Azərbaycan Respublikasının dövlət rəmzləri, SQ strukturlarının bayraqları - ARAŞDIRMA (FOTOLAR)

2019/09/ilham-1568962355.jpg
Oxunub: 1383     10:58     20 Sentyabr 2019    
Ordu.az bu yazıda Sizə Azərbaycan Respulikasının dövlət rəmzləri barədə məlumat verməyə çalışacaq. Yazıda, həmçinin Azərbaycan Respublikası Prezidentinin Bayrağından başlayaraq, hərbi hissə və birləşmələrin Döyüş bayraqlarının orden lentlərinin təsvirlərinədək məlumatlar təqdim ediləcək.

Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə görə:

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında Bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin müstəqillik rəmzlərindən biridir.

Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Sovet hakimiyyətinin təzyiqi ilə bu bayraqdan imtina edilib.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli Bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Azərbaycan Respublikasının dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Qırmızı zolağın ortasında Bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

a) Azərbaycan Respublikasının Dövlət Bayrağı aşağıdakı yerlərdə qaldırılır:

Azərbaycan Respublikası Milli Məclisinin,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin;
b) Azərbaycan Respublikası Prezidentinin,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, İcra hakimiyyəti və bələdiyyə orqanlarının binaları üzərində daim asılır;
v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində - martın 8-də, martın 21-də, mayın 28-də, oktyabrın 18-də, noyabrın 9-da, noyabrın 12-də, noyabrın 17-də və dekabrın 31-də bayraq asılır.

Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağını başqa bayram və xatirə günlərində də qaldırmağa icazə verilir:

q) rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Baş Nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri hava gəmilərində, dəniz gəmilərində, daxili su yonlarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində - göstərilən şəxslərin razılığı ilə;
d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Baş Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və təşkilatların keçirdikləri mərasimlər zamanı, digər təntənəli və bayram tədbirlər zamanı da bayraq qaldırıla bilər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bir vaxtda qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüsündən iri ola bilməz.

Azərbaycan Respublikasının Dövlət Bayrağı və onu təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət Bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.

Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun “Pantone 306C” rənginə, qırmızı rənginin “Pantone Red 032C“ rənginə, yaşıl rənginin “Pantone 362C” rənginə uyğunluğu təmin edilməlidir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək üçün Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2009-cu ildən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzlərindən biridir.

Azərbaycanın Dövlət Gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdı. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilmədi.

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət Gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq etdi.

Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dövlət Gerbinin qabarıq təsviri:

- Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
- Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
- Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
- Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

Dövlət Himni

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə təsdiqləndi. 2000-ci ildə və 2004-cü ildə ona əlavə dəyişikliklər edilib.

Bu Əsasnaməyə əsasən, Dövlət himni aşağıdakı hallarda ifa olunur:

- Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
- dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
- hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
- dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən;
- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himninin hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər. Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

Azərbaycan Respublikası Prezidentinin Bayrağı

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağı haqqında Əsasnamə 11 aprel 2019 il tarixli Fərmanı ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağı 3 növdə hazırlanır:

1. Etalon (Bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;
2. Dublikat (Bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;
3. Kiçik ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

Ölçülərindən asılı olmayaraq, Bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Təsviri

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının Bayrağının ikiüzlü qumaşı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Bayrağının qumaşında yuxarı zolağ mavi rəngdə, orta zolağ qırmızı rəngdə, aşağı zolağ isə yaşıl rəngdədir. Bayraq qumaşının hər iki üzündə qırmızı zolağın ortasında qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilib. Qumaş qızılı saçaqlarla haşiyələnir.

Bayraq dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi müddəti əks etdirən tarixlər həkk olunmuş gümüş bənd bərkidilir.

Bayraq dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür. Bayraq müxtəlif ölçülərdə ola bilər.

