Ordu.az xəbər verir ki, şəhid Elmdar Vəliyevin ailə üzvlərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin, Mahrızlı kənd xəstəxanasının, mədəniyyət evinin işçilərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Mahrızlı kənd xəstəxanasının baş həkimi Məryəm Abbasova, şəhidin qardaşı Seyfəddin Vəliyev və döyüş yoldaşları çıxış edərək şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Vəliyev Elmdar Əli oğlu 1967-ci il noyabrın 20-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı təcavüzü başlayanda Elmdar Vəliyev də silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. 1991-1992-ci illərdə Ağdam, Ağdərə, Əsgəran istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Yaralanmış və şəhid olmuş həmvətənlərimizin meydanlarından çıxarılmasında fədakarlıq göstərib. 1992-ci il iyunun 20-də düşmən gülləsinə tuş gəlmiş həkim Gültəkin Əsgərovanın nəşini döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb. Mahrızlı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 1994-cü il 16 sentyabr tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Hazırda Mahrızlı kənd xəstəxanası Elmdar Vəliyevin adını daşıyır.
Mərasim iştirakçıları sonra şəhid Elmdar Vəliyev haqqında hazırlanmış video-slaydı izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına, hərbi geyiminə və bədənindən çıxarılmış qəlpəyə baxıblar. Məktəblilər kompozisiya göstərib, hərbi hazırlıqla bağlı çıxış edib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Ordu.az