Bu gün gənc zabit B.Əliyev cəbhə xəttində xidmət edən, ömrünü müqəddəs hərb sənətinə bağlayan, Vətəni, torpağı qorumağa və onun uğrunda canından keçməyə hazır olan yüzlərlə peşəkar, vətənpərvər zabitlərimizdən biridir. Hər dəfə ön xətt bölmələrində belə Vətən oğullarının xidmət etdiyini görəndə qürur hissi keçiririk. Düşmənlə üzbəüz mövqelərdə xidmət edən ordumuzun zabit heyəti daim döyüş bacarıqlarını artırır və tabeliklərində olan şəxsi heyəti hər an döyüş əmrinə hazırlayır.
Müsahibim B.Əliyev bizimlə söhbətində hər bir Azərbaycan oğlunun Vətəni müdafiə etməyə, onu yağı düşməndən qorumağa borclu olduğunu dedi: "İllərdir erməni vəhşiləri Vətənimizin sakitliyini pozub. Cəbhə xəttində atəşkəs olmasına baxmayaraq, düşmən tez-tez iriçaplı silahlardan döyüş mövqelərimizi, bəzən yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə tutur.
Buna baxmayaraq, əhali ordumuza güvənərək arxayınlıqla öz şəxsi təsərrüfatlarında gecə-gündüz işləyir. Əhali güclü ordumuza, peşəkar hərbçilərimizə güvənərək təmas xəttinə yaxın məsafədə yerləşən evlərini heç vaxt tərk etməyib. Onlar yaxşı bilirlər ki, gecə-gündüz səngərlərdə Vətənimizin keşiyində cəsarətlə dayanan Murad, Samid, Mübariz, Fərid kimi igid oğullarımızın davamçıları var.
Aprel döyüşlərində xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazan o oğulların yolunu bu gün biz davam etdiririk. Torpaqlarımızın azadlığı uğrunda yenidən döyüşlər başlayarsa, düşmən daha ağır cəzalandırılacaq. Azərbaycan bizim evimizdir. Azərbaycan bizim doğma yurdumuzdur. Biz öz evimizi, elimizi, yurdumuzu qoruyuruq. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda döyüş əmrinə hər birimiz hər an hazırıq".
Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az