HHM qüvvələri üçün Türkiyə istehsalı "Turna" hədəf PUA-sı - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/10/f48e7-1571990377.jpg
Oxunub: 11430     16:00     28 Oktyabr 2019    
Azərbaycan Ordusunun silahlanmasında "Turna" tipli çoxməqsədli pilotsuz uçuş aparatlarının istifadəsinə ehtiyac mövcuddur. Bu aparatların silahlanmada mövcudluğu barədə Müdafiə Nazirliyi rəsmi açıqlama verməsə də, həm yerli, həm də xarici KİV-lərdə bu barədə zaman-zaman bəzi məlumatlar dərc edilib.

2010 və 2011-ci illərdə istehsalçı şirkətin rəhbərliyi Azərbaycan heyətinin şirkətə gəldiyini və müəyyən təkliflər irəli sürdüyünü bildirsə də, bununla bağlı konkret müqavilə imzalanmasını təkzib edib.


2012-ci ilin fevralı 8-də Rusiyanın hərbi yönümlü nüfuzlu dərgilərindən biri "Turna" PUA-sı istehsal edən TAI şirkəti ilə Azərbaycan arasında bu aparatların alınması və operatorların Türkiyədə professional hazırlıq keçməsi barədə müqavilə imzalandığını bildirdi. Burada qanunauyğunsuzluq yoxdur, çünki müqavilənin imzalanması tarixi, rəsmi təkzib bəyanatından sonraya təsadüf edir. Əslində hər il qardaş ölkədə onlarla istehsal edilən "Turna" pilotsuz vasitələrinin Azərbaycanda istismar edilməməsi təəccüblü qarşılanmalı idi.

Azərbaycanın HHQ və HHM qoşunlarının döyüş atışlı təlimlərində hədəf kimi istifadə üçün bu tip PUA-lara daim tələbat olub və indi də mövcuddur. Lakin onların ictimaiyyətə təqdim edilməməsi, "Turna" pilotsuz vasitələrinin Ordumuzda istifadəsi barədə qəti fikir söyləməyə imkan vermir, lakin bunu istisna etmək də doğru deyil. Çünki əgər tələbat varsa, deməli hansısa PUA-ların alınması da mümkündür. Çünki hədəf PUA-lar olmadan ZRK heyətlərinin və aviasiya vaitələrinin pilotlarının döyüş şəraitinə maksimum yaxın vəziyyətdə atəş imkanlarını qiymətləndirmək mümkün deyil.


2018-ci ilin iyulunda isə "Türk Savunma Sənayesi"nin saytında Azərbaycanda istifadə edilən Türkiyə silahlarının siyahısında "Turna" tipli çoxməqsədli pilotsuz uçuş aparatlarının adı və ona aid olan bir ədəd foto yerləşdirildi.

Əgər başqa tip hədəf PUA-ları haqqında ümumiyyətlə məlumat yoxdursa və bu aparatların Orduda olması vacib şərtdirsə, mətbuatda isə yalnız "Turna" pilotsuz uçuş aparatları ətrafında müzakirələr gedirsə, deməli adı çəkilən vasitələrin alınması ehtimalı daha yüksək olmalıdır. Lakin bütün bunlar heç zaman rəsmən təsdiq edilmədiyi üçün hələlik arzuolunan ehtimal olaraq qalır. Çünki kifayət qədər sürətə və manevr imkanlarına malik olmayan hədəflərə atəş açmaq, zenit raket və aviasiya bölmələri üçün məqbul hesab edilə bilməz. Bütün bunlara baxmayaraq, bu yazıda oxuculara məhz "Turna" pilotsuz uçuş aparatları və onların imkanları barədə məlumat veriləcək. Bu vasitələr Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilib.

TUSAŞ haqqında

TUSAŞ (Türkiyə Təyyarə Sənayesi Anonim Ortaq Şirkəti) 28 iyun 1973-cü il tarixində Türkiyənin Sənaye və Texnologiya Nazirliyi nəzdində ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq məqsədi ilə yaradılıb.


Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinə olan ehtiyacının ödənilməsi, F-16 təyyarələrinin istehsalı, istifadə edilməsi, sistemlərin təyyarələrə inteqrasiyası və uçuş sınaqlarının keçirilməsi məqsədilə 1984-cü ildə TUSAŞ bazasında 25 il müddətinə ABŞ və Türkiyənin ortaq Aviasiya və Kosmik Sənaye Anonim Şirkəti TAI yaradıldı.

2005-ci ildə 25 illik proses başa çatmazdan əvvəl, TAI-nin xarici səhmləri türkiyəli səhmdarlar tərəfindən alındı və şirkət yenidən quruldu. Bu çərçivədə TAI və TUSAŞ birləşərək fəaliyyətlərini daha da genişləndirdi, aviasiya və kosmik sənaye sistemlərinin inkişaf etdirilməsi, modernləşdirilməsi, istehsalı, sistem inteqrasiyası və xidmət dövründə texniki dəstək proseslərində Türkiyənin texnologiya mərkəzinə çevrildi. TUSAŞ-ın 54.59 %-i Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Dərnəyinə, 45.45 %-i Türkiyə Müdafiə Sənayesi Başkanlığına, 0.06 %-i isə Türk Hava Təşkilatına aiddir.


TUSAŞ aerokosmik sənayedə ilk yüzlüyə daxil olan qlobal oyunçulardan biridir. Şirkət 6 strateji qrupdan ibarətdir:

- Struktur Qrupu;
- Təyyarə Qrupu;
- Helikopter Qrupu;
- Pilotsuz Aviasiya Sistemləri Qrupu;
- Kosmik Sistemlər Qrupu;
- Milli Döyüş Təyyarəsi Qrupu.


Bundan əlavə, TUSAŞ tərəfindən hazırlanan/istehsal olunan bütün məhsullara inteqrasiya və logistika dəstəyi xidmətləri də təqdim olunur. Şirkətin əsas məqsədlərindən biri aviasiya və kosmik sahədə beynəlxalq təhlükəsizlik ehtiyaclarına cavab verən məhsullar istehsal edərək milli sənayenin inkişafına dəstək verməkdən, əsas hədəfi isə orijinal məhsulları ilə qlobal rəqabət gücünə malik qlobal aviasiya və kosmik şirkəti olmaqdan ibarətdir.

"Turna" PUA-sının təyinatı, quruluşu

"Turna" 1996-cı ildə "Türkiyə Aerokosmik Sənaye" (TAI) şirkəti tərəfindən hazırlanan hərbi təyinatlı çoxməqsədli pilotsuz uçuş aparatıdır.


Türkiyənin aerokosmik texnologiyalar sahəsinin mütəxəssisləri "Turna" modelinin dizaynına ötən əsrin 90-cı illərinin ilk yarısında başlayıblar. Əvvəlcə pilotsuz uçuş aparatı sırf elmi maraq xarakteri daşıyırdı, lakin model olduqca uğurlu olduğu üçün sonradan pilotsuz vasitə təkmilləşdirildi və 2000-ci illərdən etibarən hərbi təyinatlı kəşfiyyat PUA-sı kimi istifadə olunmağa başladı.

"Turna" pilotsuz vasitəsinin ilk uçuşu 1996-cı ildə baş tutdu, lakin bütün sınaq və yoxlamaların uğurlu olmasına baxmayaraq layihə rədd edildi, lakin 1997-ci ildə Türkiyə hərbi komandanlığının nümayəndələri pilotsuz aparata yenidən maraq göstərdilər.

Onlar "Turna"nın potensial perspektivlərini nəzərə alaraq onun dizaynını və texniki xüsusiyyətlərini yaxşılaşdırmaqla istehsalını təmin etməyi təklif etdilər.

