“Ermənistanda hərbçini işgəncə ilə öldürüb, adından məktub yazdılar” – Vəkil detalları açır (FOTO)

2019/05/top-3113911156.jpg
Oxunub: 14511     11:24     04 May 2019    
“Cinayəti törədəcək şəxs ilk öncə Andranikin əl xəttini yaxşı oxşatmaq üçün qaralama yazı yazıb, daha sonra məktubu tərtib edib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il avqustun 20-də Ermənistanın Meğridəki hərbi hissəsində ölən, aprel döyüşlərində iştirak edən kapitan Andranik Mkrtçyan ölümündən əvvəl zorakılığa məruz qalıb.

Zorakılıq faktı məhkəmə tibbi ekspertizasının rəyində də təsdiq edilir. Onun bədənində 10-dək xəsarət, sıyrıntılar, qanaxma izləri aşkar edilib. Bu xəsarətlərin ona ölümündən 3-5 gün öncə edildiyi, hətta 1 gün öncə küt alətlə qətlə yetirildiyi ehtimal edilir.

Hazırda intihar etdiyi deyilən kapitanın işi üzrə yeni faktlar ortaya çıxıb. Belə ki, müstəntiqlər tərəfindən işin araşdırılmasında saxtakarlığa yol verildiyi bildirilir.

Xatırladaq ki, istintaq orqanı hadisə günü kapitan Andranik Mkrtçyanın nişanlısı ilə vidalaşdıqdan sonra idarə etdiyi “Folksvagen” markalı avtomobili ilə Aqarak şəhərinə geri qayıtdığı, yaşadığı yataqxanaya daxil olduğu, otaq yoldaşı ilə birgə yemək yediyi, ordan çıxaraq 3 dəqiqə ərzində hərbi hissəyə gəldiyi, bölüyün silah otağına daxil olaraq, öz avtomat silahını götürdüyünü və hərbi hissədəki iş otağına gedərək, orada intihar etdiyinin sübuta yetirildiyini bildirib. Müstəntiqlər intihara nəyin səbəb olduğunu açıqlamayıblar.

İlkin araşdırma orqanı tərəfindən verilən məlumata görə, intihar edən erməni kapitanın cibindən tapılan yazıda ölümünə görə heç kimin günahlandırılmaması qeyd edilib.

Hazırda bildirilir ki, yazıda kapitanın keçmiş zamanda yazması şübhəlidir. Hadisəni törədərkən indiki zamanda yazması daha doğru ola bilərdi. Qəribə cümlələrlə əhatə olunan bu məktub, istintaq orqanı tərəfindən hadisənin intihar olduğunu irəli sürməyə əsas verən yeganə sübutdur.


Valideynləri yazının məhz övladı tərəfindən yazıldığına və yazı xəttinin oğluna məxsus olmasına dair ekspertizanın rəyinə inanmadıqlarını bildirirlər.

“Təqdim edilən yazı oğluma aid deyil və Talışdakı döyüşlərdə iştirak edən oğlumun heç vaxt belə bir addım ata biləcəyinə inanmıram. Oğlum hərbi hissədə öldürülüb və bu fakt gizli saxlanılır”, - deyə ölən hərbi qulluqçunun atası Armen Mkrtçyan bildirib.

Fotoşəkildə, bir nüsxəsi təqdim edilmiş kağız parçasında təqdim edilən yazıda hərflərin düzülüş qaydasının natamam olduğu hiss olunur. Əşyalar arasında ölümündən sonra tapılan yazının qaralaması olduğu bildirilir. Ehtimal edilir ki, kapitanın ölümündən sonra bu məktubu yazan şəxs əvvəlcə xəttin oxşadılması üçün kağız parçasında məşq edib, ona görə də, bu qaralama yazı da unudulub. Tapılan qaralama kağız məktubun saxtakarlığını sübut edir.

Erməni ekspert Ruben Martirosyan bildirib ki, iş üzrə bütün materiallar və ekspertizanın rəyləri ilə ətraflı tanışdır: “Cinayəti törədəcək şəxs ilk öncə Andranikin əl xəttini yaxşı oxşatmaq üçün qaralama yazı yazıb, daha sonra məktubu tərtib edib. Öldürülən Andranik Mkrtçyanın cibində məktub tapılmadığını desələr də bu yalandır. Bu məktub bir neçə gün sonra yazılıb və hadisə yerinə baxış protokolları dəyişdirilib. Bütün sübut dəlillər saxtalaşdırılıb”.

Zərərçəkənin hüquqi varisi Hayarpi Sarkisyan Ermənistan Baş Prokurorluğuna müraciət edərək baş verənləri xatırlayıb.

“İlkin istintaq orqanı tapıldığı iddia edilən məktubun qaralamasının olduğunu bilsə də, onu istintaqdan yayındırıb. Qeyd edilən faktlar, iş üzrə əvvəllər cinayət işinin istintaqını aparan qrupla razılaşmamağa səbəb verir və istintaq qrupunun kənarlaşdırılmasını zəruri edir. Bu baxımdan, kapitanın ölümündən sonra məktubu yazan şəxsin tapılması üçün tədbirlər həyata keçirilməlidir”, - deyə vəkil etiraz edib.

Ermənistan Baş Prokurorluqdan isə bildirilib ki, vəkilin şikayətinə baxılıb və hərbi prokuror tərəfindən şikayətin rədd edilməsinə dair qərar qəbul edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin