Prezidentin köməkçisi: "Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir"

2019/05/3bcb9-1556951415.jpg
Oxunub: 30402     10:21     04 May 2019    
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordunu daha da inkişaf etdirərək, onu dünyanın ən güclü silahlı qüvvələri sırasına çıxarmağı bacardı. Respublikamızın hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığı nəticəsində ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmış, 20-dən çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

Prezidentin köməkçisi qeyd edib ki, hər il may ayının 10-u xalqımız öz tarixinin ən önəmli hadisələrindən birini - dövlət müstəqilliyimizi böyük hədələrdən qorumuş, onun itirilməsinə imkan verməmiş, müstəqilliyimizi möhkəmlətmiş, dövlət institutlarını, dövlətçilik ənənələrini yaradaraq inkişaf etdirmiş dahi bir şəxsiyyətin, ulu öndər Heydər Əliyevin anadan olma gününü qeyd edir: "Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddursa, bu dövlət mətanətlə öz ayaqları üzərində durmağı bacarırsa, onu dünyada tanıyırlarsa, bu, müstəsna dərəcədə ümummilli lider Heydər Əliyevin sayəsində baş vermişdir. Bu səbəbdən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi hesab olunur.

Bu il ümummilli liderin 96 illiyi qeyd olunur. Biz bir daha bu dahi şəxsiyyəti böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.

Ulu öndər Heydər Əliyevin fəaliyyəti o qədər şaxəli, onun Azərbaycan xalqı və dövlətinin həyatında rolu o qədər böyükdür ki, bunların miqyasını tam şəkildə yalnız gələcək nəsillər qiymətləndirə bilər.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Nəhayət, ölkədə çox səriştəsiz bir rəhbərlik var idi. Heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi. Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi".

Azərbaycanın sovet keçmişinə bağlayan tellərini qıran, müstəqillik simvollarını xalqa qaytaranın da məhz ümummilli lider olduğunu qeyd edən F. Ələsgərov, hələ 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsini xatırladıb: "Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır.

Biz xalq olaraq azərbaycançılıq ideologiyasının formalaşdırılmasına görə də dahi Heydər Əliyevə borcluyuq. Ümumiyyətlə, ümummilli lider 1970-ci illərin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində çox mühüm işlər görmüşdür. Əgər ulu öndərin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli liderin fəlsəfi baxışlarına görə azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin uğurlu təməli idi.

Ümummilli liderin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkənin bütün sahələrində durğunluq aradan qaldırıldı, iqtisadiyyatda, xarici siyasətdə, sosial sahədə, dövlət orqanlarının fəaliyyətində əsaslı dönüş və inkişaf başladı".

Ordu quruculuğuna da toxunan Prezidentin köməkçisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu istiqamətində də yeni bir mərhələnin təməlinin qoyulduğunu vurğulayıb: "Xüsusilə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırışla bağlı bütün problemlər öz həllini tapdı. Silahlı qüvvələrə dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, mənəvi baxımdan sağlam zabitlər cəlb olundu. Bu zabitlər içərisində ümummilli lider Heydər Əliyevin hələ 20-ci əsrin 70-ci illərində Azərbaycanın gələcəyini düşünərək yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları xüsusi rol oynayırdı. Eyni zamanda, ordumuzun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordunu daha da inkişaf etdirərək, onu dünyanın ən güclü silahlı qüvvələri sırasına çıxarmağı bacardı. Respublikamızın hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığı nəticəsində ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmış, 20-dən çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur.

Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel döyüşləri, həmçinin 2018-ci ilin may ayında Naxçıvan istiqamətində aparılmış əməliyyatlar Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirmişdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Heydər-Əliyev   Ordu  


Bizi "telegram"da izləyin