənətkarlığın inkişafı qəbilə və tayfa daxilində kişilərin üstün rolunu daha da qabardırdı. Hərb işində və döyüşlərdə kişilərin üstün mövqeyi ilə bağlı olaraq qəbilə-tayfa daxilində imtiyazlı rəhbərlər, döyüşçülər meydana çıxırdı. Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı zəngin və təmtəraqla dəfn edilmiş qəbirlər aşkarlanıb. Kişilərə məxsus olan bu qəbirlərin əksəriyyətində zəngin qəbir avadanlığının mühüm hissəsini silahlar təşkil edirdi. Qəbirlərdən tapılan qılınc, xəncər, ox ucluqları, təbərzin baltalar, qalxan və tunc kəmər qalıqları, at əsləhələri, zirehli geyimin hissələri olan piləklər və s. avadanlıqlar buna əyani sübutdur. Bu qəbirlər zəngin avadanlıqlarla yanaşı, qəbir kameralarının mürəkkəb konstruksiyası və dəfn adətinin özünəməxsusluğu ilə də seçilirdi.

Bəzi qəbirlərdə ki, şəxslərin döyüşdə öldürülməsi və sonra təmtəraqla dəfn edilməsini təsdiqləyən tutarlı arxeoloji faktlar vardır. Belə ki, qəbirlərdən aşkar olunmuş skeletlərin bəzi hissələri olmur, sümüklər parçalanmış halda aşkar edilir, bəzən də sümüklərin üzərində ox ucluqları tapılır ki, bu da həmin şəxslərin döyüşdə öldürülməsini təsdiq edir. Arxeoloqlar təbərzin baltaların tapıldığı bütün qəbirləri birmənalı şəkildə zəngin şəxslərə, tayfa başçılarına və döyüşçülərə aid edirlər. Lakin bir faktı unutmaq olmaz ki, təbərzin baltalardan təsərrüfat məqsədləri ilə də geniş istifadə edilib. Təbərzin baltaların iki funksiyası olub: həcmcə iriölçülü, ağır, üzəriləri saya, küplərinin arxası yastı olan baltalar sakinlərin məişət tələbatını ödəmək üçün təsərrüfatın və sənətkarlığın müxtəlif sahələrində, həcmcə kiçik, üzəriləri müxtəlif cızma, qabarıq naxışlarla bəzədilmiş, küp hissələrində çıxıqları olan baltalar isə sırf döyüş baltaları kimi istifadə edilib. Lakin bu funksiya bölgüsü mütləq deyildir. Təsərrüfatda istifadə edilən baltalardan döyüş zamanı da geniş tətbiq olunub. Xüsusilə Son Tunc-Erkən Dəmir dövründə Azərbaycanda metal istehsalı və metalişləmə ilə məşğul olan yerli sənətkarlar çox böyük ustalıqla və yüksək zövqlə zəngin bədii tərtibata malik metal nümunələri hazırlanmışlar. Baltalar üzərində həkk edilmiş təsvirlər bunun əyani sübutudur. Heç şübhəsiz, qəbir abidələrindən tapılan bir çox silah nümunələri kimi zəngin tərtibatlı təbərzin döyüş baltaları Azərbaycanın bacarıqlı qədim sənətkarları tərəfindən hazırlanıb (Şəkil 3).


Şəkil 3. Döyüş baltaları

Hücumda və müdafiədə istifadə olunmuş təbərzin baltaların arxa hissələrində düzəldilmiş çıxıqlar döyüş zamanı silahın əlavə zərbə gücü və imkanlarını artırmaqla yanaşı, həm də silaha əlavə görkəm və yaraşıq da verirdi. Bu çıxıqların Ön Asiya baltalarından götürülməsi faktı təsdiq olunub. Bu fakt isə qədimdə Azərbaycan sənətkarlarının Ön Asiyanın metallurgiya mərkəzləri ilə sıx əlaqəsindən xəbər verir.

Həm hücum, həm də müdafiə silahı hesab edilən təbərzin baltalar dörd mühüm qrupa bölünür:

‒ küp hissələrində iti və baltanın ölçüsünə müvafiq bir neçə ədəd çıxıntıları olan təbərzin baltalar;
‒ iki ağıza malik təbərzin baltalar;
‒ dairəvi, oval , aypara formalı ağızları və saya, düyməvari çıxıqları olan küplü, üzəriləri qabarıq naxışlarla naxışlanmış baltalar;
‒ simmetriyalı, uzun tiyə hissələri olan təbərzin baltalar.

