YARS və "mulat" kompleks, piyada ilə qarşılıqlı əlaqədə
Modul yanaşma
İlk dəfə "Mission Master" layihəsi haqqında 2017-ci ildə məlumat verildi. Sonradan şirkət yeni məlumatları açıqladı və RTK-nın yeni hazırlanan modifikasiyalarını nümayiş etdirdi. Layihənin inkişafı ilə bağlı son məlumatlar yaxın zamanda məlum oldu. Növbəti reklam videoçarxında raket silahları əldə edən "Mission Master" kompleksinin yeni döyüş modifikasiyasının fəaliyyəti nümayiş olundu.
"Rheinmetall"ın RTK layihəsi tələb olunan xüsusiyyətlərə malik universal təkərli şassi üzərində qurulan platformadan ibarətdir. Şassidə müxtəlif avadanlıqların quraşdırılması üçün uyğun bir yük meydançası mövcuddur. Bu kiçik meydança üzərində yüklərin daşınması üçün vasitələr, optik sistemlər və ya müxtəlif silahlar quraşdırıla bilər. Hədəf modullarının quraşdırılması, şassinin dəyişdirilməsi ilə əlaqəli deyil, baxmayaraq ki, hazır maşınlar görünüşünə görə bir-birindən xeyli fərqlənə bilər. Maksimum daşınan faydalı yükün kütləsi 600 kq-dır. Eyni zamanda, bəzi quraşdırılan modullar nəzərəçarpacaq dərəcədə daha yüngüldür, bu isə yük daşıma qabiliyyətinin əlavə reaurs əldə etməsinə imkan verir.
Platforma kompakt uzaqdan idarəolunan dördoxlu nəqliyyat vasitəsi şəklində hazırlanır və hamımızın tanıdığı ənənəvi görünüşə malikdir. Korpusun daxilində adı açıqlanmayan güc qurğusu və idarəetmə avadanlıqları yerləşdirilib. Şassi idarəetməni təmin etmək üçün bir sıra videokameralar və radarlarla təchiz edilir. Kompleksdə mövcud olan avadanlıqlar həm operatorla fasiləsiz ikitərəfli rabitəni təmin etməyə, həm fərqli hədəf yükü ilə əlaqə yaratmağa, həm də robot-maşını uzaqdan idarə etməyə imkan verir.
"Mission Master Cargo" versiyası iki nəfər yaralı daşıya bilir
"Mission Master" şassisi magistral yolda saatda 40 km sürət inkişaf etdirməyə qadirdir. Avtomobil təkərlərin fırlanması hesabına 5 km/saat sürətlə üzə də bilir. İdarəetmə və rabitə isə portativ uzaqdan idarəetmə pultu vasitəsi ilə həyata keçirilir. RTK-nın bütün funksiyaları bir nəfər operator tərəfindən idarə olunur.
Ekipajsız nəqliyyat
Şassinin yenidən hazırlanan ən sadə versiyası "Mission Master Cargo" adlanır. Bu maşın əslində "mulat" hesab olunur və müxtəlif yüklərin daşınması üçün nəzərdə tutulub. Faydalı yük birbaşa korpusun damına və ya bir neçə versiyada mövcud olan yük bölmələrinə yerləşdirilir. Bu bölmələr yan tərəflərə və ya dam örtükləri üzərinə çərçivə və ya kəmərlərlə bağlanaraq bərkidilir.
"Mission Master Cargo" təcili yardım maşını kimi də istifadə edilə bilər. Hərəkət edə bilməyən yaralıları evakuasiya etmək üçün maşının damı üzərində uzununa yerləşdirilən bir cüt xərəkdən istifadə olunur. Yaralıların və digər yüklərin təhlükəsizliyi kəmərlər və məhdudlaşdırıcı qurğuların köməyi ilə təmin edilir.
Kəşfiyyat maşını
"Mission Master" UGV-S robot kompleksi müşahidə və kəşfiyyat üçün nəzərdə tutulur. Bu versiyanın şassisinə daha böyük bir üst qurğu və teleskopik maçta quraşdırılır. Sonuncuda isə optik-elektron avadanlıq bloku da mövcuddur. UGV-S optik bloku lazımi hündürlüyə qaldıraraq istədiyiniz mövqeyə yerləşir və oradan müşahidə apara bilir.
