Azərbaycanda tikiləcək Atom Elektrik Stansiyası Ermənistanı niyə təşvişə salır? - ANALİZ

2019/11/West--3147428898.jpg
Oxunub: 3327     10:36     14 Noyabr 2019    
Gələcək üçün enerji tədarükü…

Artıq bir neçə ildir energetika sisteminin generasiya gücünü 7105 meqavata çatdıran Azərbaycan yaxn gələcək üçün öz enerji təminatının dayanıqlılığını möhkəmləndirmək məqsədilə ölkə ərazisində Atom Elektrik Stansiyasının inşası barədə yerli elm mərkəzləri və xarici mütəxəssislərlə müzakirələr aparır. Hazırda ölkədə elektrik enerjisi istehsal edən 32 stansiya var. Bunlardan 15-i İstilik Elektrik Stansiyası (İES), 17-si isə Su Elektrik Stansiyasıdır (SES). Bu isə Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsinə səbəb olub. Bununla yanaşı, gələcəkdə ümumi istehsal həcmi 2400 meqavata bərabər olan bir neçə elektrik stansiysının inşası da proqramlaşdırlır.

Karbohidrogen xammal ehtiyatlarının tükənmə ehtimalı bu gün dünyaya enerji ixrac edən, həmçinin enerji idxal edən dövlətləri düşündürməyə başlayıb… Hərçənd, beynəlxalq aləm hazırda alternativ enerji mənbələrinin yaradılması və inkişaf etdirilməsi üzərində daha çox baş sındırır.

Görünən odur ki, yaxın 50-ildən sonra təbii enerji resursları elektrik enerjisinə olan tələbatı ödəməyə yetərli olmayacaq. Çünki dünyada baş verən ekoloji proseslər karbohidrogen ehtiyatlarının azalmasına, iqlim dəyişikliklərinə, çayların bolsululuğuna mənfi təsir göstərir və daha əlverişli olan Su Elektrik Stansiyalarının fəaliyyəti üçün münbit imkanlar azalmağa başlayır. Bu üzdən də, Azərbaycan özünün gələcək enerji sərfiyyatını qarşılamaq və enerji ixracatı üçün bu istiqamətdə əlverişli strategiya qurmalıdır. Alimlər və ekspertlər elektrik enerjisi sahəsində vəziyyəti optimallaşdırmaq üçün ən münasib variantlardan biri kimi Atom Elektrik Stansiyalarının inşası təklifi ilə çıxış edirlər.

Nüvə texnologiyası sahəsində revanş

Enerji istehsalçısı olan bir dövlət kimi Azərbaycan da bu yöndə müəyyən qədər maraqlıdır və enerjinin alternativ mənbələrinin mənimsənilməsi üçün texnologiyaların tətbiqini aktivləşdirmək istiqamətində addım atmaq niyyətindədir. Elə bu baxımdan da, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı.

Bu həm də, ölkədə nüvə texnologiyalarının inkişafı istiqamətində atılan ilk addım və yaxın gələcəkdə təcrübi nüvə reaktorunun inşasına təkan verəcək amil idi.

Təbii ki, elmi-texniki proseslərin inkişafından doğan zərurət çərçivəsində Azərbaycanda Atom Elektrik Stansiyasının inşa olunmasına dair təkliflərin mövcudluğu və bu mövzuda aparılan müzakirələr hazırda Gürcüstan və İrana elektrik enerjisi ixrac edən Ermənistanı düşündürməyə bilməz. Çünki Metsamor Atom Elektrik Stansiyasına malik olan rəsmi İrəvan artıq neçə illərdir ki, bu enerji mənbəyinin bağlanması üçün həm dünya ölkələrinin, həm də beynəlxalq təşkilatların ciddi təzyiqləri ilə üz-üzədir.

