“Son bir il yarım ərzində nəinki Ermənistan Baş naziri və Müdafiə Nazirinin ifadələri və hərəkətləri mütəmadi olaraq bir-birinə ziddiyyətli olur, həm də Paşinyanın fərqli açıqlamaları da ziddiyyət təşkil edir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Dördlük Media” şirkətinin baş direktoru Aram Antinyan öz “Facebook” səhifəsində yerləşdirdiyi Paşinyanın xarici siyasətinə, həmçinin Ermənistanın Xarici İşlər və Müdafiə nazirlərinin mübahisəli düşüncələrinə və onların mümkün nəticələrinə toxunan yazısında qeyd edib.
Antinyanın sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin ilk mərhələsində yeni hakimiyyət xarici siyasət məsələlərində dünya ilə üsyankar və qürurlu bir şəkildə danışmağa çalışırdı və bunu çox böyük inamla ictimai ehtiyata malik olmaqları ilə izah edirdilər.
“Bu da azlıq edərək, gerçəklik hissini o qədər itirmişdilər ki, dünyanın ən demokratik ölkəsi olan ABŞ-a demokratiya dərsi verirdilər, hər növ və zövqə görə inqilabların keçirildiyi qoca Avropaya, bizdə baş verənlərlə bağlı inqilabın nə olduğunu izah edirdilər. Sonra, AİƏT və KTMT üzvü olan ölkələrin liderlərini avtoritar adlandırmaqla yanaşı, Paşinyan monarxiyası üslubu ilə onlara qarşı çıxırdılar.
Hətta “Qarabağ müstəqil bir ölkədir” və bir müddət sonra “Qarabağ Ermənistandır, Vəssalam” deməklə bundan irəli gələn bütün fəsadları ilə bərabər xarici siyasət məsələlərində özlərinin fikir və işlərinin alt-üst olmasını yüksək legitimlik adı altında gizlətməyə çalışırdılar. Ancaq bu, danışıqların nəticəsiz qalmasına və ya davam etməsinin mənasız olmasına səbəb ola bilər. Həm də müharibəyə səbəb ola bilər. Bəs, indi mövqelərimiz daha yaxşıdırmı və vaxt bizə işləyirmi?”, - deyə o qeyd edib.
O bildirib ki, bu yaxınlarda Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Paşinyanın avqustun 5-də Xankəndində verdiyi “Qarabağ, Ermənistandır, Vəssalam” ifadəsinə toxunaraq, Azərbaycanın döyüş meydanında Paşinyanla məsələyə aydınlıq gətirmək istədiyini bildirdi və əlavə etdi ki, yaxın gələcəkdə bu gözlənilir.
“Onu xatırladım ki, bu, həmin Paşinyanla çox səmərəli görüşlər keçirən, savadlı İlham Əliyevlə işləyən Zakir Həsənovdur. Onu da xatırladım ki, bu, atəşkəs rejiminin pozulmasını minimuma endirmək üçün operativ vasitələr qoyaraq, Azərbaycan xalqına barışıq çağırışları etməyi planlaşdıran və Qarabağ məsələsinin bütün tərəflərin ürəyincə həll olunacağını söyləyən həmin Paşinyandır.
Bu vəziyyəti son dərəcə təhlükəli hesab etdiyim üçün fürsətdən istifadə edərək xarici siyasətimizə və ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinə qismən toxunmaq istərdim.
Bu gün parlamentin İstintaq Komissiyası Aprel döyüşlərinin detallarını araşdıraraq nəinki sui-qəsdləri, hətta əgər varsa, ilk növbədə ikinci belə döyüşlərin qarşısını almaq üçün yol verilən səhvləri ifşa etmək məqsədindədir. Hakimiyyətimizin Rusiya, Aİ və ya ABŞ qarşısında əvvəlki kimi əyilmiş olmadıqlarına görə qürur duyduqları bir zamanda bu aktual məsələdir.
“Əyilməmiş” ifadəsini isə belə tərcümə edərdim, münasibətlər pis, qeyri-müəyyəndir və daha da pisləşəcək. Məsələn, qərb sərhədimizə nəzarət etdiyini hər dəfə xatırladan Rusiya ilə münasibətlərin nə qədər pis olduğunu isə, Jirayr Sefilyanın Paşinyanla görüşdən sonra sonra xatırladaraq bildirdiyi kimi, Paşinyanın Rusiya ilə yaxın münasibətlər qurmaq və onun rəğbətini qazanmaq üçün bütün cəhdləri faydasız olub, deməsi ilə izah edilir.
Göründüyü kimi, rəğbətini qazanmaq söyləməklə cənab Sefilyan Suriyaya humanitar missiya adı altında bir dəstə göndərməyin macərasını nəzərdə tutub, buna görə əlbəttə ki, Qərb bizi çətin ki, bağışlayar, amma bu başqa bir məsələdir.
İcazə verin, cənab Sefilyana xatırladım ki, super güclərin bizim əsassız “ruh” (Paşinyanın inqilab şüarı olan “Duxov” ifadəsi) şüarımızı bölüşməməsi və əvvəllər “ruh yüksəkliyi” papaqları ilə səhv səs vermiş AŞPA deputatlarının işləmək təcrübəsi olmadığı üçün yaxın əlaqələrin yaradıla bilməməsinə səbəb olması mümkündürmü?
Dünya gündən-günə dəyişir və proseslər çox sürətlə inkişaf edir. Açıq xarici siyasətə alternativ yoxdur. Həmişə aydın xarici siyasət doktrinamız olub.
Levon Ter-Petrosyanın xarici siyasəti yeni müstəqil dövlət tərəfindən mümkün qədər çox beynəlxalq əlaqələrin qurulmasına yönəldilirdi. Robert Köçəryanın xarici siyasəti eyni zamanda Rusiya və Qərblə düzgün münasibətləri qorumağa yönəlirdi. Serj Sarkisyan isə Aİ ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi bağlamaqla ABŞ-ın RF ilə gərgin münasibətləri şəraitində həm də AİƏT üzvü olaraq diplomatik master-klass edə bildi. Seçilən bütün taktika və vektorların imperativ olduğu və bir çox geosiyasi amillərin təsiri altına düşdüyü aydındır.
Paşinyanın bu gün xarici siyasət doktrinası yoxdur. Üstəlik, beynəlxalq proseslərin bu sürəti fonunda Ermənistanın keçmiş xarici siyasətini davam etdirdiyini bəyan edir və bu, sadəcə cəfəngiyatdır. Əlbəttə, bütün bunları başa düşən Xarici İşlər Nazirliyinin “peşəkar” diplomatının ona bunun mümkün olmayan bir yol olduğunu izah etməməsi təəssüf doğurur. Həm də təəssüf ki, hələ də bu savadsızlıq şəraitində işləyir.
Cənab Paşinyan, yəni doğrudanmı düz başa düşürəm ki, bu gərgin vəziyyətdə xarici, amma daha “ruh yüksəkliyi” alternativ yolu ilə siyasətimiz əvvəlkidir? Bunu ABŞ-İran münasibətlərinin gündən-günə pisləşdiyi və ABŞ-ın hər an bu məsələdə mövqe tutmağımızı tələb edə biləcəyi bir vəziyyətdə dəqiqləşdirirəm.
ABŞ hər an İrana zərbə vura bilər və İranın şimalındakı etnik azərbaycanlılar hər an Ermənistanda qaçqın ola bilər. Yaxud daha pis olan halda, Qarabağda “azad edilmiş” bölgələrə məskunlaşdırıla bilər və bizim yox, Qırmızı Xaçın nəzarəti altına düşə bilər. Bu müzakirə üçün mümkün ola biləcək mövzu və məcburi bir ssenaridir. Paşinyan bunu Xarici İşlər Nazirliyində müzakirə edib?
Məncə, xeyr. Bunun əvəzinə, şübhəsiz ki, tərəfdaşlarımızı incitmək və “tuşonka” məsələləri ilə məşğul olub.
Bu “plova” baxmayaraq, biz gözlənilmədən və çox bilmədən hərbi doktrinamızı dəyişdirdiyimizi, sanki inqilabi dövrlər üçün köhnəldiyini və keçmiş olduğunu, bunun içinə hücum elementlərini daxil etdiyimizi bəyan edirik.
Ermənistan Respublikası Silahlı Qüvvələrinin və Qarabağdakı “hərbi birləşməni”nin təcavüzkar hücum taktikasına keçəcəyini söyləyirik. Xatırladım ki, Paşinyanın “sülhə hazır olun” deyir, həmin vaxtda Tonoyan doktrinanı dəyişir. Bununla birlikdə, hücum döyüşü həyata keçirmək üçün hücum edən tərəf 2 qat, dağlıq şəraitdə isə 4 qat keyfiyyət və kəmiyyət üstünlüyünə malik olmalıdır. Tonoyan da bunu bilir, amma bu savadsızlığı bəyan edir.
Dünyadakı əlverişli mövqeyimizi gündən-günə itiririk və müharibənin yenidən başlamayacağına zəmanət yoxdur. Belə olan vəziyyətdə isə həm ölkə daxilində, həm də xaricində Paşinyanın düşünülməmiş addımlarının və bəyanatlarının müharibəyə səbəb olduğu qiymətləndirilə bilər. Döyüşmək və itkilər verməyin nə qədər çətin olduğunu bilirsinizsə, hücum edən rəqibin isə bu addımı atmaq üçün ölkəmizin rəhbərinin buna təhrik etdiyini əsas gətirdiyini izah etməyə ehtiyac duymuram”, - deyə Antinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az