Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İran parlamentində etdiyi bir çıxışı zamanı bildirib.
O qeyd edib ki, Suriyada təhlükəsizlik Suriyanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi əməliyyatlar yolu ilə təmin edilə bilməz.
“İran İslam Respublikası şübhəsiz regional təhlükəsizliyin iki prinsipə riayət etməklə mümkün olduğuna inanır. Birincisi, bütün bölgə ölkələrinin suverenliyinə, Suriyanın ərazi bütövlüyünə və ikincisi, kürd qardaşlarımız da daxil olmaqla bütün bölgə sakinlərinin hüquqlarına hörmət”, - deyə o qeyd edib.
Zərif bu cür hərəkətlərin Suriyanın ərazi suverenliyini pozacağını iddia edərək, Suriyadakı hər hansı bir hərbi əməliyyata qarşı Türkiyəyə xəbərdarlıq edib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov da ötən həftə bu məsələlərin Türkiyə ilə Suriya arasında razılaşma yolu ilə həll edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti indiyədək lazımi nəticə əldə olunmadığı və gözləməyə vaxt qalmadığı üçün Ankaranın Suriyada Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması məsələsində müstəqil fəaliyyət göstərmək niyyətində olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az