Yer kürəsində karbohidrogen xammalının azalması və hasilat zamanı meydana gələn ekoloji itkilər yaxın gələcəkdə enerji qıtlığının konturlarını cızmağa başlayıb. Sözsüz ki, kömürə, mazuta və qaza alternativ su elektrik stansiyaları (SES), o cümlədən günəş, külək və ya başqa termal mənbələrdən istifadə sahəsində müəyyən nailiyyətlər mövcuddur. Amma bu enerji mənbələrinin gələcək tələbatı ödəmək üçün kifayət edəcəyi şübhə altındadır.

Regionda nüvə enerjisi “müharibə”si…

Məhz, qeyd edilən səbəblərə görə, Cənubi Qafqaz regionunda ən əsas enerji ixracatçısı olan Azərbaycan gələcəkdə nüvə enerjisi istehsalına maraq göstərməyə başlayıb. Baxmayaraq ki, yaxın keçmişdə İranın Buşehr şəhərində AES istismara verildi, Türkiyədə isə Mersin əyalətində "Akkuyu" ilk atom stansiyasının tikintisinə başlanıb. Amma bütün bunlara rəğmən, region ölkələrinin gələcəkdə eletrik enerjisinə tələbatını ödəmək o qədər asan başa gəlməyəcək.

Azərbaycan çoxdandır ki, elektrik enerjisinin alınması, eləcə də elmi məqsədlərlə sülh atomundan istifadə imkanlarını öyrənir. Ölkədə atom energetikası obyektlərinin lokallaşdırılmasına dair fikirlər ilk dəfə 70-ci illərin ortalarında-ittifaq dövlətləri zamanında ortaya atılıb. 1980-ci ildə isə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai qəsəbəsində layihə gücü, təxminən, 1000 MVt olan AES-nin təməlinin qoyulmasına başlanılıb. Bu stansiyanın inşası üçün yerin seçilməsi respublikanın cənub regionunun sənaye potensialının genişləndirilməsi planları ilə uzlaşdırılmaqla yanaşı, həm də seysmik cəhətdən əlverişli zonada yerləşməsi ilə izah edilirdi. Amma bu layihənin reallaşdırılması hansısa səbəbdən ləngidi və Çernobıl qəzasından sonra tamamilə donduruldu.

Zaman-zaman mahiyyətini dəyişən enerji resursları

Dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan hökuməti elektrik enerjisi istehsalatının əsas xətti kimi iri buxar-qaz və modul elektrik stansiyalarının qurulmasına üstünlük verdi. Çünki ölkədə iri təbii qaz ehtiyatının olması bu İES-ləri yanacaqla təmin etməyə qadir idi. Digər strateji istiqamət kimi kiçik bənd və arx (derivasiya) tipli SES-lərin də tikintisi daxil olmaqla, hidroenergetikanın inkişafına daha çox üstünlük verildi. Son vaxtlar ölkədə günəş və külək enerjisi sahəsində də layihələrin icrasına başlandı. Lakin hesablamalara görə, hətta alternativ enerji sahəsində bütün mövcud resursların istifadə olunması bir neçə onillikdən sonra elektrik enerjisinin ümumi generasiyasını 20%-dən artıq təmin edə bilməyəcək.

Bununla da, karbohidrogen xammalı ehtiyatlarının məhdudluğunu nəzərə alsaq, perspektivdə klassik İES-ə alternativ olan yeganə enerji mənbəyinin nüvə enerjisi olacağını deməyə əsas verir. Sözsüz ki, söhbət nisbətən uzaq gələcəkdən gedir. Lakin artıq bu gün ölkə rəhbərliyi atom texnologiyalarının gələcək əsasının qoyulması üçün ilkin şərt yaradan, texnoloji, tədqiqat və kadr potensialının formalaşdırılmasına xeyli vəsait qoymağa hazırlaşır.

Sülh atomuna aparan ilk addım…

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin yaradılması nüvə enerjisi əldə etmək üçün təməlin formalaşdırılması sahəsində, nüvə texnologiyasından dinc məqsədlərlə istifadəyə yardım əhəmiyyəti daşısa da, bu, hazırda bölgədə yeganə nüvə enerjisi istehsalçısı olan Ermənistanı ciddi narahat etməyə başladı.

Çünki Azərbaycanda Atom Elektrik Stansiyasının inşa olunması reallaşarsa, bu rəsmi Bakının enerji təhlükəsizliyi sahəsində əhəmiyyətini dəfələrlə artıracaq, bu sahə üzrə beynəlxalq təşkilatlarla daha etibarlı əməkdşalığını təmin edəcək, Ermənistanın Azərbaycanla müqayisədə daha dərin kölgədə qalmasına xidmət göstərəcək. Digər tərəfdən də, yeni qurulacaq AES-in inşasının, Ermənistanın ən böyük hamisi olan Rusiyanın dövlət şirkəti olan “Rosatom” tərəfindən həyata keçirəcəyi ilə bağlı fikirlər rəsmi İrəvanı ciddi qorxuya salır. Əgər bu layihə Rusiya şirkəti tərəfindən reallaşdırılsa, bu o deməkdir ki, rəsmi Moskvanın Azərbaycanla iqtisadi, hərbi əməkdaşlığı genişlənəcək, həmçinin strateji əhəmiyyətli geopolitik məsələlərdə tərəfdaşlığı daha da möhkəmlənəcək.

Azərbaycanda AES-in inşası üçün hətta Rusiya tərəfinin lazım olan miqdarda rəsmi Bakıya kredit ayıra biləcəyi ilə bağlı səsləndirdiyi təkliflər bunu deməyə əsas verir ki, dünyanın ən böyük nüvə yanacağı ixracatçısı olan Rusiya cənub qonşusuna böyük etimad göstərir və Azərbaycanla iqtisadi-hərbi əməkdaşlığını bundan sonra da ən yüksək səviyyədə davam etdirmək fikrindədir.
Sülhə keşik çəkən layihə…

Hadisələrin bu istiqamətdə inkişafı təbii ki, Ermənistan rəhbərliyini düşündürməmiş deyil. Burada söhbət təkcə AES-in inşasından və istifadəyə verilməsindən, həmçinin iqtisadi əlaqələrdən getmir.

Əgər sözügedən stansiya Rusiya tərəfindən inşa edilərsə, bu, həm də rəsmi Moskvanın Bakı ilə hərbi sahədə də əməkdaşlığının daha möhkəmlənməsinə xidmət edəcək. AES istismara verildikdən sonra onun təhlükəsizliyini təmin etmək, istənilən hava hücumundan etibarlı şəkildə qorumaq məsələsi aktuallaşacaq. Belə olan halda da, Azərbaycan tərəfi bu işin böyük bir hissəsini Rusiya ilə mövcud hərbi əməkdaşlığı çərçivəsində quracaq. Daha konkret desək, stansiyanın mühafizəsi, onun təhlükəsizlik məsələləri və hava hücumundan müdafiəsi üçün gərək olan HHM sistemləri, həmçinin digər zəruri silah komplekslərini əldə etməkdən ötrü uzağa getmək lazım olmayacaq. Bu sahədə kifəyət qədər ixtisaslaşmış rus hərbi sənayesinə məxsus məhsulların qısa zamanda idxalı asanlaşacaq.

Eyni zamanda, nüvə enerjisi sahəsində azərbaycanlı kadrların yetişdirilməsi istiqamətində rusiyalı alim və mütəxəssilərin bilik və təcrübəsi işə yarayacaq. Deməli, Azərbaycanda nüvə texnologiyalarının elmi cəhətdən inkişafında Rusiyanın rolu qaçılmaz olacaq. Eyni zamanda elmi-təcrübi əlaqələrin genişlənməsi, Azərbaycanda nüvə texnologiyaları üzrə istisaslaşmış çoxsaylı qurum və instutların yaranmasına gətirib çıxaracaq. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində bunu da xüsusi amil kimi saysaq, Moskva və Bakının tərəfdaşlığında meydana gələn növbəti bir strateji nöqtə rəsmi İrəvan üçün daha bir xoşagəlməz hala çevriləcək. Dəyəri milyardlarla dollar civarında olan stansiyanın inşası üçün təxminən 7 ilə yaxın vaxt sərf ediləcək. Bu zaman kəsiyi iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq üçün az müddət hesab olunmur.

