Bu silahların sırasında müxtəlif Zenit Raket Kompleksləri Silahlı Qüvvələrimizin hərbi arsenalında yer alır. Onlardan biri də hazırda istifadədə olan MTLB tırtıllı zirehli texnikanın üzərində quraşdırılan ZQ 23-2 qurğusudur ki, o da tank bölmələrinin hava hücumundan müdafiəsini təşkil edir.

Silahın taktiki-texniki xüsusiyyətləti və döyüş imkanları barədə bizə Hava Hücumundan Müdafiə bölməsinin komandiri Baş leytenant Coşqun Yunusov məlumat verir.
Baş leytenant Coşqun Yunusov: ZQ 23-2 qurğusu tank bölmələrinin hava hücumundan müdafiəsini təşkil edir. Bu qurğu düşmənin 2500 metr məsafədə, 1500 metr hündürlükdə uçan aviasiya vasitələrini məhv etmək imkanlarına malikdir. ZQ 23-2 qurğusu ilə həm də 2000 metr məsafədə olan düşmənin canlı qüvvəsini və yerüstü hədəflərini məhv etmək mümkündür.

Bu qurğunun çapı 23 mm, məhvetmə məsafəsi 2500 metr, məhvetmə hündürlüyü 1500 metr, atış tepmi dəqiqədə 2000 mərmidir. O, 300 m/san sürətlə hərəkət edən hava hədəflərini məhv edə bilir. ZQ 23-2 qurğusu ilə istənilən hava şəraitində gözlə müşahidə edilən alçaqdan uçan aviasiya vasitələrini, müşahidə və kamikadze xarakterli pilotsuz uçuş aparatlarını məhv mümkündür.
ZQ 23-2 zenit topunun quraşdırıldığı MTLB markalı tırtıllı texnika tam olaraq dolu yanacaq çəni ilə 500 km məsafəni qət edə bilər. Qurğunun kütləsi isə 950 kq-dır. Yüngül zirehli vasitədən hərəkət zamanı da hava hədəflərinə atəşə açmaq mümkündür.

Cümşüd Məmmədov
Ordu.az