Tarixi

Azərbaycan Respublikası Prezidentinin Bayrağı haqqında əvvəlki Əsasnamə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli 828 nömrəli fərmanı ilə təsdiq edilib. 11 aprel 2019 il tarixli Fərman yeni “Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin Bayrağının təsvirinə bəzi dəyişikliyi nəzərdə tuturdu. Fərmanın icrası üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Əsas dəyişiklik Ali Baş Komandanın Bayrağındakı qızılı rəngdə olan Azərbaycan Respublikasının Dövlət gerbinin tam rəngli standart gerblə əvəz ediləcəyindən ibarət olacaq.

Hərbi Hissələrin Döyüş bayraqları

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq, hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır.

Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.

Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnib, ikiqat bükülü üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanıb. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə “Azərbaycan uğrunda” şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama var: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilən iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib. Aypara tiyələri yuxarı baxan çarpazlaşdırılan qılınclara söykənib. Aypara, səkkizguşəli ulduz və qılınclar ağ ipəkdən tikilib. Qılıncların aşağı əsaslarından tiyələr boyunca hər iki tərəfə, onların ucuna qızılı ipək sapla tikilmiş iki dəfnə budağı yönəlib. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı ipək sapla hərbi hissənin nömrəsi və adı tikilib. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halda, yuxarı ucunda isə nikeldən fiqurlu ucluq vardır. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var.

HDQ
Hərbi Dəniz Qüvvələrində vəzifəli şəxslərin Bayraqları

Azərbaycanın hərbi dəniz bayraqlarının layihəsi 1996-cı ildə hazırlanıb 1997-ci ilin noyabrın 4-də qəbul edilıb. Azərbaycan Dəniz Qüvvələrinin Bayrağı aşağı hündürlükdə dəniz dalğalarını təqlid edən mavi zolaqlı ağ bayraqdan ibarətdir.

Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağı aşağı kənarı boyunca iki mavi dalğavari zolağı olan ağ düzbucaqlı qumaşdır. Bayrağın ağ qumaşının sol yarısında qırmızı aypara və ondan sağda səkkizguşəli ulduz, sağ yarısında isə lövbər kanatı dolanan mavi rəngli lövbər yerləşdirilib. Lövbərin yuxarı və aşağı nöqtələri aypara ilə eyni xətdə yerləşib.

Azərbaycan Respublikası Prezidentinin Hərbi Dəniz Qüvvələrində Bayrağı, Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində üç üfüqi zolaqlı və aşağı kənarı boyunca uzanan iki mavi dalğavari zolaqlı ağ qumaşdır. Bayrağın ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri yerləşdirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin Bayrağı - Azərbaycan Respublikasının enli üfüqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir; və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşən qızılı rəngli dəfnə çələngi ilə haşiyələnir.

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Komandanının Bayrağı - Azərbaycan Respublikasının iki ensiz üfüqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnir.

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı rəisinin Bayrağı, Azərbaycan Respublikasının bir üfüqi mavi zolaqlı Hərbi-Dəniz Bayrağıdır. Lövbər ağ fonda yerləşir və aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üçrəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnir.

Gəmilər birləşməsi komandirinin Bayrağı, aşağısında rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun gələn üç-rəngli lent yerləşdirilmiş qızılı rəngli dəfnə çələngi ilə haşiyələnən və lövbərli Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Gəmilər birləşməsi komandirinin breyd-vımpeli rəng qammasına görə Azərbaycan Respublikasının Dövlət Bayrağına uyğun olan iki şüa ilə qurtaran uzun ensiz üç-rəngli zolağı olan kiçildilmiş ölçülü Azərbaycan Respublikası Hərbi-Dəniz Bayrağıdır.

Gəmilər divizyonu komandirinin breyd-vımpeli- şüaları göy rəngli düzbucaqlı qumaşlı kiçildilmiş ölçüdə Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Reyd dəstəsinin breyd-vımpeli ağ rəngli düzbucaqlı qumaşlı kiçildilmiş ölçüdə Azərbaycan Respublikasının Hərbi-Dəniz Bayrağıdır.