Döyüş baltalarının bütün nümunələrinə Azərbaycanın Gəncə, Qazax, Göygöl, Şuşa, Xankəndi, Talış bölgəsi, Şabran, Daşkəsən və s. ərazilərində rast gəlinib. Bəzən təsadüfən tapılan baltalara da rast gəlmək mümkündür. Qazaxda, Damcılı yaxınlığında tapılan döyüş baltası təsadüfi tapıntıdır. Digər arxeoloji materiallara, xüsusilə də silah növlərinə nisbətdə çox az tapılmasının səbəbi onunla izah olunur ki, bu döyüş baltalarından hər kəs istifadə edə bilmirdi. Qalxanı, zirehli geyimi parçalaya bilən bu döyüş baltaları ağırçəkili, qol gücü daha çox olan döyüşçülərin əvəzolunmaz silahı sayılırdı. Məhz kütləvi silah olmadığı üçün də çox güman ki, metal ustaları və silahsazlar tərəfindən az istehsal olunub. Lakin arxeoloji qazıntılar zamanı tapılan təbərzin baltalar bu silah növünün forma, məzmun və işlədilmə funksiyası baxımından kifayət qədər informasiya verir.

Əksər hallarda kişi qəbirlərindən aşkarlanan bəzi bıçaqların formalarına görə müdafiə silahı kimi istifadə edilməsini mümkünsüz sayan C.Ə.Xəlilov onları yalnız məişətdə işlədilən əşyaların sırasına daxil edir. Tədqiqatçı qeyd edir ki, belə bıçaqların döyüş və savaş vaxtı deyil, yalnız kəsmək və lazım gəldikdə heyvanların dərisini soymaq üçün işlədildikləri şübhəsizdir. Gədəbəy rayonu, Tovuzçay, Zəyəmçay, Şəmkirçay hövzələri ilə yanaşı, belə bıçaqlar Göyçə gölü ətrafından, Zəngəzur ətrafındakı nekropollardan Son Tunc-İlk Dəmir dövrünə aid avadanlıqla birlikdə tapılıb. S.M.Qazıyevə görə, ucu şiş olan iri bıçaqlardan mizraq və xəncər kimi də istifadə edilib.

Antik dövrdə isə daha çox qədim alban tayfalarının müdafiə silahları haqqında dolğun informasiya mövcuddur. Həm arxeoloji qazıntılardan əldə edilən artefaktlar, həm də qədim dövr müəlliflərinin verdiyi məlumatlar qədim albanların müdafiə silahları haqqında bizdə geniş təsəvvür yaradır.

Strabon qeyd edir ki, silahlanma səviyyəsinə görə albanlar iberlərdən geri qalmayıb6 “...albanlar iberlər kimi, piyada və atlı, yüngül silahlı və zirehli paltarda vuruşurlar”. Alban hərbi geyimi əsas etibarilə zirehli örtük, papaq və qalxandan ibarət idi. Zirehli örtük bədənin bütün yuxarı hissəsini örtürdü. Bu örtüklər hissə-hissə qalın dəri üzərinə bərkidilmiş dəmir parçalarından ibarət idi və bütünlüklə pullu balıq dərisini xatırladırdı. Adətən, belə zirehli geyimin altından gödəkqollu qalın köynəklər geyərdilər. Belə geyim alban döyüşçüsünün müdafiə silahı idi. Albanlar belə zirehli geyimi müharibə zamanı öz atlarına da geydirərdilər. Strabon həm də piyada qoşundan və süvarilərdən bəhs edir. Albanlarda “...nizəatanlar və oxatanlar vardır; geyimləri zirehli, qalxanları uzun və dördküncdür, başlarına heyvan dərisindən hazırlanmış papaq qoyurlar...”.

Alban sənətkarları metal üzərində işləmək və ona müxtəlif bəzəklər vurmaqda da çox mahir idilər. Buna qalın dəridən düzəldilmiş, üstü bəzəkli dəmir hissəciklərlə örtülmüş dairəvi qalxanlar və dəmir hissəciklərindən bərkidilmiş papaqlar aid edilir. Antik dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd etdiyinə görə, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh-toraks da olub.

Qazıntılar zamanı hələlik tam salamat qalan zireh tapılmayıb, bu qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində üç mindən artıq daş muncuq aşkar edilib. Güman edilir ki, muncuq dənələri zireh rolunu oynayan dəri geyimə tikilirmiş. Eyni sözlər çox sayda aşkar edilmiş tunc düymələrə də aiddir. Qəbirlərin birindən döyüşçünün qoruyucu metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılıb. Tapıntılarla əlaqədar olaraq, “heyvan dərisi geymiş” alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda da olub.

Ağsuda Nüydi düzü adlanan ərazidə 2 saylı torpaq qəbirdə arxeoloji qazıntılar zamanı alban döyüşçüsünə aid dəbilqə aşkarlanıb ki, bu da zirehin bir hissəsini təşkil edirdi. Yaxşı qalmış tunc dəbilqənin yuxarı hissəsi enlənən içiboş borucuqla qurtarır, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə nişanları taxmaq üçündür. Tunc dəbilqə sifəti yanlardan örtmək üçün iki enli qulaqcıqdan ibarət metal təbəqədən düzəldilib, onun kənarları isə xüsusi işlənərək möhkəmləndirilib. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Torpaq qəbirdə bilavasitə kompleks material ilə birlikdə tapılmış tunc dəbilqənin alban sərkərdələrindən birinə məxsus olması ehtimal edilir. Albaniya ərazisində indiyə qədər, demək olar ki, bütöv tapılmış yeganə tunc dəbilqənin analoji nümunəsinə Uzunboylar nekropolunda tapılan tunc dəbilqə hissələrini misal göstərmək olar. Albaniyada metal dəbilqə istehsalına gəlincə, onlar kütləvi şəkildə deyil, sərkərdə və ya müəyyən rütbəli şəxslər üçün hazırlanırdı. Arxeoloji qazıntılardan metal dəbilqə və başqa zirehlərin az tapılması da bununla əlaqədardır.

