“Cənab Ali Baş Komandana minnətdarlığımı bildirirəm” - Elvinin anası (FOTOLAR)

2019/06/65314-6246913352.jpg
Oxunub: 17982     17:37     28 İyun 2019    
Günün ilk yarısında erməni girovluğundan azad olunan Elvin İbrahimov hazırda Qazax Rayon Diaqnostika Mərkəzində müayinə olunur.

Bu barədə Ordu.az-a açıqlamasında mərkəzin Baş həkimi Kamandar Rəhimov məlumat verib.

Onun sözlərinə görə, hazırda müayinə prosesi davam etdirilir və onun sağlamlığı kafi olaraq dəyərləndirilir.

"Artıq həyati təhlükənin olmadığına əmin olduqdan sonra Elvini evə buraxmağa icazə verəcəyik", - deyə o əlavə edib.

Elvin İbrahimovun anası Qərənfil İbrahimova isə oğlunun arıqladığını və saçlarının uzandığını bildirib.

"Onu iki saat öncə gördüm. Təxminən 10 dəqiqə ərzində görüşdük. Oğlum övladı ilə də görüşdü. Cənab Ali Baş Komandana və dəyişmə prosesinin təşkilatçılarına minnətdarlığımı bildirirəm", - deyə Q. İbrahimova sevincək qeyd edib.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.







Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Girov   Elvin-İbrahimov  


Bizi "telegram"da izləyin