İlk reaktor… Atom stansiyasının təməli

Xatırladaq ki, Azərbaycanda tammiqyaslı AES-dən fərqli olaraq, əvvəlcə tədqiqat nüvə reaktorunun inşası nəzərdə tutulur və müəyyən proseslərdən sonra stansiyanın tam tikintisi haqda fikirlər mövcuddur. İnşası planlaşdırılan bu cür müasir reaktorların gücü orta hesabla, onlarla meqavat təşkil edir, həm də, 11-12 ballıq güclü zəlzələlər zamanı konstruktiv möhkəmliyini saxlayır. Bundan başqa, tullantıların istifadə olunmamasını Beynəlxalq Atom Agentliyinin mütəxəssisləri təmin edir.

Azərbaycanda tikilməsi nəzərdə tutulan reaktor bu sahə üzrə aparıcı beynəlxalq profilli şirkətlərin də diqqətini çəkib. Belə ki, nüvə avadanlığı sahəsində tanınmış Fransa şirkətləri "Areva" və "VINCI Construction Grands Projects" tədqiqat reaktorunun tikintisi və mərkəzin təchiz edilməsində öz xidmətlərini təklif ediblər.

Nüvə texnologiyaları sahəsində indiyədək 47 irimiqyaslı layihə reallaşdıran "VINCI Construction Grands Projects" şirkəti hazırda bu sahə üzrə dünyadakı ən böyük beş strukturdan biridir. Beynəlxalq səviyyəli şirkətlərlə əməkdaşlıq sahəsində əldə olunacaq razılşmalar da Azərbaycanın dünyanın iqtisadi arenasında mövqeyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olacaq. Bu da, Ermənistanı narahat edəcək başqa bir fakt kimi dəyərləndirilə bilər.

Ucuz elektrik enerjisinin istehsalı üçün nüvə texnologiyasından istifadə edilməsi ideyası, gələcəkdə istər Azərbaycan, istərsə də dünyanın digər ölkələri üçün aktuallığını qoruyub saxlayır.

Partlayacağı günü gözləyən “Saatlı bomba”…

Xatırladaq ki, hazırda ərazisində köhnə və istifadəsi təhlükəli sayılan Atom Elektrik stansiyası olan Ermənistan məhz buna görə dünyanın ən riskli zonası hesab edilir. 1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnən Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr aralıda qeydə alınmışdı. Bu zəlzələdən sonra ciddi zərər görən stansiya təhlükəli vəziyyətdə olsa da 3 ay müddətində istismar edilmişdi. O vaxt yerli əhalinin təzyiqlərindən sonra və Sovet hakimiyyətinin təhlükəsizliklə bağlı narahatlığından irəli gələrək AES-in fəaliyyəti dayandırıldı. Ancaq Ermənistanın elektrik enerjisinə ehtiyacının 40 faizini təmin edən stansiyanın dayandırılması ölkədə enerji böhranın meydana gəlməsi ilə nəticələndi. Bu isə təbii enerji resurslarının qıt olduğu bir ölkə üçün sosial- iqtisadi tənəzzülə səbəb oldu.

Beynəlxalq tənqid və təzyiqlərə baxmayaraq, Ermənistan böhrandan çıxmaq üçün “Metsamor”u yenidən işə saldı. 1995-ci ildən etibarən elmi və iqtisadi sferalarda “Saatlı bomba” status alan bu stansiya yenidən enerji istehsalına başladı.

