Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Tiqran Avinyanın 2018-ci ilin yay aylarında ABŞ və Kanadaya səfərindən sonra rəsmi olaraq, 30,5 milyon dollar sərmayə yatırılması ilə bağlı razılaşma əldə edilib.
Bildirilir ki, 1 il keçsə də, sərmayələr haqqında Paşinyanın müavini və aidiyyəti qurumlar susur. Buna səbəb vəd edilən sərmayələrin olmamasıdır.
Xatırladaq ki, səfərdən sonra müxtəlif istehsal sahələrini əhatə edən ən azı 7 sərmayə layihəsi barədə ilkin razılaşma haqqında məlumat verilib.
Bu layihələrin həyata keçirilməsi ilə bağlı Tiqran Avinyanın ofisinə göndərilən sorğuya heç bir cavab verilməyib. Paşinyanın amerikalı iş adamları ilə əldə etdiyi razılaşmaya əsasən tekstil, tullantıların yenidən işlənilməsi, maşınqayırma istehsal sahələrinin açılması, bərpa olunan enerji və digər sahələrdə təcrübə, bilik mübadiləsi layihələrinə gəldikdə isə yalnız tullantıların yenidən işlənilməsi ilə bağlı bir sıra təkliflərin daxil olduğu vurğulanır.
Nəhayət Paşinyanın səfərindən 1 il sonra vəd edilən sərmayələrin reallaşmasına dair heç bir maddi sübutun nəzərə çarpmadığı diqqətə çatdırılır.
Alpər Mövludoğlu
Ordu.az