Azərbaycan Respublikasının Hərbi-Hava Qüvvələrinin Bayrağı

Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Azərbaycan Respublikasının Hərbi-Hava Qüvvələrinin Bayrağı start komanda məntəqəsində, idarəetmə məntəqələrində, poliqonlarda, eləcə də HHQ Hərbi hissə komandirinin əmri ilə təyin edilmiş digər yerlərdə aşağıdakı hallarda qaldırılır:

1) uçuşların başlanması ilə;
2) döyüş növbətçiliyinə başlayanda;
3) Azərbaycan Respublikasının dövlət bayramları günlərində;
4) Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikası Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Nazirlər Kabinetini təmsil edən digər şəxslər hərbi hissələrə gələndə;
5) HHQ Hərbi hissələrinə dövlət mükafatları təqdim ediləndə;
6) Azərbaycan Respublikası Müdafiə nazirinin əmri əsasında digər bayram və xatirə günlərində.

HHQ-nin Hərbi hissəsi bütün silahlı qüvvələr və qoşun növlərinin iştirak etdiyi paradda iştirak edərkən HHQ-nin ağaca bərkidilmiş Bayrağı HHQ Hərbi hissəsinin döyüş Bayrağından qabaqda aparılır.

Azərbaycan Respublikası Hərbi-Hava Qüvvələrinin Bayrağı eninin uzunluğuna nisbəti 2:3 olan qısa sərbəst tərəfi qızılı saçaqlı düzbucaqlı mavi qumaşdan ibarətdir. Bayrağın ortasında yuxarı yönəldilən iti uclarının arasında ağ rəngli səkkizguşəli ulduz olan ağ aypara yerləşir.

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə Azərbayсan Respublikası Prezidentinin 2018-сi il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilib. Əsasnamədə deyilir:

1. Döyüş Bayrağı əsgəri şərəf, sücaət və şöhrət rəmzidir. Döyüş Bayrağı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu müdafiə etmək, Azərbaycan Respublikası dövlət sərhədinin toxunulmazlığını və təhlükəsizliyini təmin etmək, dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqları ləyaqətlə yerinə yetirmək, Vətən torpağının hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş Bayrağı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin iş otağında və Xidmətin Hərbi Şurasının zalında, hərbi birləşmələrin (Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti) və hərbi birləşmələr tərkibinə daxil edilməyən hərbi hissələrin döyüş bayraqları isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinə uyğun olaraq təyin edilmiş yerlərdə, Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə, “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq daimi yerləşdirilir.

Hərbi hissənin döyüş Bayrağı daim hərbi hissədə, döyüş meydanında isə həmin hərbi hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.

Hərbi hissənin adının və nömrəsinin dəyişməsindən asılı olmayaraq, döyüş Bayrağı hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişməsi döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.

Hərbi hissənin bütün şəxsi heyəti döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmənin əlinə keçməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular qanunla müəyyən edilən qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Döyüş Bayrağı rəsmi tədbirlərdə, matəm günlərində və matəm mərasimlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə, “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada qaldırılır (asılır) və endirilir.

Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi və köməkçi gəmiləri (katerləri) sərhəd hərbi dəniz Bayrağı daşıyırlar. Sərhəd hərbi dəniz Bayrağı gəmilərin (katerlərin) dövlət mənsubiyyətini və toxunulmazlığını, onların dəniz hüdudlarında Azərbaycan Respublikasının dövlət mənafeyini qorumağa hazır olduğunu bildirir. Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri (katerləri) heç bir halda öz bayraqlarını düşmən qarşısında endirməməli, məhv olmağı düşmənə təslim olmaqdan üstün tutmalıdırlar. Bayraq döyüşdə vurulduğu halda dərhal yenisi ilə əvəz olunmalıdır.

Sərhəd hərbi dəniz Bayrağı gəmi (kater) hərəkətdə ikən qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır.