İlkin mərhələdə "Turna" pilotsuz vasitəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən kəşfiyyat PUA-sı kimi istifadə edildi, lakin sonradan təkmilləşdirildi və yeni zenit silahlarının sınanması üçün pilotsuz hədəf kimi istifadə edilməyə başlandı.


"Turna" nisbətən kiçik füzelyaj ölçülərinə malikdir, uzunluğu 2.6 metr olan PUA-nın qanaq açılımı 2.7 metrdir, lakin buna baxmayaraq pilotsuz vasitə dartı qüvvəsi 28 kVt olan və 330 km/saat maksimum uçuş sürətini təmin edən və istismar şərtlərinə tam uyğun gələn güclü turbopərli mühərriklə təchiz edilir.

Müştərinin ehtiyaclarına uyğun olaraq, hazırlanan PUA düşmən təyyarələri və raketləri təqlid etmək imkanı ilə bərabər, yüksək sürət və manevr, asan istifadə, aşağı missiya riski və modulyar konstruksiyaya malikdir.

2001-ci ildə Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının silahlanmasına daxil olan "Turna" PUA-ları hava hücumundan müdafiə bölmələrinin təlimlərində fəal istifadə olunur.

Yerüstü İdarəetmə Stansiyası ilə tam avtonom uçuş həyata keçirə bilən PUA 255 ədəd əvvəlcədən proqramlaşdırılan vəzifə nöqtəsini yadda saxlayır, tanıyır və uçuş zamanı onların dəyişdirilməsinə imkan verir. PUA katapult tipli qurğudan buraxılır, bu isə onun qalxma məsafəsini qısaldılır və hər yerdə istifadəsinə imkan verir. PUA dəniz platformasından buraxıla və ya buraya da enə bilər. Enməsi üçün qaz partlaması ilə çalışan paraşütdən istifadə olunur.

MIL-STD-810F və MIL-STD-461 hərbi standartlarına uyğundur və NATO-nun NSN standartlarına uyğun kodlaşdırılır.


Daşıdığı faydalı yüklər və funksiyaları:

- Yaddaş və Qeydiyyat Sistemi;
- İdarəetmə kanalı;
- Termal istilik mənbəyi;
- Radar izlərinin gücləndiricisi;
- Əvvəlcədən müəyyən edilən əraziyə qayıtmaq və ya təcili enmə üçün avtomatik rejim;
- EMI/EMC ilə qorunan konteyner/mobil nəqliyyat vasitəsi/portativ Yerüstü İdarəetmə Stansiyası ilə vəzifələrin planlaşdırılması və idarəedilməsi;
- Real zamanda şifrələmə ilə rəqəmsal uçuş məlumat telemetriyasının yaddaşa yazılması və sonradan nümayiş etdirilməsi;
- Rəqəmsal xəritələrin avtomatik tanınması;
- "Turna" pilotsuz uçuş aparatı iki versiyada istehsal edilib:
- "Turna S" - standart versiyada;
- "Turna G" - inkişaf etdirilən versiyada.


Texniki uçuş xüsusiyyətləri

Qabaqcıl kompozit texnologiyalara əsasən istehsal olunan "Turna S" standart hədəf PUA-sı TEI tərəfindən hazırlanan TP38 turbopərli mühərrik ilə maksimum dəqiqədə 6500 dəfə fırlanma sürətinə və 28 kVt gücə malikdir.


Havada qalma müddəti: 90 dəq;
Uzunluğu: 2.6 m;
Qanad açılımı: 2.7 m;
Hündürlüyü: 0.57 m;
Maksimum uçuş kütləsi: 70 kq;
Kreyser sürəti: 250 km/saat;
Maksimal uçuş sürəti: 330 km/saat;
Maksimum uçuş məsafəsi: 50 km;
Maksimum uçuş hündürlüyü: 3700 m;
Təyyarə mühərrikinin növü: turbopərli;
Mühhərrik gücü: 28 kVt.


