Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Beynəlxalq və Təhlükəsizlik məsələləri üzrə erməni İnstitutunun eksperti Hayk Qabrielyan bildirib.

Türkiyə prezidenti Ərdoğan bəyan edərək bildirib ki, nüvə silahı yaradılması ilə bağlı ölkəsinə qoyulan qadağanı qəbul etmir. O, dünyanın bir sıra ölkələrinin nüvə başlıqlı raketlərə sahib olduğu bir vaxtda onun ölkəsinin buna sahib ola bilməyəcəyinin məntiqsiz olduğunu vurğulayıb.
Qabrielyan sözlərinə görə, ilk növbədə Rusiya prezidenti V.Putin istənilən yolla Ərdoğan hakimiyyəti ilə münasibətlərin saxlanılmasında maraqlıdır.
“İkincisi, Putin NATO-nu parçalama prosesinə başlamaq istəyir. Bu baxımdan ən münasib ölkə Türkiyə hesab edilir. Yəni, Rusiya nüvə silahı texnologiyasını Türkiyəyə, NATO tərketmə şərti ilə verə bilər. Əslində Türkiyə nüvə silahına sahib olduqdan sonra heç NATO-ya ehtiyacı da olmayacaq. Türkiyə bu məqamı bacarıqla istifadə edərək, bəyan edir ki, niyə İsrailin nüvə silahı olmalıdır, Türkiyənin isə yox. Kim deyib ki, mənə nüvə silahına sahib olmaq qadağandır?”, - deyə o qeyd edib.
Qabrielyan bu məsələnin Ermənistana təsirinə toxunarkən vurğulayıb ki, açıq şəkildə nüvə silahlı Türkiyə İrəvan üçün daha təhlükəlidir.
“Buna layiqli cavab, bizim də nüvə silahına sahib olmağımız ola bilərdi, lakin bu çətin realaşa biləcək haldır. Hesab edirəm ki, super güc ölkələrlə, məsələn Almaniya ilə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üzrə məşğul olmasına dair iş aparmaq lazımdır. Ona görə 2016-cı ildə Almaniya məhz “erməni soyqırımı” (qondarma –red.) ilə bağlı baş verənlərə görə özünün qismən günahkar olduğunu etiraf edib. İndi Almaniyadan həmin günahlarının məsuliyyətinin müəyyən qisminin kompensasiyası müqabilində, Ermənistanın təhlükəsizliyi ilə məşğul olmasını tələb etmək olar. Almaniya öz cinayət ortaqlığı həcmində indi bizim təhlükəsizliyimizdə iştirak etməlidir. Bunun müxtəlif tipli texnologiyalar üsulu, yoxsa digər layihələrin maliyyələşdirilməsi yolu ilə baş verməsi isə artıq başqa bir mövzudur. Belə bir tələblə ilk növbədə Diaspora çıxış etməlidir. Daha sonra ikinci mərhələdə Ermənistan oyuna daxil ola bilər”, - deyə erməni şərhçi bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiya və ABŞ arasında gərginlik yaranarkən bacarıqla hərəkət edir.
“Türkiyə və Ərdoğanın şəxsi maraqları üst-üstə düşmədiyi kimi, bir çox hallarda Vladimir Putinin və Rusiyanın maraqları da üst-üstə düşmür. Bir çox ekspertlər bu gün Rusiya-Türkiyə münasibətlərinin deyil, Putin-Ərdoğan münasibətlərinin olduğunu iddia edirlər. Ərdoğan öz administrasiyasının qorunub saxlanmasında ABŞ-a güvənmədiyi halda, Putinin hər cür yardım edəcəyinə güvənir. Putin Türkiyənin NATO-nu tərk etməsinə nail olmağa çalışır. Onun üçün Türkiyəni NATO-dan qoparmaq ideyaya çevrilib. Bu yalnız Türkiyənin nüvə silahına sahib olduğu təqdirdə mümkündür. Moskva nə qədər Türkiyənin rəğbətini qazansa da, başqa cür Türkiyənin NATO-nu tərk edəcəyinə inanmıram.
Bununla yanaşı, Türkiyədə bütün hamı 2023-cü ildə keçiriləcək parlament və prezident seçkilərinə hazırlaşır. Həmin il, yəni 2023-cü ildə Türkiyə Respublikasının 100 illiyi tamam olur. Ərdoğan çox istərdi ki, artıq 2023-cü ildə Türkiyə nüvə silahı olan ölkəyə çevrilsin. Ərdoğan dəfələrlə bəyan edib ki, gələcəkdə yeni Türkiyəyə sahib olacaqlar. Yəqin ki, nüvə silahına sahib olmağı nəzərdə tutur”, - deyə Qabrielyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az