Vımpel sərhəd hərbi dəniz bayraqları verilmiş gəmilərin (katerlərin) qrot-stenqində (təkdorludursa - for-stenqində) qaldırılır, gəminin (katerin) dəniz kampaniyasında olduğunu və komandanlığının hər hansı tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirir. Vımpel daim, geсə-gündüz, hər cür havada, hərəkət zamanı və lövbər dayanacağında daşınır və endirilmir. Vımpel, yalnız gəmi (kater) dorlarından birinin stenqində vəzifəli şəxsin Bayrağı və ya breyd-vımpeli qaldırılıqda və gəmi (kater) dəniz kampaniyasından çıxarıldıqda endirilir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi qərargah rəisinin müvafiq hərbi dəniz Bayrağı, gəmilər birləşməsi komandirinin isə breyd-vımpeli olur. Vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri bu şəxslərin olduqları gəmilərdə onların olduğu müddətdə qaldırılır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri

1.Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.
2. Bayrağın qumaşı Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnib.
3. Qumaşın üz tərəfi “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri şəklindədir.
4. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasına ipək parçadan Dövlət Sərhəd Xidmətinin hündürlüyü 55 sm olan emblemi tikilir.
5. Qumaşın arxa tərəfində yaşıl zolağın aşağı kənarı boyunca qızılı rəngli ipək sapla aşağıdakı sözlər yazılır:

5.1. Dövlət Sərhəd Xidmətinin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti”;

5.2. Sərhəd Qoşunlarının döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları”;

5.3. Çevik Hərəkət Qüvvələrinin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri”;

5.4. Sahil Mühafizəsinin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi”;

5.5. Sərhəd Nəzarətinin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti”;

5.6. Naxçıvan Əlahiddə sərhəd diviziyasının döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Naxçıvan Əlahiddə Sərhəd Diviziyası”;

5.7. sərhəd dəstəsinin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 00-сı (sərhəd dəstəsinin nömrəsi) sərhəd dəstəsi”;

5.8. hərbi hissənin döyüş Bayrağında - “Dövlət Sərhəd Xidməti 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” (hərbi hissənin adı göstərilməklə).
6. Dəstək tünd qəhvəyi boya ilə rənglənir, laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikeldən fiqurlu ucluq olur.
9. Bayraq qaytanı eşmədir, hər iki ucunda qotaz mövcuddur, qızılı rəngli ipəkdən hazırlanır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri

Sərhəd hərbi dəniz bayraqlarının yaşıl qumaşı ipək faydan hazırlanır. Bayrağın yuxarı sol dörddə birində (breyd-vımpelin və vımpelin solunda) ağ fonun aşağı kənarı boyunca iki dalğavarı mavi zolaq, ağ fonun üzərində sol tərəfdə qırmızı rəngli aypara və səkkizguşəli ulduz, sağ tərəfdə isə üzərinə lövbər kəndiri dolanmış mavi rəngli lövbər təsvir olunur.

Düzbucaqlı sərhəd hərbi dəniz Bayrağının, onun üzərindəki zolağ və yazıların ölçüləri gəmilərin uzunluğuna görə dəyişir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin Bayrağı aşağı hissəsində xarici diametri 30 sm olan üç səkkizguşəli ulduz təsvir olunan sərhəd hərbi dəniz Bayrağıdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin Bayrağı aşağı hissəsində xarici diametri 30 sm olan iki səkkizguşəli ulduz təsvir olunan sərhəd hərbi dəniz Bayrağıdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin Bayrağı aşağı hissəsində xarici diametri 30 sm olan bir səkkizguşəli ulduz təsvir olunan sərhəd hərbi dəniz Bayrağıdır.

Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan, kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz Bayrağıdır. Yaşıl zolaqda Bayrağın ağ fonundan 10 sm sağda Sahil Mühafizəsinin fərqlənmə nişanı təsvir olunur.

Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz Bayrağıdır.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının hər iki üzü eyni təsvirli olur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağı haqqında “Əsasnamə” Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2002-ci il tarixli 677 saylı Fərmanı ilə təsdiq edilib.

