Ermənistana silah tədarükü üzrə tenderin uğursuzluğu səbəbindən cinayət işi açılıb - Roqozinin bununla nə əlaqəsi var?

2019/08/16795-1566892148.jpg
Oxunub: 9753     15:18     28 Avqust 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi, yalnız Rusiyanın ORSİS şirkətinin qatıldığı silah tədarükü tenderinin pozulması ilə bağlı cinayət işi başlanıb.

ORSİS şirkətinin nümayəndəsinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi mayda ilk dəfə olaraq bir neçə milyon dollarlıq hərbi texnikanın çatdırılmasına dair tender elan edib. Tələblərə yalnız Rusiya şirkəti cavab verib, lakin tender naməlum səbəblərdən bağlı elan olunub.

Şirkətdən bildirilib ki, cinayət işi xidmətə səhlənkar yanaşma haqqında maddəyə əsasən açılıb. Məlumat istintaq orqanları tərəfindən təsdiqlənib və iş tamamlandıqda əlavə informasiya veriləcək.

Lakin tenderin izah edilmədən bağlandığı məlum olub. “ORSIS” şirkəti apellyasiya komissiyasına və Ermənistanda onun maraqlarını müdafiə edən vəkilə müraciət edərək, məhkəmə iddiası qaldırıb. Hadisə ilə bağlı Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesi məlumatlandırılıb.

Ermənistan Müdafiə Nazirliyi cinayət işinin açılması haqqında məlumatları təsdiq edib.

“Bütün əlavə məlumatlar istintaq orqanlarının fəaliyyətinin sonunda təqdim olunacaq”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Cinayət işinin detalları

ORSIS şirkəti “PromTechonology” qrupunun bir hissəsini təşkil edir. Bu şirkət bir neçə ildir ki, İrəvanı silah, hərbi sursat və optika ilə təmin edir. Mətbuatda yayılan bəzi məlumatlara görə, şirkətin “Roskosmos” dövlət korporasiyasının rəhbəri, yaxın keçmişdə Ermənistana qarşı mənfi rəyləri ilə seçilən Dmitri Roqozinlə əlaqəsi var. Bildirilir ki, hazırda onlar qara siyahıdadır.

“Agentlik bəyan edib ki, biz zəruri sənədlər təqdim etməmişik. Bu doğru deyil. Bundan sonra bir neçə həftə ərzində biz, Müdafiə Nazirliyinin rəsmi qaydada təqdim edilməsini xahiş etdiyi bütün sənədləri təqdim etmişik. Nəticədə müəyyən əmlakın qəbulu və təhvili aktlarını təqdim etmədiyimizi bildirdilər”, - deyə, ORSIS şirkətinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi həmçinin bir neçə yüz min dollar bank zəmanəti olaraq ödəniş tələb edib. Lakin belə bir ödəniş yalnız şirkətin tenderi qazandığı və müqavilə imzalamaqdan imtina etdiyi halda mümkündür.

“Yaranmış vəziyyət Ermənistanda mərmi istehsalı zavodunun inşası məsələsinə təhdid yaradır”, - deyə şirkət nümayəndəsi əlavə edib.

Bir neçə milyon dollardan söhbət gedən həmin müəssisənin inşaasının Rusiya sərmayəsi hesabına həyata keçirilməsi nəzərdə tutulurdu.

Məsələnin Roqozin ailəsi ilə hansı əlaqəsi var?

Rusiya KİV-lərinin yaydığı məlumatlara əsasən, “PromTechonology” qrupunun tərkib hissəsini təşkil edən silah istehsalçısı ORSIS şirkətinin direktoru vəzifəsində, yaxın keçmişdə Dmitri Roqozinin oğlu Aleksey Roqozin işləyib. “Versia.ru” saytının yaydığı məlumata əsasən, kiçik Roqozin daha sonra Rusiya Federasiyası Müdafiə Nazirliyində atası, Dmitri Roqozinin tabeliyindəki şirkətlərin fəaliyyətinin koordinatoru təyin edilib. Həmin vaxt Roqozin Rusiya Federasiyası Baş nazirinin müavini olmaqla hərbi sənaye sahəsini idarə edirdi. 2017-ci ildə onun oğlu, Rusiya Federasiyasının birləşmiş aviasiya koorporasiyasının sədr müavini təyin edilir. “PromTechnology” şirkəti Rusiyanın silah bazarına 2012-ci ildə GLOCK markalı tapança istehsalı ilə daxil olub. Bu tapança Moskva silah zavodu bazasında yığılıb. Həmin zavoda vaxtı ilə məhz Roqozinin oğlu rəhbərlik edib. Bu tapançaların Rusiya xüsusi təyinatlı qoşunlarının silahlanmasına daxil ediləcəyi gözlənilsə də, sifarişçilər üçün tapançaların dəyəri əlverişli olmayıb. GLOCK 17 markalı tapançanın qiyməti 210 min rubl, GLOCK 26 tapançasının qiyməti isə 191 min rubl təşkil edib. Əgər Rusiyanın müxalifət xadimi Aleksey Navalninin açıqlamalarına inansaq, həmin silah Moskva silah klublarında 65 min rubl dəyərində satılır. Bununla da tapançaların dəyərindən 4 dəfə baha qiymətə satılmasına cəhd edilib.

Lakin Roqozinin oğlunun fəaliyyət karyerası bununla yekunlaşmır. O, Tula şəhərində yerləşən, “Aleksinski” kimya kombinatının icraçı direktorunun müavini təyin olunmaqla, müəssisədə barıt istehsalını bərpa edəcəyinə dair vəd verir. Roqozinin açıqlamasına əsasən, kimya kombinatı yararsız vəziyyətdə olub. Barıt istehsalı isə hələ də bərpa edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   ORSİS  


Bizi "telegram"da izləyin