Müxtəlif hücum silahlarının bilavasitə Qafqaz Albaniyası ərazisində istehsal edilməsi artıq məlumdur. Lakin bununla yanaşı, döyüşlər zamanı dövrün sərkərdə və qoşun başçılarının müdafiə məqsədilə istifadəsi üçün metal zirehlərin hazırlandığını da ehtimal etmək olar.

Ulu əcdadlarımız qonşu tayfa və xalqlara nisbətdə silah nümunələrinin ən mükəmməl variantlarını hazırlamaqla metalişləmə sənətində və xüsusilə silah istehsalında xeyli nailiyyətlər qazanmış və döyüşlər zamanı bu silahlardan bacarıqla istifadə ediblər. Əsasən, qəbir abidələrindən, qismən də yaşayış yerlərindən tapılan silah nümunələri, həm də xalqımızın etnik və mədəni mənşəyi haqqında konkret elmi mülahizələri ortaya qoyur.

Nəticə

Arxeoloji qazıntılar zamanı əldə edilən artefaktların böyük bir qrupunu təmsil edən silah nümunələri həmin dövrün döyüş texnikası haqqında təsəvvür yaradır. Tunc dövrünün ayrı-ayrı mərhələlərində və Antik dövrdə cəmiyyət həyatında sinfi bərabərsizlik, tayfalararası ziddiyyətlər, dövlət qurumlarının və sonra isə dövlətlərin siyasi çəkişmələri silah istehsalına tələbatı artırırdı. Sənətkarlıqda ayrıca yer tutan silahsazlıq qədim və antik cəmiyyət həyatında və təsərrüfatında mühüm əhəmiyyətə malik idi. Mahir ustaların cəlb olunduğu kütləvi istehsal edilən silahlara tələbat onların çeşidini artırır və formalarını təkmilləşdirirdi. Silahların xüsusi bir qrupu olan müdafiə silahları da döyüşçülərin döyüş zamanı ehtiyac duyduqları bir ləvazimat idi və daha yaxşı müdafiə daha yaxşı hücuma həvəsləndirirdi. Tədqiq etdiyimiz dövrdə də müdafiə silahları ən ibtidai formalarını təkmilləşdirərək təxminən iki min il ərzində mükəmməlləşib və daha çox hərbi ləvazimat rolunu oynamağa başlayıb. İlk orta əsrlərdən müdafiə silahlarının ən təkmil formaları meydana gəlməyə başladı. Bu isə onunla izah olunurdu ki, hücum silahları təkmilləşdikcə müdafiə silahları da bunun qarşısında davam gətirməli idi.

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. Xəlilov, C.Ə. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri / C.Ə. Xəlilov. – Bakı: Azərbaycan SSR EA nəşriyyatı, – 1959. – 172 s.
2. Nagel, V. Qalakənd / V.Nagel, Y.Ştrommenger. – Bakı: Diplomat, –1999. – 223 s. 3. Müseyibli, N.Ə. Zəyəmçay nekropolu / N.Ə.Müseyibli, Ş.N.Nəcəfov. – Bakı: Elm və Təhsil, – 2019. – 424 s.
4. Qazıyev, S.M. Mingəçevirdən tapılmış bəzi silahlardan // AMM, – 1951. №2, – s. 5-30.
5. Османов, Ф.Л. Орудия производства из раскопок Нюди // Изв. АН Аз. ССР, серия истории, философии, права, – 1984. №1, – с. 66-74.
6. Qazıyev, S.M. Qazax və Ağstafa rayonlarındakı arxeoloji və tarixi abidələr haqqında (1957-ci il) // AMM, –1962. № 4, – s.140-170.
7. Aslanov, Q.Q. Azərbaycanın tunc təbərzin baltaları (son tunc-ilk dəmir dövrü) / Q.Q.Aslanov. – Bakı: Elm, – 1982. – 68 s.
8. Махмудов, Ф.Р. О бронзовых топорах Талыша // – Баку: МКА (Материальная культура Азербайджана). –1973. том 7, – с. 64-73.
9. Страбон. География в 17 книгах / Пер. и прим. Г.А.Стратановского. – Москва: Наука, – 1964. – 944 с.
10. Османов, Ф.Л. Бронзовый шлем, найденный в Ахсуинском районе Азербайджанской ССР // ДАН Азерб. ССР, – 1972. т. XXVIII, №1, – с. 71-75.
11. Osmanov, F.L. Ağsu ərazisində arxeoloji tədqiqatlar / F.L.Osmanov – Bakı: Adiloğlu, – 2006. – 164 s.

tar.ü.f.d., dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Silah  


Bizi "telegram"da izləyin