Əsasnaməyə görə Azərbaycan Respublikası Daxili Qoşunları hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunan xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır. Döyüş Bayrağı hər vaxt öz hissəsində, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin bütün şəxsi heyəti döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnib, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanıb.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə “Azərbaycan uğrunda!” şüarı tikilib. Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Daxili Qoşunların emblemi yerləşib. Emblem ağ ipəkdən tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rənglə “Daxili İşlər Nazirliyinin Daxili Qoşunları” sözləri tikilib. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda ipək sapla hərbi hissəninnömrəsi və adı tikilir.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikel fiqurlu ucluq var. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazlar var.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının Döyüş bayrağı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının döyüş bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının hər bir hərbi qulluqçusuna vətənə sədaqətlə xidmət etmək, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.

Döyüş bayrağı, adı və nömrəsinin dəyişdirilməsindən asılı olmayaraq, Mülki Müdafiə qoşunlarında həmişəlik qalır. Mülki Müdafiə qoşunlarının adının dəyişdirilməsi döyüş bayrağı ilə birlikdə verilən Təqdimata yazılır. Döyüş bayrağı hər vaxt Mülki Müdafiə qoşunlarında saxlanılır. Döyüş bayrağı Mülki Müdafiə qoşunlarının bütün şəxsi heyəti tərəfindən fədakarlıq və mərdliklə qorunmalı, onun itirilməsinə yol verilməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının döyüş bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnən, ikiqat bükülən üçrəngli (Azərbaycan Respublikasının Dövlət bayrağı rəngində) ipək faydan hazırlanır. Qumaşın üz tərəfində, qırmızı zolağın tən ortasında ağ ipəkdən aypara və səkkizguşəli ulduz tikilir. Qumaşın arxa tərəfində, qırmızı zolağın tən ortasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi yerləşir. Qumaşın üst kənarı boyu mavi zolaqda ipək sapla qızılı rəngdə “Fövqəladə Hallar Nazirliyi”, aşağı kənarı boyu yaşıl zolaqda isə eyni rəngdə ipək sapla “Mülki Müdafiə Qoşunları” sözləri tikilir. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənir, laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikeldən fiqurlu ucluq yerləşdirilir.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotaz mövcuddur.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Bayrağı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Bayrağı haqqında “Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 mart tarixli 845 nömrəli Fərmanı ilə təsdiq edilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Bayrağı haqqında “Əsasnamə”yə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Bayrağı şərəf və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının hər bir əməkdaşına, kursantına və dinləyicisinə Vətənə sədaqətlə xidmət etmək, ölkənin Konstitusiyasına və qanunlarına əməl etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.

Bayraq daim Akademiyada olmalıdır. Akademiyanın bütün heyəti Bayrağı mərdlik və fədakarlıqla qorumalı, onun itirilməsinə və kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Bayraq rəsmi tədbirlərə və sıra düzülüşlərinə çıxarılır. Bayrağın qorunmasına Akademiyanın rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Bayrağı ikiüzlü qumaşdan, taxta dəstəkdən və qotazlı qaytandan ibarətdir. Bayrağın kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnən üçrəngli (Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində) ikiqat fay ipəkdən hazırlanır. Qumaşın üz tərəfinə qırmızı zolağın ortasında ağ ipəkdən olan aypara və səkkizguşəli ulduz tikilir.

