Erməni politoloqdan önəmli etiraflar:
““Müstəqil Qarabağ” ifadəsi yalandır... XXI əsrdə fırıldaq keçmir”

2019/09/Agdam-1568889566.jpg
Oxunub: 22853     15:40     19 Sentyabr 2019    
“Biz isə insanları hər hansı şəkildə aldatmaqla irəli getmək istəyirik. Belə olmur. Diplomatiyanın fırıldaq olması barədə düşüncə çox köhnə və səhv bir yanaşmadır. XXI əsrdə fırıldaq keçmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Sasna Tsrer” partiyasının üzvü, “Mudos Vivendi” analitik mərkəzin direktoru, ekspert Ara Papyan deyib.


Erməni politoloq etiraf edib ki, Qarabağ Ermənistanın nəzarəti altındadır və “müstəqil Qarabağ” ifadəsi sadəcə yalandan ibarətdir.

“Hər kəs bilir ki, Qarabağ Ermənistanın tam nəzarəti altındadır. Bu beynəlxalq anlayışdır. Buna görə də “müstəqil Qarabağ” ifadəsi yalandır. Beynəlxalq hüquqda isə yalan danışmaq asan deyil. Hətta başqa bir problem də var. Məsələn, biz Kosovonun müstəqilliyini tanımamışıq. Bunu əvvəlcədən şərt kimi təyin etmək istəmədiyimiz üçün deyil, sadəcə olaraq Rusiyanın istəmədiyi üçün tanımamışıq. Bu reallıqdır”, - deyə Papyan bildirib.

O qeyd edib ki, erməni hakimiyyəti 25-30 il ərzində öz müqəddəratını təyin etmək barədə danışıb və daha 30 il danışa bilər.

“Amma əminliklə deyə bilərəm ki, bu Qarabağ məsələsinin əsasında baş verəcəksə, bu məsələnin həll yolu yoxdur, çünki məsələn əgər 7 rayonu qaytarsaq və ən yaxşı halda DQMV-yə sahib olmaq qərarına gəlsək, o bölgəni qoruya bilməyəcəyik. Azərbaycanın əhatə etdiyi 4,5 min kv. kilometr ərazini necə qoruya bilərik? Bunu kimsə dərk edir, yoxsa sadəcə kağız imzalamaq kimi baxır və düşünür ki, hər şey yaxşı olacaq?”, - deyə o bildirib.

O vurğulayıb ki, ermənistanlı və qarabağlı ermənilər arasında döyüş də baş verə, fərqli maraqlara sahib ola da bilərlər: “Yəni etnik problem heç bir şey deyil. Qohumlarımla müharibə etmək istəmirəm. Bunu asanlıqla təşkil edə bilərlər, çünki Qarabağ mütəmadi olaraq Ermənistanın başına vurmaq üçün Rusiyanın əlində çox rahat bir alətə çevriləcək. Burada başqa bir problem də var. Bəziləri indi Qarabağın müstəqil olduğunu düşünürsə, məncə belə deyil Qarabağ Ermənistanın bir hissəsidir. Əgər müstəqildirsə, belə olan halda müstəqil ölkənin vətəndaşları Ermənistan pasportunu hansı əsaslarla alırlar?

Müstəqillik Bəyannaməmizin 4-cü bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası ərazisində yaşayan vətəndaşlar Ermənistan Respublikasının vətəndaşlığına malikdirlər. Bu o deməkdir ki, orada da pasport veririksə, vətəndaşlıq üçün fərdi müraciət etmirlərsə, amma de-fakto vətəndaşlıq alırlarsa, bu, onların Ermənisatan vətəndaşı olduğunu tanıdığımız deməkdir. Əks təqdirdə verə bilmərik.

Eyni şey orduya da aiddir. Qarabağ Ermənistan deyilsə, çağırışçını Şengavitdən, Çarbaxdan çağıraraq, Xocavəndə və ya Ağdərəyə xidmət etmək üçün nəyə əsaslanaraq göndəririk? Ya qoşunlarımızı xarici bir ölkəyə apardığınız ikitərəfli dövlətlərarası razılaşma olmalıdır, ya da onu ölkəniz kimi tanımalı və oraya qoşun göndərməlisiniz. Avtomobil nömrələri, universitet təqaüdləri, xəstəxana qiymətləri və s. kimi bu cür nümunələr çoxdur. Bütün bunlar Qarabağın Ermənistan Respublikasının bir hissəsi olduğu üçün baş verir. Əks halda bütün bunlar ola bilməzdi.

Məhkəmənin, cavabdeh tərəf olaraq Qarabağın (qondarma qurum-red.) deyil, Ermənistanın olduğuna dair qərar verdiyi Kəlbəcər ərazisi ilə bağlı “Çıraqovlar Ermənistana qarşı” iddiasına istinad edə bilərəm, çünki məhkəmə aydın şəkildə qərar verdi ki, cavabdeh Ermənistan Respublikasıdır, ona görə ki, onun bütün ərazisi tam nəzarət altındadır. Yəni, bununla bağlı hətta məhkəmə qərarları da var. Biz isə insanları hər hansı şəkildə aldatmaqla irəli getmək istəyirik. Belə olmur. Diplomatiyanın fırıldaq olması barədə düşüncə çox köhnə və səhv bir yanaşmadır. XXI əsrdə fırıldaq keçmir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin