“Ölkəmizin hərbi qüdrəti güclənir”

2019/07/mudaf-1562567595.jpg
Oxunub: 6324     11:56     08 İyul 2019    
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır.

Dövlətin gücü dünyəvi siyasətlə müəyyənləşən və onun nəticəsi olan iqtisadi potensialla bağlıdır. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib. Səriştəsizlik, separatizm cəhdləri, vətəndaş qarşıdurması yaratma niyyəti Azərbaycanın dövlətçiliyini təhlükəylə üzləşdirmişdi. Xalqın təkidiylə böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın dövlətçiliyini xilas edib.

Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının mənafeyinə istiqamətləndirə bilir; qısa müddətdə dünyanın nüfuzlu dövlətləriylə imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr Azərbaycanın iqtisadi inkişafının başlanğıcı oldu və ordu quruculuğunda da əsaslı dönüşə etibarlı zəmin yaratdı, qısa müddətdə ordu quruculuğunda müqayisəyəgəlməz islahatlar həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamıyla yerli özünümüdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi ki, bunlar da ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı olub. Azərbaycançılığıyla həmişə fəxr edən böyük tarixi şəxsiyyət Heydər Əliyev döyüş hazırlığı artırılan ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının da yüksəldilməsini təmin edib. Qələbəylə nəticələnən Horadiz əməliyyatı təsdiqlədi ki, nizami ordu kimi təzəlikcə formalaşan Azərbaycan Ordusu torpaqları işğaldan azad etməyə qadirdir...

Ulu Öndərin siyasi kursu ordu quruculuğunda da uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu məxsusi qayğı göstərməklə diqqətdə saxlayır. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar məhz bu diqqətin, qayğının təzahürüdür. Ən müasir texnikalarla, qurğularla təchiz edilən ordunun şəxsi heyəti indi yüksək döyüş hazırlığına malikdir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu qısa müddətdə əhəmiyyətli qələbələr qazandı, Lələtəpə, Bayraqtəpə kimi mühüm əhəmiyyətli yüksəkliklər azad edilib. Bu döyüş, qazanılan bu qələbə Azərbaycan Ordusunun qüdrətinin səviyyəsini göstərir. Dünya ictimaiyyəti gördü və əmin oldu ki, bu ordu torpaqlarını işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da məhz bu əminlik səviyyəsində izlənilib...

Azərbaycan Ordusunun döyüş hazırlığı müntəzəm olaraq artırılır. Bu hazırlığın səviyyəsi öz təsdiqini genişmiqyaslı təlimlərdə tapır. Hərbi ekspertlər belə təlimləri həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığını tamamlama baxımından qiymətləndirirlər.

Yeni hərbi hissələrin tikilməsi, əsaslı təmir edilməsi şəxsi heyət üçün ən yüksək şərait yaradılması da orduya, ordu quruculuğuna diqqət və qayğıdır. Bu qayğı həm döyüş hazırlığı üçün etibarlı zəmindir, həm də döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji dəyərə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılmasını təkcə hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu sərəncam həm də vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir. Orduya bu diqqət, bu qayğı yeniyetmələrin, gənclərin yüksək vətənpərvərlik ruhunda formalaşmasında vasitə olacaq.

Azərbaycan Ordusu müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edir ki, bunların hər biri ayrılıqda da, vəhdətdə də ordunun döyüş qabiliyyətinin səviyyəsinin, eləcə də beynəlxalq nüfuzunun təsdiqidir. "Dəniz Kuboku", "TurAz Qartalı" kimi tədbirlər bu qəbildəndir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə söhbətləri, tövsiyə və tapşırıqları mahiyyəti etibarilə ordu quruculuğu prosesinin tərkib hissələrindəndir. Bu etibar, bu inam, bu ehtiram Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldir. (AO)
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Silahlı-Qüvvələr   TurAz-Qartalı   Dəniz-Kuboku   Azərbaycan-Ordusu   Heydər-Əliyev   Ulu-Öndər   İlham-Əliyev  


Bizi "telegram"da izləyin