Ermənistan BQ rəisini hansı aqibət gözləyir? – DETALLAR

2019/09/maxre-1567756293.jpg
Oxunub: 25197     14:04     07 Sentyabr 2019    
Ermənistan Baş Hərbi Müfəttişliyin adının dəyişdirilib və indi bu struktur Hərbi Nəzarət Xidməti adı altında Müdafiə Nazirliyinin tərkibində faəliyyət göstərir.

Xəbər verdiyimiz kimi, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan tərəfindən də təsdiqlənib.

Ermənistanda hakimiyyət dəyişikliyindən əvvəl Mikael Harutyunyanın başçılıq etdiyi Ermənistan Baş Hərbi Müfəttişlik Ermənistan prezidentinə tabe bir qurum idi, lakin ötən il baş verən hadisələrdən sonra bu vəzifə Movses Hakobyana həvalə edilib.

Paşinyanın hakimiyyətə gəlməsindən sonra hərbi müfəttişin məsələsi havadan asılı vəziyyətdə qalıb və onun Ermənistan prezidentinə, Baş nazirə tabe olacağı, yoxsa Ermənistan MN nəzdində faəliyyət göstərəcəyi məlum deyildi.

Hovhannisyanın sözlərinə görə, hərbi müfəttişliyin Ermənistan MN-ə birləşdirilməsi qərara alınıb.

Belə çıxır ki, Ermənistan SQ Baş Qərargahının sabiq rəisi Movses Hakobyan bu gün Müdafiə naziri David Tonoyanın tabeliyində işləyir.

Bu yaxınlarda Ermənistan MN-də bu vəzifə ətrafında yayılan daxili söhbətlərin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, Ermənistan MN-də yeni struktur dəyişikliklərinin yeni dalğası başlayıb. Qeyd edilir ki, yeni baş idarələr yaradılır və bundan irəli gələrək yeni struktur dəyişiklikləri olacaq. Yaxın vaxtlarda nazirlikdə həmçinin rəhbər heyət arasında da ciddi kadr dəyişiklikləri, işdən çıxarılma və gözlənilməz təyinatlar ediləcəyi gözlənilir.

Bu dəyişikliklər fonunda Ermənistan MN Baş Qərargah rəisinin müavini Onik Qasparyanın Davtyanı əvəz edəcəyi, Davtyanın isə Hakopyanın yerinə Ermənistan Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsinə təyin olunacağı haqqında şayiələr yayılıb.

Yeri gəlmişkən, Ermənistan SQ Baş Qərargah rəisinin vəzifədən azad edilməsi yalnız nazirlikdə gözlənilən kadr islahatları deyil, həmçinin Davtyanın fəaliyyətinin bir sıra hərbçilər tərəfindən narazılıqla qarşılanması ilə də əlaqədardır. Bu narazılıqlar həm hakimiyyətə, həm də şəxsən Tonoyana məlumdur. Lakin hakimiyyətin Davatyanın dəyişdirilməsi məsələsində bir az gözləməyə üstünlük verdiyi qeyd edilir. Nəyi gözlədikləri isə hələlik məlum deyil.

Davatyan Paşinyanın 2018-ci il 24 may qərarı ilə Ermənistan SQ Baş Qərargah rəisi təyin edilib. 2020-ci ilin may ayının 24-də onun vəzifə səlahiyyətlərinin 2 ili tamam olacaq. Hakimiyyət və MN daxilində müzakirələr zamanı səsləndirilən fikrə görə, Davatyanın 2 ilinin tamam olması və daha sonra azad edilməsinə üstünlük verilir.

Qeyd edilir ki, Ermənistan MN daxilində yayılan şayiələrə əsasən Paşinyan Qasparyanı BQ rəisi təyin etmə məsələsində bir balaca tərəddüd edir. Belə ki, Qasparyan da İcevanlıdır. Paşinyan bu təyinatın həmyerlisinin vəzifəyə təyin edilməsi kimi qəbul olunmasından və kəskin tənqid edilməsindən narahatdır.

Ermənistan SQ Baş Qərargah rəisinin azad edilməsi və Qasparyanın bu vəzifəyə təyinatı haqqında məlumatı dəqiqləşdirmək üçün jurnalistlər Hovhanisyana müraciət etsə də, o, buna cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Paşinyan  


Bizi "telegram"da izləyin