Ermənistanın şantaj makinası - Metsamor

Stansiyanın bağlanmasını nəinki region, hətta bütün dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli sayan Avropa İttifaqı “Metsamor” AES-in həmişəlik bağlanması üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, rəsmi İrəvan bu məbləği çox az hesab etdi. Avropa İttifaqı həmin pulu stansiyanın bağlanacağı təqdirdə Ermənistanın üzləşəcəyi zərərin ödənilməsi və alternativ enerji qaynaqlarının yaradılması üçün nəzərdə tuturdu. Buna baxmayaraq, AES-in ətrafında baş verən proseslərlə bağlı ABŞ Enerji Nazirliyi 18 milyon dollar, Avropa İttifaqı 11 milyon dollar dəyərində Ermənistana maliyyə yardımı verdi. Nüvə tullantılarının depolanması üçün Fransa 40 milyon dollar, İngiltərə isə təhlükəsizlik tədbirlərinə xərcləmək məqsədilə 80 milyon funt-sterlinq ayırmışdı. Bütün bu yardımlar Ermənistanın stansiyanı bağlaması öhdəliyini tezliklə yerinə yetirməsi üçün edilsə də, Ermənistan hökuməti bu miqdarı yetərsiz görərək, 1 milyard avro tələb etmişdi.

1999-cu ildə Brüsseldə Ermənistan hökuməti ilə Avropa İttifaqı arasında Metsamorun 2004-ci ilə qədər bağlanması ilə əlaqədar razılıq əldə olunsa da, rəsmi İrəvan stansiyanın fəaliyyətinin dondurulmasından vaz keçdi. Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olarkən 2004-cü ilə qədər Metsamoru bağlamaq öhdəliyini yerinə yetirmədi. Əksinə, ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək stansiyanın elektrik istehsal gücünü daha da artırdı.

İndiyədək dünyanın bir çox tanınmış diplomatları, nüfuzlu təşkilatları baş verəcək güclü bir zəlzələdə Metsamor AES-in parça-parça olacağını və meydana gələcək nüvə təsirinin regiondakı bütün canlıları yox edəcyini bildirsələr də, Ermənistan verdiyi sözə əməl etmir.

Yenilənə bilməyən köhnə təhlükə mənbəyi…

2004-cü ilin fevralında Avropa Parlamenti Cənubi Qafqaz məruzəsində Metsamorun Bolqarıstandakı Kozludou AES-lə birlikdə Avropanın ən təhlükəli iki stansiyası olduğu bildirilib. Bu stansiya dünyanın müasir standartlarından çox aşağı səviyyədədir. Hətta Metsamor Atom Elektrik Stansiyası Ukraynanın Çernobıl şəhərində faciəvi aqibət yaşayan AES-dən dəfələrlə köhnə və güvənsizdir. Buna baxmayaraq, Ermənistan stansiyada təhlükəsizlik təbdirlərinin artırıldığını bildirsə də, onun Qərb standartları səviyyəsinə gətirilməyəcəyini dəfələrlə etiraf edib.

Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə 9 bal gücündəki zəlzələnin yaşana biləcəyi seysmik bölgədə salınıb. İnşaat işləri zamanı Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da, o vaxtkı bürokratik rejim buna məhəl qoymadı. Metsamor tikiləndə onun 8 ballıq zəlzələyə davamlı olduğu bildirilirdi. Xatırladaq ki, ABŞ və Yaponiya kimi elm və texniki inkişafın sürətlə getdiyi ölkələrdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb.

Tektonik çatlar üzərində ölüm rəqsi

Yalnız dünya ekspertləri deyil, Ermənistanın aparıcı mütəxəssisləri də stansiyanın vəziyyəti ilə bağlı heç də ürəkaçan olmayan proqnozlar verirlər. Erməni alimlərin araşdırmalarına görə, stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan üçü Metsamora daha yaxın məsafədə-biri stansiyadan 34 km, biri 16 km, digəri isə 500 metr aralıda yerləşir.

