Ordu.az xəbər verir ki, agentlik bu məlumatı yüksəkvəzifəli iranlı rəsmilərə istinadən təqdim edib.
Məlumata görə, saziş layihəsi çərçivəsində Tehran nüvə silahı istehsal etməmək və əldə etməmək öhdəliyi götürməlidir.
Həmçinin İranın zənginləşdirilmiş uranın səviyyəsini azaltması nəzərdə tutulur. Konkret mexanizmlərin isə qarşıdakı 60 gün ərzində müzakirə ediləcəyi bildirilir.
Digər mümkün şərtlər arasında uranın zənginləşdirilməsinin tam qadağan olunması və İranda nüvə infrastrukturunun genişləndirilməsinə məhdudiyyət qoyulması da göstərilir.
Bunun müqabilində ABŞ-nin neft sektoruna tətbiq olunan sanksiyaları müvəqqəti yumşalda biləcəyi qeyd olunur.
Bu addım Tehrana neft ixrac etməyə və gəlir əldə etməyə imkan verə bilər. Həmçinin bildirilir ki, Vaşinqton yekun razılaşma əldə olunana qədər yeni sanksiyalar tətbiq etməmək öhdəliyi götürə bilər.
Məlumatda ABŞ-nin İranın dondurulmuş aktivlərindən təxminən 25 milyard dolların sərbəst buraxılmasına razılıq verə biləcəyi də qeyd olunur. Bu məbləğə mümkün birbaşa pul köçürmələri də daxil edilə bilər.
Bundan əlavə, memorandum layihəsində Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün dərhal açılması tələbi yer alır. Məlumata görə, bunun qarşılığında ABŞ regiondakı hərbi-dəniz məhdudiyyətlərini aradan qaldırmalıdır.
Sevinc Əliyeva
Ordu.az