UGV-S kəşfiyyat vasitəsi qaldırılan maçta ilə
UGV-S operatoru real vaxt rejimində müşahidə aparır və bunun sayəsində bölmə anında vəziyyət barədə aktual məlumatlar əldə edir. Eyni zamanda, kəşfiyyatın aparılması şəxsi heyət üçün risklərə səbəb olmur - RTK təhlükəli zonada vəzifələrini yerinə yetirərkən döyüşçülər təhlükəsiz ərazidə qala bilərlər.
Döyüş versiyaları
Döyüş variantlarından ilki RTK UGV-P versiyası olub. Bu maşın atəş dəstək vasitəsi kimi təyin edilib və müvafiq avadanlıqlara malikdir. Bu versiyada şassi pulemyot və qumbaraatanlarla silahlanan uzaqdan idarə olunan döyüş moduluna bəzi avadanlıq və təhlükəsizlik tağları üçün arxa örtük əlavə edilib.
UGV-P-nin əsas vəzifəsi bölmənin birbaşa atəşlə dəstəklənməsi və ya operatordan uzaq məsafədə müstəqil fəaliyyətindən ibarətdir. Belə avadanlıqların patrul, hücum və s. üçün istifadə edilməsi təklif edilir. Təqdim olunan silah dəsti düşmənin canlı qüvvəsi, yüngül zirehli maşınları və möhkəmləndirilməyən binalara qarşı səmərəli mübarizə aparmasına imkan verir.
Pulemyot və qumbaraatana malik "Mission Master UGV-P"
Bu ilin yazında "Rheinmetall" şirkəti "Mission Master" kompleksinin yeni bir döyüş versiyasını ortaya qoydu. RTK-nin bu modifikasiyası raket atıcı qurğu ilə təchiz edilir. Dönən dayaq dəsti ilə təchiz edilən kompleksin şassisi üzərində, hər birində 7 ədəd istiqamətləndirici və tuşlama üçün optik-elektron blokdan ibarət iki ədəd FZ220 atıcı qurğusu yerləşdirilib. Əslində biz burada robotlaşdırılan qısa mənzilli YARS-ın yaradılması haqqında danışırıq.
"Mission Master"in bu versiyası 70 mm çaplı idarəolunmayan və idarəolunan raketlərdən istifadə edə bilir. Ondan düşmən hədəflərinə qarşı nöqtə və ya ərazi zərbələri endirmək üçün istifadə etmək təklif olunur. İstifadə olunan raketlərin növündən asılı olaraq "Mission Master" bazasında yerləşən YARS düşmənin canlı qüvvəsini, sığınacaqlarını və müxtəlif avadanlıqlarını məhv etməyə qadirdir. İdarəetmə sistemləri YARS-dan tək-tək və ya yaylım atəşi açmağa imkan verir. Bütün döyüş dəstinin sursatlarının tam buraxılması cəmi 1,6 saniyə çəkir.
Texnikalar poliqonda
2017-ci ildən bəri "Rheinmetall" şirkəti "Mission Master" ailəsinin müxtəlif prototiplərini müntəzəm olaraq müxtəlif poliqonlarda fərqli sınaqlardan keçirir. Yoxlamalar həm Almaniyada, həm də digər ölkələrdə aparılır. Onların köməyi ilə yeni texnologiyanın güclü və zəif tərəfləri, həm də modernləşdirmə istiqamətləri müəyyənləşdirilir. Bundan əlavə, kompleks və canlı döyüşçülərin qarşılıqlı əlaqəsi də məşq edilir.
Kompleksin son versiyası - yüngül YARS
Bu cür tədbirlərin bəzi nəticələri artıq ciddi maraq doğurur. Beləliklə, ötən ilin sentyabrında "Rheinmetall" şirkəti RTK ELROB-2018 müsabiqəsində iştirak etdi. Onun "Mission Master" kompleksi "mulat" kateqoriyasında digər piyadaları müşayiət edən nəqliyyat vasitələrindən xeyli üstün olaraq müsabiqəni qazandı.
