Ordu.az xəbər verir ki, Armlur.am saytı da öz növbəsində hadisəni öyrənmək və kiçik jurnalist araşdırması aparmaq qərarına gəlib.
Məlum olduğu kimi, problem “Промтехнологии” konserninin tərkib hissəsini təşkil edən ORSIS rus şirkəti ilə deyil, bu şirkətin Ermənistandakı nümayəndələri ilə bağlı baş verib. Bu şirkəti tapmağa çalışan qəzet əməkdaşları, erməni elektron qeydiyyatında 2017-ci ildə qeydiyyatdan keçən “Orsis Arms” MMC-nin olduğunu müəyyən ediblər. Şirkətin təsisçiləri Artur Qalstyan və Qevork Manukyandır.
Qısa araşdırmadan sonra məlum olub ki, hər iki şəxs Ermənistan Silahlı Qüvvələrinin yüksək vəzifəli polkovnik rütbəli hərbçiləridir. Artur Qalstyan xidmətdə olan, Qevork Manukyan isə ehtiyatda olan polkovnikdir. Qalstyan, yeri gəlmişkən bu qalmaqaldan sonra öz iştirakını dayandırıb. Lakin aydındır ki, burada maraqların toqquşması, anlaşılmaz vəziyyət baş verib. Yüksək vəzifəli hərbçi şirkət yaradır, bu şirkət orduya silah və hərbi sursat tədarük edir.
ArmLur.am saytı qarşı tərəfdən də şərh əldə etməyə çalışıb, lakin buna nail ola bilməyib.
Alpər Mövludoğlu
Ordu.az