Standart versiyanın inkişaf etdirilən "Turna G" modeli isə döyüş atışlarının nəticələrini izləmək və ya hədəf kimi istifadə üçün nəzərdə tutulur. TUSAŞ tərəfindən hazırlanan PUA-da 38 at gücünə malik "Wankel" mühərrikindən istifadə edilir.

"Turna G" PUA-sının faydalı yükləri arasında IR (infraqırmızı) raketlər, yayınma tüstü sensoru, tüstü, radiopelenq (istiqaməti təyin etmək üçün) gücləndirici, konus tipli hədəf daxildir.


Məlumatların ötürülməsi real zamanda və telemetriya rejimində çalışır. İdarəetmə/izləmə sistemi isə tam avtonomdur, marşrut nöqtələri və GPS boyunca naviqasiyanı, katapultdan qalxmanı, paraşütlə enməni təmin edir. PUA üçbucağlı qanadları və V-şəkilli quyruq hissəyə malik olmaqla kompozit materiallardan hazırlanır. Porşenli mühərrikin enerji təchizatı təkrar doldurulan batareyalar hesabına həyata keçirilir.

Havada qalma müddəti: 90 dəq;
Uzunluğu: 2.6 m;
Qanad açılımı: 2.7 m;
Hündürlüyü: 0.57 m;
Maksimum uçuş kütləsi: 55 kq;
Daşınan faydalı yükün kütləsi: 5 kq;
Mühhərrik gücü: 38 a.g;
Maksimal uçuş sürəti: 350 km/saat;
Maksimum uçuş hündürlüyü: 3660 m;
Təyyarə mühərrikinin növü: turbopərli.



Maksimum uçuş məsafəsi haqqında açıq mənbələrdə məlumata rast gəlinmir. Burada göstərilməyən digər xüsusiyyət göstəricilərinin də standart versiyadan ciddi fərqlənmədiyi ehtimal edilir, çünki onların əsas kütlə və mühərik imkanları da bir-birinə qismən uyğun gəlir.

"Turna" analoqları

1983-cü ildə Böyük Britaniyanın "Meggitt Defence Systems" şirkəti tərəfindən hazırlanan "Meggitt BTT-3 Banshee" hərbi təyinatlı pilotsuz uçuş aparatları "Turna" PUA-larının sələfi hesab edilir. 1984-cü ildən bəri bu modelin 5000-dən çox təyyarəsi bu günə qədər aktiv şəkildə istifadə olunmaqda davam edir. "Meggitt BTT-3 Banshee" PUA-sı 200 km/saat sürətə və 38 at gücünə malik Norton P73 "Wankel" markalı iki silindrli, hava ilə soyudulan mühərriklə təchiz edilir. İngilis PUA-sının havada maksimum qalma müddəti 75 dəqiqədir. Təxminən 10 sm qabarit ölçüləri ilə fərqə və oxşar dizayna malik olan PUA-ların türk baza versiyası, turbopərli mühərikinin göstəricilərinə görə daha yüksək havada qalma və uçuş xüsusiyyətləri nümayiş etdirir.



"Meggitt BTT-3 Banshee" PUA-ları 3 versiyada istehsal ediliib:
"Meggitt BTT-3 Banshee 300" - standart versiyada;
"Meggitt BTT-3 Banshee 400" - modernləşdirilən versiyada - (2001-ci ildə hazırlanıb);
"Meggitt Jet Banshee" - reaktiv versiyada.

Mənbələr:

https://www.tusas.com.tr/kurumsal/hakkimizda
http://avia.pro/blog/tai-turna-tehnicheskie-harakteristiki-foto
http://www.millisavunma.com/simsek-ve-turna-hedef-ucak-sistemleri/
https://youtu.be/9gINUH2ehH0
http://avia.pro/blog/tai-turna-tehnicheskie-harakteristiki-foto


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Turna   TUSAŞ   TAI  


Bizi "telegram"da izləyin