Bir neçə gün əvvəl isə istehsalçı şirkət YARS konfiqurasiyasında kompleksin fəaliyyətini əks etdirən yeni bir video yayımladı. Kobud ərazidə marş və atəş görüntüləri Cənubi Afrikadakı "Denel Overberg" təlim poliqonunda çəkilib. Yaxın gələcəkdə yeni sınaqların keçiriləcəyi və "Rheinmetall" şirkətinin daha maraqlı məqamları göstərəcəyi gözlənilir.
Sifariş gözləntisi
Perspektiv "Mission Master" robot texniki kompleksi ilk dəfə iki il əvvəl nümayiş etdirilib. O zaman mütəxəssislərə və ictimaiyyətə universal bir şassi və onun üçün hədəf yüklərinin bir neçə variantı göstərildi. Bu günə qədər bütün bu avadanlıqlar müxtəlif təlim poliqonlarında sınaqdan keçirilib, əlavə olaraq fərqli təyinata malik yeni modellər də əvvəlki versiyalara qoşulub.

Lakin "Mission Master" kompleksinin hələ seriya istehsalına başlanmayıb. Bu sistem diqqəti cəlb edir və müzakirə mövzusuna çevrilir, lakin hazır nümunələrin tədarükü üçün müqavilələr hələlik mövcud deyil. Göründüyü kimi, potensial müştərilər kompleksin çoxsaylı üstünlüklərinə baxmayaraq, onu satın alaraq silahlanmaya qəbul etməyə hələ ki, hazır deyillər.
"Mission Master" və onun kimi digər vasitələrin üstünlükləri və müsbət xüsusiyyətləri göz qabağındadır. Nəqliyyat konfiqurasiyasındakı bu komplekslər döyüşçüləri izləyərək onların arxasınca hərəkət edə bilər, onların yaralılarını, təchizatlarını, silahlarını və ya texnikasını daşıyaraq məsafənin qət edilməsini və döyüş tapşırığının yerinə yetirilməsini asanlaşdıra bilər. Müşahidə sistemləri olan RTK isə minimal risklə kəşfiyyat aparmağa imkan verə bilər. Döyüş maşını versiyası isə piyada qüvvələrini atəşlə dəstəkləyə və ya bütün atəş tapşırıqlarını müstəqil olaraq həll edə bilər.
Lakin bu texnikaların müəyyən çatışmazlıqları da mövcuddur. Əvvəla, bu mümkün riskləri aradan qaldırmaq üçün uzun bir inkişaf dövrü tələb edən yüksək dərəcəli bir yenilikdir. Bundan əlavə, operatorun nəzarəti altında olan kompleksin çalışması üçün sabit radio rabitəsi tələb olunur, yəni düşmənin radioelektron mübarizəsi burada ciddi bir təhlükəyə çevrilir. RTK-nın düşmən atəşi ilə məhv edilməsi həm onun özünün və daşıdığı silah-sursatın itirilməsinə, həm də bölmələrin gözlənilən atəş dəstəyindən məhrum olaraq çətin vəziyyətə düşməsi ilə nəticələnə bilər.

Bütün bunlara baxmayaraq, bəzi texniki məsələləri etməklə "Mission Master" robot kompleksinin istənilən konfiqurasiyasının tətbiqinin düzgün təşkili, müxtəlif hərbi vəzifələrin yerinə yetirilməsinə mühüm töhfələr verə bilər. Bu isə "Rheinmetall" şirkətinin modul kompleksinin müştərilər üçün maraqlı olacağını və seriya istehsalına girəcəyini göstərir.
Hazırda müqavilələrin olmaması problem hesab edilə bilməz. İndiki şəraitdə şirkət bütün təcrübə işlərini tələsmədən həyata keçirmək və bazara hərtərəfli hazır hərbi məhsul təqdim etmək imkanı əldə edib. Bundan əlavə, modul robot kompleksi ideyasının daha da inkişaf etdirilərək gələcəkdə "Mission Master" vasitəsinin digər vəzifə və əməliyyatlar üçün yeni variantları meydana çıxa bilər. Nəticədə isə gələcək müştəri daha geniş imkanlara malik müxtəlif robot kompleksləri əldə edə bilər.
Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az