Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı “Vahid Ermənistan partiyasının sədri” Vahan Badasyan bildirib.
Ermənistanın sabiq MTX direktoru, Ermənistan Futbol Federasiyasının sədri Artur Vanetsyan işğal altında olan Qarabağda yeparxiyanın 30-cu ildönümündə iştirak edib.
Məlumatı qondarma qurumun “dini lideri” Parqyev Srbazan da təsdiqləyib. O, bildirib ki, Vanetsyanı çoxdan tanıyır, oğlunun dostudur və onu özü dəvət edib.
Vanetsyanın istefası, ondan sonra verilən açıqlamalar və onun Qarabağa səfəri ciddi diqqət çəkən məqamdır. Daha doğrusu Vanetsyan istefa verməyib, o, Paşinyanın tələbi ilə uzaqlaşdırılıb. Hakimiyyət mənsublarının açıqlamalarına görə, onun fəaliyyəti Paşinyanı qane etməyib. Ancaq istefadan sonra müəyyən qarşılıqlı ittihamlar tamamilə başqa məqamlardan xəbər verirdi. Ekspertlər “əks-inqilab” və “xayanət”dən danışırdılar. Bu məqamda Vanetsyanın ilk olaraq Moskvaya, daha sonra Qarabağa səfəri kifayət qədər maraqlı idi.
Badasyan erməni mətbuatına verdiyi açıqlamasında qeyd edib ki, daha heç kim, heç kəsdən heç nə gizlətmir, hamı aydın və şəffaf fəaliyyət göstərir.
Badasyan yeni bir şey deməyəcəyini və həmişə olduğu kimi Qarabağda həmişə əks inqilabi durum olduğunu bildirib. Ümumiyyətlə Paşinyan hakimiyyət dəyişikliyindən sonra, xüsusilə də Qarabağda nəinki “inqilab”ın davam etdirilməsi və “xalq hakimiyyəti”nin qurulması üçün barmağını barmaq üstünə qoymadı, hətta dəyişiklikləri Ermənistanda da möhkəmlədə bilmədi.
Badasyan qeyd edib ki, Paşinyan tam Serj Sarkisyanın ölçüsünə tikilmiş kostyumla hakimiyyətə gəlib.
“Konstitusiya dəyişikliyi üçün heç bir addım atmayıb. Yəni “inqilab ruhu” müşahidə edilmir. Digər tərəfdən Paşinyan kobud kadr siyasəti səhvlərinə yol verir. Məntiqlə yerinə yetirməli olduğu bir sıra addımları atmır. Həmin addımlar sabiq rejimin fəaliyyətinə siyasi qiymət verilməsi, indiki kimi alçaldıcı vəziyyət yox, AİƏT-də layiqli yer tutulması və ya təşkilatdan çıxılmasına dair addımların atılmasından ibarət olmalı idi. İndi Putin hakimiyyət dəyişikliyinin möhkəmlənmədiyi Ermənistana gələcək. Baxın Rusiya yeganə sadiq müttəfiqinin Lars keçid məntəqəsindəki yolunu bağlamaqla, keçmiş rejimə xidmət göstərir. O, AİƏT-in qaz, elektrik şəbəkələrinin özəlləşdirilməsi haqqında müqavilələri əvvəlki hakimiyyət dövründə bağlayıb və indi talançılığı davam etmək istəyir. 1 yanvar tarixindən bir sıra gömrük dəyərləri Rusiya büdcəsinin dolması və Ermənistan büdcəsinin talan edilməsi hesabına artırılacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına məsuliyyət daşıyan Paşinyandır.
“O, yol verdiyi səhvlərlə əks-inqilabçıların ağzına “dil salıb”. Paşinyanın indiki komandası ilə yox, inqilab ərəfəsində onun yanında olanlarla vahid komanda təşkil etməlidir. Çevrəsinə topladığı təcrübəsizlərin, qeyri-peşəkarların hakimiyyət dəyişikliyini möhkəmləndirə bilmirlər”, - deyə Badasyan qeyd edib.
Badasyan əks inqilabçıların baş qaldırmasına yol verilməməsi dedikdə, Artur Vanetsyanı, onun Qarabağa təhlükəli səfərini də nəzərdə tutduğunu qeyd edib. Badasyan əks inqilabçıların dəstək verənlərinin məhz Paşinyan hakimiyyətindən uzaqlaşdırılan şəxslərin ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, Paşinyan olduqca yanlış kadr siyasəti həyata keçirib. Bu gün hakimiyyət daxilində sadiq insanların olmadığını vurğulayıb. Hakimiyyət dəyişikliyi dəstəkçilərinin Paşinyan hakimiyyətində yer almadığını qeyd edib.
“Əksinə, Paşinyan keçmiş sistemin kadrları ilə işləməyə üstünlük verdi. Bunlar Hunan Poğosyan, Valeri Osipyan, həmçinin Artur Vannetsyan kimilər idi. Bu şəxslər keçmiş rejimin yuxusuz mühafizəçiləri idi. Paşinyan niyə bunları yalnız işə götürməklə kifayətlənməyib, həm də xüsusi və əsas komanda silahdaşlarına çevirdi? Məhz bu səhvlərə görə bu gün belə bir vəziyyət yaranıb”, - deyə Badasyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az