Qumaşın arxa tərəfinə qırmızı zolağın ortasında ağ və sarı ipəkdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi tikilir. Qumaşın yuxarı kənarı boyunca mavi zolaqda qızılı rəngli ipək sapla “Azərbaycan Respublikası” sözləri tikilir. Qumaşın aşağı kənarı boyunca yaşıl zolaqda qızılı rəngli ipək sapla “Fövqəladə Hallar Nazirliyinin Akademiyası” sözləri tikilir. Dəstək tünd-qəhvəyi boya ilə rənglənir və üzərinə lak çəkilir. Dəstəyin aşağı ucunda metal halqa, yuxarı ucunda nikeldən fiqurlu ucluq var. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz mövcuddur.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bayrağı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bayrağı Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Bayrağı ilə eynidir, fərq yalnız qumaşın aşağı kənarı boyunca yaşıl zolaqda qızılı rəngli ipək sapla “Fövqəladə Hallar Nazirliyinin Akademiyası” sözlərinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti” sözləri ilə əvəz edilməsindədir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının daxili və ərazi sularında Nazirliyin müvafiq qurumları tərəfindən post-patrul xidmətini, axtarış-xilasetmə və qəza-xilasetmə işlərini həyata keçirən gəmilərinə və katerlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları verilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin Bayrağı, altında üzdüyü gəmilərin dövlət mənsubiyyətini, toxunulmazlığını və Azərbaycan Respublikasının dövlət mənafeyini qorumağa hazır olduqlarını göstərir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin Bayrağı gəmilər hərəkətdə ikən qafeldə, dayanacaqda isə arxa flaqştokda qaldırılır.

Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanına və Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə vəzifəli şəxslərin bayraqları verilir. Vəzifəli şəxslərin bayraqları həmin şəxslərin olduqları gəmidə qaldırılır və endirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərinin bayraqları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının daxili və ərazi sularında post-patrul xidmətini, axtarış-xilasetmə və qəza-xilasetmə işlərini həyata keçirən gəmilərinin bayraqları ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayraq, qumaşın tünd göy fonunda, yuxarı sol küncündə yerləşdirilib. Bayrağın ağ fonunun aşağı kənarı boyunca iki mavi dalğavarı zolaq, qırmızı aypara və ondan sağda səkkizguşəli ulduz, lövbər kanatı dolanmış mavi rəngli lövbər yerləşir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində vəzifəli şəxslərin bayraqları

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının Bayrağı Nazirliyin gəmilərinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əlavə olunan Bayrağıdır.

Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri Nazirliyin gəmilərinin Bayrağının yuxarı sağ küncündə yerləşdirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gəmilərində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin Bayrağı gəmilərin Nazirliyin embleminin təsviri əlavə olunan Bayrağıdır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri Nazirliyin gəmilərinin Bayrağının yuxarı sağ küncündə yerləşdirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Bayrağı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Bayrağı haqqında “Əsasnamə”yə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Bayrağı şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin hər bir hərbi qulluqçusuna Aviasiya dəstəsinin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Bayrağı idarəetmə məntəqələrində, poliqonlarda, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin əmri ilə təyin edilən digər yerlərdə aşağıdakı hallarda qaldırılır:

- uçuşların başlanması ilə;
- döyüş növbətçiliyinə başlayanda;
- Azərbaycan Respublikasının dövlət bayramları günlərində;
- Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Aviasiya dəstəsinin strukturuna daxil olan idarəetmə məntəqələrinə və poliqonlara gəldikdə;
- Dövlət mükafatları təqdim edildikdə;
- Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin əmri əsasında digər bayram və xatirə günlərində.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bayrağı, qısa tərəfi qızılı saçaqlı, ikiüzlü mavi qumaşdan və ağac dəstəkdən ibarətdir. Bayrağın tən ortasında sarı rəngdə, eyni məsafədə yanlara açılan qanadlar yerləşir.

Açılan qanadların ucları arasındakı məsafə 100 sm təşkil edir. Qanadlar elə yerləşdirilib ki, onun sağ tərəfi bayrağın sağ kənarından, sol tərəfi isə bayrağın sol kənarından 25 sm məsafədə yerləşir. Qanadların ortasında, aşağı və yuxarı hissəsi müvafiq olaraq bayrağın aşağı və yuxarı hissəsindən 30 sm məsafədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin embleminin əsas elementi olan səkkizguşəli ulduz yerləşir. Səkkizguşəli ulduzun altında ağ rəngdə aypara yerləşir. Ayparanın alt hissəsi qanadların alt hissəsi ilə üst-üstə düşür.

