Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Aprel Döyüş Əməliyyatları İştirakçıları Birliyi” ictimai təşkilatının sədri, Aprel döyüşlərinin iştirakçısı Razmik Qasparyan deyib.
Qasparyan bəzi hərbçilərin Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasına qarşı imzatoplama fəaliyyətinə başlaması ilə bağlı verilən suala cavabında bildirib ki, bu barədə ilk dəfədir eşidir.
“Mən bu barədə ilk dəfədir eşidirəm. Başa düşdüyüm kimi, bunun siyasi tendensiyası var və bugünkü hakimiyyətə qarşıdır. Bizim siyasətlə heç bir əlaqəmiz yoxdur. Bu məsələdə siyasət var, biz burada yoxuq. Mən bu cür şərh edə bilərəm ki, Ermənistanda 2016-cı ilin aprelində əsgərin cəbhəni necə saxladığını müzakirə edə bilən insanlar yoxdur. Bunu heç kim müzakirə edə bilməz, bunu yalnız sərhədi saxlayan insanlar müzakirə edə bilər. İndi başqa suala cavab verim. Deyirlər ki, güllə və yanacaq olmayıb. Biri mən, Talışda olmuşam, orada belə bir problem olmayıb”, - deyə o bildirib.
Qasparyan, Aprel döyüşləri zamanı erməni hərbi qulluqçuların bellərlə mübarizə aparması xəbərini də təkzib edib.
“Bu, sadəcə absurddur. Əgər azərbaycanlılar dişlərinə qədər silahlanmış vəziyyətdə üzərimizə gəlibsə, ona qarşı necə bellə mübarizə apara bilərsən? Təkrar edirəm, belə bir şey olmayıb, ola da bilməz, bu absurddur. Bir az da siz təsəvvür edin, avtomat, “Peka” və ya daha ağır silaha qarşı bellə mübarizə aparmaq necə mümkündür? Biz Rembo deyilik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az