Ordu.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, girovların hazırki durumu barədə heç bir məlumat yoxdur.
"Koronavirus Ermənistanda sürətlə yayılır. Artıq Qarabağda da virusa yoluxanlar var. Biz isə atamın səhhətinin necə olduğunu bilmirik. Çox narahatıq. Beynəlxalq Qırmızı Xaç komitəsi də məlumat vermir. Bu yaxınlarda onlarla görüşün olub-olmayacağı haqda heç nə demirlər. Təhlükəli virusun yayıldığı bir vaxtda Dilqəm Əsgərovu və Şahbaz Quliyevi itirə bilərik. Onlar 6 ildir ki, hər gün əzab, işgəncə altındadılar".
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ordu.az