Şərqlə Qərb arasında dəhliz rolunu oynayan və xüsusi geostrateji əhəmiyyətə malik Cənubi Qafqaz regionunun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat edir. Hərçənd bu region coğrafi baxımından o qədər böyük olmasa da, burada bir neçə dövlət yerləşir. Region ölkələrindən hər hansı birində baş verən fəlakət bu və ya digər formada qonşularından yan keçmir. Məhz bu baxımdan da, Metsamorla bağlı öhdəliklərini yerinə yetirməyən Ermənistanın Qərb dövlətləri ilə münasibətlərində ciddi çatlar meydana gəlir, rəsmi İrəvan Avropa ölkələri tərəfindən etibarsız tərəfdaş kimi tanınır.

Metsamorun isə nəinki müasir standartlara cavab verməməsi, onun həddindən artıq köhnə olması, yeni nəsil AES-lərdən geridə qalması 37 ildir istismar edilən yaşlı reaktorun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də narahat edir. Avropa Şurası Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu ifadə edib. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almır…

Dilənçidən üz çevirən dünya…

2013-cü ildə Ermənistan 1060 MVt gücündə yeni energetik reaktorun tikilməsini planlaşdırsa da, layihə-smeta işləri aparılanda, bu işin 5 milyard dollara başa gələcəyi məlum oldu. Yardım üçün bir neçə dövlətə üz tutulsa da, yalnız Rusiya bu məbləğin 20-25 faizi qədərində kredit verməyə razılaşdı. Bu fakt da sübut etdi ki, bu sahədə heç kim Ermənistanla əməkdaşlıq etmək niyyətində deyil.

Fəaliyyətə başladıqdan indiyədək 5 böyük və 150-dən artıq kiçik qəza baş vermiş, köhnə texnologiyalı və hər an partlamağa hazır olan bu “saatlı bomba” nın nüvə tullantıları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilir. Bununla yanaşı tullantıların xeyli hissəsi Araz və Kür çaylarına axıdılır, bununla da Azərbaycan ərazisinə ötürülür. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur. Bu məsələ 2014-cü il martın 25-də keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri idi. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulandı.

Xatırladaq ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük bir təhlükə ilə üz-üzə qoyacağı qaçılmazdır.

Dövlət səviyyəli növbəti terror və nüvə qaçaqmalçığı…

Bəzi beynəlxalq səviyyəli təşkilatların hesabatlarında yer alan məlumatlara görə, Ermənistan özünün silah sənayesində Metsamorun nüvə tullantıları vasitəsilə “çirkli bomba” hazırlamağa da maraq göstərir. Hətta Ermənistan hərbi rəhbərliyinin vəzifəli şəxsləri ritorika dolu açıqlamalarında Azərbaycanı radioaktiv tullantılardan hazırlanan silahlarla təhdid etməkdən belə çəkinməyib.

Dünyanı narahat edən ən əsas məqamlardan biri də, ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olmasıdır. Bəzi kəşfiyyat məlumatlarına və rəsmi statistikaya görə, ermənilərin radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Təbii ki, qaçaqmalçılıq yolu ilə bu tip materialları ancaq böyük terror təşkilatları almağa maraq göstərə bilər. Deməli, Ermənistan Metsamor AES-I bağlamamaqla, dünyanı onun təhlükəli vəziyyətdə olması ilə yanaşı, həm də radioktiv materialları terror qruplaşmalarına ötürə biləcəyi ilə təhdid edir.

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Rusiya   AES   Metsamor  

Azərbaycanda tikiləcək Atom Elektrik Stansiyası Ermənistanı niyə təşvişə salır? - ANALİZ

2019/11/West--3147428898.jpg
Oxunub: 3328     10:36     14 Noyabr 2019    