Azərbaycan, Gürcüstan və Türkiyə hərbi təlimləri Ermənistanda ciddi müzakirə olunur
Oxunub: 31339
14:52
04 Sentyabr 2019
“Azərbaycanla Türkiyə arasında bir birinə bağlı geniş iqtisadi, siyasi əlaqələr var. TANAP, Qars-Axalkalaki-Bakı dəmiryolu layihələri mövcuddur. Bu tip üçtərəfli təlimlərin məqsədi nəqliyyat və digər strateji infrastrukturların təhlükəsizliyinin təmin edilməsinə strateji cəhətdən hazırlıqlı olmaqdır”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan məsələləri üzrə erməni mütəxəssis Coni Melikyan deyib.
Sentyabr ayının 2-16 tarixləri arasında Bakıda Azərbaycan-Türkiyə hərbi hava qüvvələrinin birgə taktiki təlimləri keçirilir. Ancaq bu, Azərabyacanda keçiriləcək yeganə hərbi tədbir deyil.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.
Erməni politoloqlar və ekspertlər Ermənistanın 3 qonşu ölkəsi – Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli ittifaqı, onların müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı, bu ittifaqdan irəli gələn risklər və təhdidləri Ermənistanın təhlükəsizliyinə ciddi təhdid hesab edirlər.
Gürcüstan məsələləri üzrə erməni mütəxəssis Coni Melikyan bildirir ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının niyyətini anlamağa çalışmaq lazımdır.
“Azərbaycanla Türkiyə arasında bir birinə bağlı geniş iqtisadi, siyasi əlaqələr var. TANAP, Qars-Axalkalaki-Bakı dəmiryolu layihələri mövcuddur. Bu tip üçtərəfli təlimlərin məqsədi nəqliyyat və digər strateji infrastrukturların təhlükəsizliyinin təmin edilməsinə strateji cəhətdən hazırlıqlı olmaqdır. 2-6 sentyabr tarixlərindəki təlimin məqsədi də məhz budur”, - deyə Melikyan qeyd edib.
O bildirib ki, bu təlimlər infrastukturların qorunmasına yönəlib və ənənəvi keçirilən təlimdir. O, bu təlimlərin hər üç ölkənin maraqlarına cavab verdiyinə görə, heç bir problem yaratmadığını qeyd edib.
“Gürcüstanın NATO-ya üzv olmaq niyyətini də nəzərə alsaq, Türkiyə-Gürcüstan əməkdaşlığına gürcülərin üstünlük verməsini də anlaşılandır”, - deyə politoloq bildirib.
Onun fikrincə, Ermənistan da buna bənzər infrastrukturların, körpülərin, qaz kəmərlərinin müdafiəsi üzrə erməni-gürcü hərbi qarşılıqlı əməkdaşlığı formatı yaradıla bilər. Erməni ekspert buna misal olaraq, Gürcüstan ərazisi ilə keçən qaz kəmərini misal göstərir.
“Gürcüstanın siyasəti birtərəfli deyil, çoxşaxəlidir. Ermənistan da çoxşaxəli siyasət aparması halında Tiflis üçün cəlb edici ola bilər”, - Melikyan vurğulayıb.
O qeyd edib ki, bəlkə belə bir format Gürcüstan tərəfinə təklif edilib.