Prezident Cəbrayılda Türkiyə istehsalı “Engerek” ZPD-ni idarə edib – VİDEO

2021/04/67-1619522149.jpg
Oxunub: 16207     11:17     27 Aprel 2021    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva dünən Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Prezident İlham Əliyev Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni açılan hərbi hissəsində hərbi maşın idarə edib.

Ordu.az xəbər verir ki, Prezidentin idarə etdiyi hərbi maşın Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Engerek” zirehli personal daşıyıcısıdır.

Adını Türkiyədə mövcud olan 7 metrlik ən zəhərli engerek ilanından alan “Engerek” nəqliyyat vasitələri “Otokar” şirkəti tərəfindən istehsal və ixrac edilib. Dəfələrlə müdafiə sənaye sərgilərində məhsullarını sərgiləyən şirkət bu maşınları Böyük Britaniyanın “Land Rover” şirkətinin lisenziyası ilə istehsal edir. Şirkət bu lisenziya ilə “Defender” versiyasının 90, 110 və 130 kimi 3 fərqli modelini də istehsal edib.

Təsnifatlandırmaya əsasən patrul-kəşfiyyat maşınları kateqoriyasına aid olan “Engerek” maşınları “Land Rover Defender 110” şassisinin bazasında hazırlanıb. Bu zirehli vasitənin əsas vəzifələrinə şəxsi heyətin təhlükəsiz daşınması, kəşfiyyatın aparılması, konvoyların müşayiət edilməsi, şəhər ərazilərində döyüşlərin aparılması və s. daxildir.

“Otokar” şirkəti “Engerek” zirehli personal daşıyıcısının (ZPD) istehsalına 1994-cü ildə başlayıb. Bu maşınların digər bir versiyası “Akrep” adı ilə istehsal edilib. Birinci model pulemyot və qumbaraatanla təchiz edilib, ikincisinin isə qülləsində uzaqdan idarə edilən silah modulu yerləşdirilib.

“Engerek” maşınları ekipajı mərmi və qəlpələrdən qoruyan, qaynaq üsulu ilə hazırlanan zirehli korpusa və ön güllə keçirməyən şüşələrə malikdir. Baza versiyada ZPD radiostansiya, kondisioner ilə təmin olunur. Ümumi kütləsi 3.6 tondur, dizel mühərriki ilə yanacaq doldurmadan 1000 km məsafə qət edə bilər, onun maksimal sürəti 125 km/saatdır.

Taktiki-Texniki Xüsusiyyətləri

Ekipaj: 3 nəfər;
Kütləsi: 3600 kq;
Mühərrik gücü: 134 at gücü;
Maksimum sürət: 125 km/s;
Klirens: 230 mm;
Əsas silahın çapı: 7.62 mm;
Termal kamera: 1 ədəd;
Uzunluğu: 4190 mm;
Eni: 2080 mm;
Yüksəkliyi: 2500 mm;
Təkər bazası: 2694 mm;
Sürətlər qutusu: 5 pilləli;
Aparıcı təkər sayı: 4 ədəd


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan  


Bizi "telegram"da izləyin