“Hraparak”: Sabiq erməni nazirin generala çevrilməsinə hüquqi əsas varmı?

2019/08/image-1566988460.jpg
Oxunub: 4764     14:03     29 Avqust 2019    
Ermənistan prezidenti Armen Sarkisyan siyasi baxımdan Ermənistanın həyatında demək olar ki, sıfır rola malikdir. O, yalnız dondurma yemək, köçəri rəqsi oynamaq və Nikol Paşinyanın təlimat təqdimatlarını sözsüz həyata keçirmək üçün qalıb. Əlbəttə bunları Sarkisyan rədd edə, geri göndərə və ya konstitusiya məhkəməsinə ünvanlaya bilər. Lakin bir qayda olaraq, yenə də Paşinyanın əmrlərini səssiz icra etmə yoluna üstünlük verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.

Nəşrə görə, mübahisəli məsələlər bəzi hallarda Konstitusiya məhkəməsinə göndərilsə də, bu yenə də Paşinyanın iradəsi ilə uyğun gəldiyi halda edilir.

“Son vaxtlar, Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təqdimatını nəzərə alaraq və Ermənistan Konstitusiyasının 139-cu maddəsinin birinci hissəsinin müddəalarını əsas götürərək, Vağarşak Harutyunyanın hərbi rütbədən məhrum edilməsi haqqında 2002-ci il iyun ayının 22-də verilən əmrin qüvvədən düşməsi haqqında yeni bir əmr imzalayıb. Bir sözlə Sarkisyan, keçmiş prezident Robert Köçəryan tərəfindən Harutyunyanın “general-leytenant” hərbi rütbəsindən məhrum edilməsi haqqında qərarını ləğv edib, yeni əmrlə Harutyunyan yenidən generala çevirib”, - deyə nəşr qeyd edir.

Bu barədə Nikol Paşinyanın özü də öz “Facebook” səhifəsində məlumat yayıb: “Vağarşak Harutyunyan yenə də general-leytenantdır. Ölkə prezidenti Vağarşak Harutyunyanın hərbi rütbədən məhrum edilməsi haqqında Köçəryanın əmrinin qüvvədən düşməsinə dair mənim təqdimatımı qəbul edib və müvafiq əmr imzalayıb”.

Lakin Paşinyanın hansı əsasla bu təqdimatı irəli sürdüyünü, Sarkisyanın isə hansı əsasla onun bu təqdimatını imzaladığı qeyd edilməyib.

“Siyasi baxımdan demək olar ki, hər şey məlumdur. Paşinyan Köçəryanın əmrini ləğv etmək qərarına gəlib, digər tərəfdən yayılan şayiələrə görə Paşinyan Harutyunyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın əvəzinə təyin etmək niyyətindədir. Hazırda Paşinyan ilk addımını ataraq, Harutyunyanın general rütbəsini bərpa edir. Bəs bu, Paşinyanın atdığı addımlardan hiss edilən siyasi səbəblər ucbatından ölkə prezidentinin hər hansı hüquqi aktı ləğv etməsi və ya yeni akt qəbul etməsinə kifayət qədər əsas verirmi?”, - deyə “Hraparak” bildirib.

Nəşr hesab edir ki, Paşinyan Köçəryanın qərarlarını ləğv edərək öz mövqeyini möhkəmləndirməyə çalışır.

“Eyni məntiqlə sual yaranır, əgər Paşinyan Köçəryanın qəbul etdiyi hüquqi aktı ləğv edə bilirsə, eyni uğurla Ermənistanın keçmiş prezidentlərinin qəbul etdikləri digər hüquqi aktları da ləğv edə bilərmi? Bu cür proseslər mənfi nəticələnə bilər. O zaman yeni rəhbərlərdə istənilən bir öncəki əmri ləğv və yenisini qəbul etmə ənənəsi yaranmış olar. Sual yaranır, əgər Harutyunyanın rütbəsi bərpa edilirsə, buna bənzər digərlərinin rütbəsi və vəzifələri niyə bərpa edilmir? Bu sualların hüquqi tərəfləri ilə bağlı hökumət və prezident administrasiyasından cavab alınmasına cəhd edilib, lakin hər iki halda heç bir hüquqi əsaslandırılması olmayan bənzər cavablar verilib.

Məsələn, Baş nazirin sözçüsü Vladimir Karapetyan ünvanladığımız suala cavabında bildirir ki, “Baş nazir qərar verib, hüquqi tərəfini isə icraçılar təmin edib. Burada əsas olan Baş nazirin qərarıdır”. Daha sonra o, əlavə edib ki, qərarın hüquqi tərəfini hüquqşünaslar təmin edir. “Keçmiş prezidentlərin əmrlərinin ləğv edilməsi üzrə prosedur qaydası varmı?” deyə verilən suala Karapetyan cavab verərək deyib ki, o, hüquq idarəsində işləmir və müvafiq əmri hazırlayan hüquq idarəsində işləyənlərdən məsələni dəqiqləşdirə bilərlər.

Bununla da Baş nazirin sözçüsü bizi, prezident iqamətgahına yönləndirərək, ordan cavab almağı məsləhət gördü. Prezident administrasiyasında isə təbii olaraq, hər hansı əsaslandırma təqdim edilmədi. Sualımıza cavab olaraq, yalnız onu bildirdilər ki, nəyin əsas götürüldüyü əmrin mətnində qeyd edilib: “Qeyd edilən əmr, Konstitusiyanın 139-cu maddəsinin 1-ci hissəsinə uyğun, baş nazirin təqdimatı əsas götürərək imzalanıb”. Baş nazirin təqdimatında qeyd edilən hansı hüquqi əsaslara söykənərək, prezidentin imzalamasına isə əməkdaşlar heç bir cavab verməyib: “Səlahiyyətli orqanın təqdimatı və təqdimata əlavə edilən sənədlər məxfi prosedur qaydasında təqdim edilib və yayımlanması qadağandır”. Əslində hər hansı hüquqi əsas olmadığını düşünmək olar, sadəcə Baş nazir Köçəryanın əmrini ləğv etməyi, prezidentə təklif edib, o da itaətkarlıqla bunu icra edib”, - deyə erməni nəşri yazır.

Qeyd edək ki, erməni hüquqşünaslar Paşinyanın belə bir təqdimat edəcəyinə və Sarkisyanın imzalayacağına kifayət edən hər hansı bir hüquqi aktın olmadığını iddia edirlər. Onlar Paşinyan və Sarkisyan üçün hüquqi əsas verəcək hər hansı bir qanunverici aktın olmadığını deyiblər. Əksinə, Harutyunyana yeni “general” rütbəsinin verilməsi barədə təqdimatın verilməsini, onun 17 il əvvəl verilən qərarla, hərbi rütbədən məhrum olmasını bərpa etməkdən daha ağıllı addım ola biləcəyini düşünürlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin