SQ-nin silahlanmasında olan ŞAHİNGÖZÜ elektro-optik termal müşahidə kameraları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)
Oxunub: 9663
10:52
25 Oktyabr 2019
İstiliyə kilidlənən idarəolunan raketlərin, gecə görmə sistemlərinin və buna bənzər hərbi avadanlıqların inkişafı ilə termal cihazların əhəmiyyəti daha da artıb. Termal görüntü cihazının işləmə prinsipi, infraqırmızı şüalanmanın elektrik siqnalına çevrilməsinə əsaslanır. Bu çevrilmədən sonra isə siqnallar gücləndirilir və ya ekranlarda nümayiş olunur.
Termal kameralar bir çox məqsədlər üçün, o cümlədən kəşfiyyat, müşahidə, təhlükəsizlik, dənizçilik, xilasetmə, tibbi, energetika və s. məqsədlərlə istifadə edilə bilər. Bu kameralar elektrik enerjisinin naqildən axını nəticəsində yaranan istiliyə görə problemləri də aşkarlaya bilir. Həddindən artıq yüklənmiş güc transformatorlarında, kabellərdə, birləşmə nöqtələrində, kondensatorlarda yaranan problemlər də termal kamera ilə müşahidə aparmaqla, heç bir elektrik ölçməsi aparmadan aşkar edilə bilər.
İnşaat mühəndisləri isə polad konstruksiyalarda metal yorğunluğunun, səthin altında qəliblərin rütubət səviyyəsinin və onların çatlamasının aşkarlanmasında termal kameralardan istifadə edirlər.
Bu cihazların çəkdiyi fotolarda isti bölgələr açıq rəngdə, soyuq bölgələr isə tünd rəngdə göstərilir. Ən soyuq zona mavi, ən isti zona isə sarıdır. Ətraf mühitin istiliyindən asılı olaraq mavi rəngdən sarıya qırmızı rəngdən isitifadə edilərək keçilir.
Bütün obyektlər - 273 dərəcədən yuxarı temperatura malik olduqda istilik enerjisi yayır. İstilik enerjisi gözlərimizin görə bilmədiyi infraqırmızı diapazonda yayılır. Bu diapazon qırmızı işıq və mikrodalğalı şüalar arasında yerləşir. Termal kameralar normal gözlə görülə bilməyən, lakin ciddi nəticələrə səbəb ola biləcək problemlərin aydın bir görüntüsünü istifadəçiyə təqdim edir.
Səth istiliyini ölçmək və aşkar etmək üçün elektro-optik cihazlardan istifadə olunur. Elektromaqnit dalğaları birbaşa hərəkət zamanı yaranan istilik hərəkətidir. Elektro-optik cihazların elektromaqnit dalğaları istilik enerjisini aşkarlamaq və ölçmək üçün istifadə olunur. Burada kamera, canlıları da bədənlərindən yayılan istilik enerjisi sayəsində görür. Başqa sözlə, termal kamera yayılan bədən istiliyinə əsaslanaraq canlının koordinatlarını müəyyənləşdirir. Bu cihazları digər görüntü cihazlarından fərqləndirən cəhəti, onun analiz proqramına malik olmasından ibarətdir.
Beləliklə, təbiətdəki bütün növ materiallar infraqırmızı şüalanmaya malikdir. Hər bir obyektin istilik yayma (buna “emissivity”, yəni istilik yayma əmsalı da deyilir) səviyyəsi fərqlidir. Qara rəngdən başqa bütün cisimlərin istilik yayma əmsalı 0 ilə 1 arasında dəyişir, qara rəngdə isə bu əmsal 1-ə bərabərdir.
Müşahidə sistemlərinin ən vacib funksiyası aşkarlama, tanıma və izləmə xüsusiyyətlərindən istifadə etməklə təhdidlərin ətraflı müəyyənləşdirilməsindən ibarətdir. Bu məqsədlə ASELSAN şirkəti gündüz, gecə və çətin hava şəraitində istifadə edilə bilən, 2-ci nəsil termal görüntü sistemindən və yüksək dəqiqlikli gündüz görmə kamerasından ibarət ŞAHİNGÖZÜ sistemini hazırladı.
Ölkəmizin güc strukturları tərəfindən Türkiyənin ASELSAN şirkətindən əldə edilən ŞAHİNGÖZÜ elektro-optik termal müşahidə kameralarının bir neçə modeli, xüsusilə də OD modeli cəbhə bölgəsində, sərhəd və sahil mühafizə sistemlərində istifadə olunur. ŞAHİNGÖZÜ-OD kameralarının tərkibinə istifadəçiyə hədəfin koordinatları və yüksəklik bucaqları haqqında məlumat verən cihazlar, gözə zərərsiz lazer məsafə ölçəni, GPS koordinat təyinetmə sistemi və rəqəmsal kompas daxildir. Əlavə olaraq sifarişlə yüksək dəqiqlikli astronomik şimal kompası da quraşdırıla bilər. Hədəfləri məhdud görmə şəraitində işarələyərək digər qonşu bölmələrə göstərmək üçün lazer göstəricisi də sistemin tərkibinə daxil edilib. ŞAHİNGÖZÜ-OD istənilən özüyeriyən platformaya, üç ayaq üzərində və ya teleskopik maçtaya asanlıqla yerləşdirilərək, bütün funksiyaları vahid idarəetmə bölməsi tərəfindən, həm də uzaq məsafədən idarə edilə bilər. Bu termal kameralar ümumi struktur quruluşuna görə bir-birindən ciddi fərqlənmir.
Uzaq mənzilli kəşfiyyat və müşahidə;
Dəqiq koordinatlar tələb edən əməliyyatlar;
Artilleriya və Atəş dəstək sistemləri;
Yerüstü müşahidə sistemləri;
Sabit obyektlərin təhlükəsizliyi.
Əsas xüsusiyyətləri:
Əməliyyat şəraitinə nəzarət;
Gecə/gündüz kəşfiyyat və müşahidə;
Sərhəd/Sahil təhlükəsizliyi;
İnfraqırmızı/Görünən şüa diapazonda fəaliyyət.
Ümumi xüsusiyyətləri:
Yüksək görüntü keyfiyyəti;
Yüksək dəqiqlik və həssaslıq;
Ekran şəklini dondurmaqla hədəf təhlili;
Elektron böyütmə;
Yüngül və kiçik ölçülər;
Asan quraşdırma;
Görüntü üzərində çalışma;
Şəbəkəyə qoşulmaq imkanı;
Özünü sınaqdan keçirmək bacarığı;
Xarici video çıxışı;
MIL-STD-810 standartına uyğunluq.
Texniki xüsusiyyətlər
Bu göstəricilər modellərə və onların təyinatına görə dəyişir. Burada standart versiya olaraq ordumuzun daha geniş istifadə etdiyi ŞAHİNGÖZÜ-OD modelinin texniki xüsusiyyətləri təqdim edilir.
Termal kamera:
İnfraqırmızı diapazonda fəaliyyət - 8-12 mkm;
Dar müşahidə bucağı - 2° x 1.5°;
Geniş müşahidə bucağı - 6° x 4.5°;
Detektor - 288 x 4 HgCdTe (MCT), “Fokal Plane Array”;
Darama tezliyi saniyədə - 25 dəfə;
Qətnamə (aktiv) - 1920 × 1080 (1690 × 576) piksel.
Gündüz kamerası:
Geniş görünüş sahəsi > 10°;
Dar görünüş sahəsi 10 mW;
İş rejimləri - impulslu və ya fasiləsiz.
Rəqəmsal kompas:
İstiqamət bucağının dəqiqliyi - 23 mil (RMS)
Yüksəklik bucağının dəqiqliyi - 5 mil (RMS)
GPS-in qəbuledicisi hədəfin koordinatlarını 10 m yayınma ilə tapır.
ASELSAN-ın istehsal etdiyi termal kameraların müxtəlif imkanlara malik fərqli modelləri mövcuddur. Hazırda bu sistemin OD (orta dalğalı), OD-UM (orta dalğalı, uzaq mənzilli), UD (uzun dalğalı), IRST (HD) və OD/SYS modelləri istehsal edilir.
ŞAHİNGÖZÜ-OD termal kamerasını məqalənin əvvəlində daha geniş şəkildə araşdırdığımız üçün ona təkrarən toxunmayacağıq. Lakin yerdə qalan OD-UM, UD, İRST və OD/SYS modellərinin sadəcə təyinatına nəzər salacağıq.
ŞAHİNGÖZÜ-OD tərəfindən təmin olunan məsafədən daha uzaq məsafədə fəaliyyət göstərmək tələb olunduğu hallarda, daha dar müşahidə bucağına malik SAHİNGÖZÜ-OD/UM termal kamerasından istifadə edilir. Bu kamerada müşahidə bucağı 0.8° -yə qədər azaldılaraq daha uzaq məsafədəki hədəflərin müşahidəsi və koordinatlarının təyin edilməsi həyata keçirilir.
ŞAHİNGÖZÜ-UD termal kamerası gündüz aşkarlama kamerası və lazer məsafə ölçəninə malikr elektro-optik sensorlu sistemdir. Sistemdəki termal kamera uzun dalğa diapazonunda (8-12 mkm) çalışır və soyudulan matrisa detektoruna malikdir. Gündüz görmə kamerası ən dar və ən geniş baxış bucağı daxilində davamlı optik böyüdücü xüsusiyyətə malikdir. Lazer məsafə ölçəni isə gözə zərər verməyən diapazonda məsafəni dəqiqliklə təyin edə bilir.
ŞAHİNGÖZÜ IRST (Infrared Search and Track - İnfraqırmızı Axtarış və İzləmə) HD (High Definition - Yüksək qətnaməli) formatlı çıxışa malik infraqırmızı görüntüləmə funksiyalı termal kameradır. Kristal təmizlikdə görüntü təmin etmək qabiliyyətinə malik ŞAHİNGÖZÜ IRST, sabit və ya nəqliyyat vasitələrinə quraşdırılaraq HHM və kəşfiyyat-müşahidə əməliyyatlarında uzaq məsafədən geniş əraziyə nəzarət etmək qabiliyyətinə malik yüksək effektivli elektro-optik sensorlu termal sistemidir.
İstənilən şəraitdə, 7 gün/24 saat ərzində 360° radiusda kəşfiyyat, müşahidə, hədəf aşkarlanması, hədəf izlənilməsi və koordinatların təyinantı vəzifələrini icra edir. HD-yə istənilən mənbədən enerji verildikdən qısa müddət sonra görüntüləri təqdim etməyə başlayır. Görüntülərin parlaqlılığı və kontrastı tənzimlənə bilir. İstənilən növ lazer məsafəölçən ilə istifadə edilə bilər.
ŞAHİNGÖZÜ-OD/SYS maçta üzərində qaldırılaraq maşının daxilindən idarə edilən versiyadır. Onun OD versiyası ilə əsas fərqi daha çox sayda sensorlara, deməli daha geniş funksiyalara malik olmasındadır.
Əsas üstünlükləri:
- Hərəkət aşkarlanması;
- Fəaliyyət ərazisini seçmək imkanı;
- Ekranda qeyd edilən çoxbucaqlı ərazidə bütün hərəkətlər aşkar edilir;
- Ərazidəki dəyişiklik aşkar edilir (“change detection”);
- Xəritədə seçilən ərazilərə vaxtaşırı sensorun yönləndirilməsi ilə əvvəllər əldə edilən vəziyyətlə indiki arasında mövcud olan dəyişikliklərin aşkarlanması;
- Avtomatik hədəf izləmə (“target tracking”);
- Ekranda siçan ilə göstərilən perimetrdə obyektin izlənməsi;
- Elektron böyütmə;
- Siçan ilə ekrandakı düzbucaqlı sahənin böyüdülməsi;
- Üçölçülü xəritədə nəqliyyat vasitəsi/sensorun koordiatlarının göstərilməsi;
- Koordinatı təyin edilən hədəfin lazer ilə xəritədə göstərilməsi;
- Digər sensorlarla (radarlarla və s.) çalışmaq imkanı;
- Elektron sabitləşmə;
- Görüntü və fotoşəkillərin yaddaşda saxlanılması;
- Görüntülərin ötürülməsi.
İstənilən texniki vasitənin və ya avdanlığın müsbət cəhətləri olduğu kimi mənfi tərəfləri də mövcud olur. Termal kameraların da əsas çatışmazlığı yüksək qiymətidir. Cihazın dəyərinin 90%-ni onun əsas elementləri: matrisa və linza təşkil edir.
Matrisaları istehsal etmək çox çətindir və buna görə kameralar bahalıdır. Linzalarla vəziyyət daha mürəkkəbdir: onlar şüşədən hazırlana bilməz, çünki bu material infraqırmızı şüaları ötürmür. Bu səbəblə linzalar yaratmaq üçün nadir və bahalı materiallardan istifadə olunur. Maneələri azaltmaq və nəticədə həssaslığı artırmaq üçün görüntüləmə cihazlarında fotosensitiv elementlərin matrisası mikrokompressor sistemi ilə soyudulur və ya termielektrik sistemi ilə istilik sabitləşməsindən istifadə olunur. Son zamanlarda, soyudulmayan mikrobolometrik matrisaya sahib cihazlar da geniş yayılır.
Duman, yağış, qar, toz və tüstü termal kameralara ciddi təsir göstərmir. Lakin su buxarı və karbon dioksid qazları infraqırmızı spektrin dalğalarını çox intensiv şəkildə mənimsəyir və bu da termal kameraların həssaslığına əhəmiyyətli təsir göstərir. Hazırda ASELSAN mühəndisləri öz məhsullarının imkanlarını genişləndirmək məqsədilə çalışmalarına davam edirlər.