Yanlara açılan qanadlar, onun üzərində ayparanın iti ucları arasında yerləşən səkkizguşəli ulduz və aypara Aviasiya dəstəsinin emblemini təşkil edir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında “Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 300 saylı Fərmanı ilə təsdiq edilib.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, dövlət mühafizəsi üzrə hərbi hissəyə həvalə olunan xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Döyüş Bayrağı adı və nömrəsinin dəyişdirilməsindən asılı olmayaraq, Milli Qvardiyada həmişəlik qalır. Milli Qvardiyanın adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən Təqdimata yazılır.

Döyüş Bayrağı hər vaxt Milli Qvardiyada, döyüş meydanında isə Milli Qvardiyanın döyüş əməliyyatları bölgəsində olmalıdır. Milli Qvardiyanın bütün şəxsi heyəti tərəfindən fədakarlıq və mərdliklə qorunmalı, onun düşmən tərəfindən ələ keçirilməsinə yol verilməməlidir. Döyüş Bayrağı itirildikdə, Milli Qvardiyanın komandanı və bu rüsvayçılıqda müqəssir olan hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyətə cəlb olunmalı, Milli Qvardiya isə ləğv edilməlidir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqlıdır, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnən ikiqat bükülən üçrəngli ipək faydan hazırlanır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan aypara və səkkizguşəli ulduz tikilir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Milli Qvardiyanın emblemi yerləşir. Emblem ağ ipəkdən tikilir.

Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri tikilir. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı rəngli ipək sapla “Milli Qvardiya” sözləri tikilir. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənir, laklanır, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikeldən fiqurlu ucluq mövcuddur. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var.

Hərbi hissə və birləşmələrin Döyüş bayraqlarının orden lentlərinin təsviri

“Hərbi hissə və birləşmələrin Döyüş Bayraqlarının Orden lentlərinin Tətbiqi haqqında” Qanuna əlavəyə uyğun olaraq:

1. Orden lentləri Bayrağın ağacına, onun qumaşından yuxarıda bağlanır. Bir neçə ordenlə təltif olunduqda bayraqlara müvafiq sayda orden lentləri bağlanır.
2. Döyüş Bayrağının orden lentləri rozetkalı bantdan, lentin iki ucundan və iki qotazdan ibarətdir.

Orden lentinin hazırlanması üçün aşağıdakılardan istifadə olunur:

a) rənginə və şəklinə görə ordenə verilmiş lentə uyğun gələn, uzunluğu 250-270 sm, eni 10 sm olan ipək xara lent;
b) qırmızı ipək faydan hazırlanan, diametri 8 sm olan rozetka;
v) qızılı ipəkdən hazırlanan, ümumi uzunluğu 18 sm olan qotazlar.
Diametri 30 sm olan orden lentinin bantının dəyişkən sayda ucları olur.
3. Bir orden lenti olanda bant Bayrağın ağacına şaquli istiqamətləndirilən iki ucdan ibarət olur.
4. İki və daha artıq orden lenti olanda bant hərbi hissənin, yaxud birləşmənin təltif olunduğu bütün ordenlərin lentlərindən ibarət olur.
Bu hallarda böyük dərəcəli ordenin lentindən iki uclu bant bağlanır.
Bütün qalan ordenlərin lentlərindən banta yüksək dərəcəli ordenin uclarından yuxarı, ordenlərin dərəcəli ardıcıllığı ilə, soldan sağa yerləşən hər ordenə bir uc əlavə olunur.
5. Əgər hərbi hissə, yaxud birləşmə bir neçə yüksək dərəcəli orden lentinə malikdirsə, iki uclu bant yalnız bir lentdən bağlanılır, yüksək dərəcəli ordenin qalan lentlərindən isə banta hər ordenə bir uc əlavə olunur.
6. Bant bağlandıqdan sonra lentin qalan ucları üçbucaq şəklində hörülür və onlara qotazlar bərkidilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Bayraq   Rəmz  

Azərbaycan Respublikasının dövlət rəmzləri, SQ strukturlarının bayraqları - ARAŞDIRMA (FOTOLAR)

2019/09/ilham-1568962355.jpg
Oxunub: 1384     10:58     20 Sentyabr 2019    