Paşinyanın hesabat şousu: Ermənistan HSK qlobal silah bazarına doğru "uçur" – EKSPERT

2019/03/96395-1553763292.jpg
Oxunub: 15890     13:43     28 Mart 2019    
Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan "Hökumət proqramlarının icrası və nəticələrinə dair hesabat" təqdim edib. Artıq bir ilə yaxındır hakimiyyətdə olan Paşinyan buna qədər hərbi sənaye kompleksinin inkişaf və perspektivləri haqqında yüksək materiya tərkibli bir neçə bəyanat səsləndirib.

Erməni KİV-ləri Paşinyanın çıxışını "Ermənistan silah bazarına öz məhsullarını təklif etməyə cəhd edəcək" başlığı ilə tirajlayıb. Paşinyanın çıxışı bir yana, sanki 27 illik tarixi boyu Ermənistan belə bir addımı heç atmayıb və ya buna cəhd də etməyib. Qeyd edək ki, bu addımlar və cəhdlər hər il atılır, lakin nəticələrinin uğurlu olduğunu demək mümkün deyil.

Paşinyanın sözlərinə görə, Ermənistan hərbi sənaye sahəsində mövcud olan layihələri sınaqdan keçirəcək və onların döyüş effektivliyinə əmin olduqdan sonra kütləvi istehsal yaradılacaq, həmçinin bu məhsullar ixrac yönümlü olacaq. Lakin gərək ixrac yönümlü məhsullar istehsal etməzdən əvvəl həmin məhsullar qoşun sınaqlarından keçirilsin, bu isə 1-2 il və ya daha çox zaman tələb edə bilər. Daha sonra ilk növbədə istehsalçı ölkənin silahlanmasına qəbul edilməli, hərbi əməliyyatlarda və ya döyüşlərdə tətbiq edilməlidir. Bundan sonra ixrac barədə danışmağa dəyər.

Paşinyanın rəhbərlik etdiyi "Mənim adımım" fraksiyasından olan deputat Andranik Koçaryan Baş nazirə hərbi sənayedə hansı işlərin görüldüyü barədə sual ünvanlayıb.

"Hərbi-sənaye kompleksi bizim böyük çətinliklərlə sərf etdiyimiz və tədqiqat üçün ayrılan kiçik məbləğləri sərf edə bilmədiyimiz sahələrdən biridir. Bu vəsaitləri sərf etmək üçün müəyyən infrastrukturlara, ilk növbədə peşəkar bacarıqlara ehtiyacımız var. Və bizim bu problemimiz mövcuddur.

Bizim siyasətimiz ondan ibarətdir ki, hərbi sənayenin hərəkətə keçməsi üçün onu ciddi maliyyə ilə təmin etməliyik. Bu gün bir sıra müvəffəqiyyətlərimiz var, bəzi inkişaflar var, nəticədə onlar çox ciddi bir seriya istehsalı ola bilər. Lakin indiki mərhələdə bizim vəzifəmiz bu inkişafları araşdırmaq, onların döyüş effektivliyinə əmin olmaqdan ibarətdir. Yalnız onların döyüş effektivliyinə əmin olduğumuz zaman kütləvi istehsalına başlayacağıq", - deyə Paşinyan sualı cavablandırıb.

Hələ fevralın 9-da Ordu.az saytında dərc olunan məqalədə "Ermənistan HSDK-nə qoyulan sərmayələrin dəyərinin ciddi cəhdlə gizlədilməsi, bu məbləğin əvvəlki illərdəki kimi miqdarının kiçik olması, həmçinin İrəvanın hərbi sənaye mühəndislərinin çatışmadığı ehtimal edilir" ifadəsini vurğulayırdım. Hazırda Paşinyanın bu ehtimalların bir çoxunu təsdiqlədiyi üçün təkrara yol vermirəm.

Paşinyan qeyd edib ki, kütləvi istehsalın başlanması zamanı nəzərə alınmalıdır ki, məhsullar yalnız erməni bazarını təmin etmək üçün yaradılmayacaq: "Bu ixrac edilməlidir. Dünyada silah bazarları çox böyükdür və biz təklifimizi orada verməyə çalışmalıyıq".

Burada yeni bir ideya yoxdur, HSK-ya aid bir tezisdir, təbii ki, 2 milyon əhalisi olan ölkənin daxili bazarına hesablanan müdafiə sənaye şirkəti tez və ya gec müflis olacaq. Bunu artıq Ermənistan yaşayıb. Həmin bağlanan müəssisələrin adlarının yuxarıdakı məqalədən də görə bilərsiniz.

Paşinyan sonda qeyd edib ki, hökumətin struktur dəyişikliklərinin həyata keçirilməsində əsas məqsədlərindən biri hərbi-sənaye kompleksinin bütün fəlsəfəsi və məntiqini dəyişdirməkdir.

"Məsələn, başqa yerlərdə uzun müddət istehsal edilən bir silah növünü istehsal ediriksə, açığı mən bunu hərbi-sənaye kompleksi hesab etmirəm. Bizim fikrimizcə, hərbi sənaye kompleksi yeni texnologiyalara əsaslanmalıdır. Biz yeni bir şey yaratmalıyıq, Ermənistanın öz ideyalarına malik olmalı və onları həyata keçirməlidir", - deyə o vurğulayıb.

Daha öncə də 1960-ci illərdə istehsal edilən SSRİ atıcı silahlarının daxili konstruksiyasına toxunmadan, TTX-sını yüksəltmədən, cüzi xarici görünüş dəyişikliyini, məsələn 7.62 mm PKT pulemyotunu ikiayaqlı dəzgah üzərinə yerləşdirib, elektrik çaxmağın 60 il əvvəldən mövcud olan naqilini bir az uzatmaqla Paşinyana və Tonoyana yeni silah ailəsinin yaradılması kimi təqdim edilməsi barədə yazmışdıq. Görünür, bəzi vəzifəli şəxslər 45 gündən sonra Paşinyana yeni silahların 60 yaşlı sələfləri ilə 95% eyni olduğunu başa sala bilib.

Əslində Paşinyan bir cümləni düz deyir: "Hamının istehsal etdiyini təkrar istehsal etmək HSK demək deyil". Bununla razılaşmamaq olmaz və bu bütün ölkələr üçün keçərlidir. Lakin yeni idealarının yaranması, mövcud beyin axını və aşağı əmək haqqı fonunda çox da real görünmür. Bunun üçün həm ciddi infrastruktur (elmi araşıdırma mərkəzləri, ali məktəb fakültələri, konstruktor büroları, istehsal müəssisələri), həm də ortaq xarici şirkətlərin ciddi maliyyə resurslarına ehtiyac mövcuddur. Ermənistanın isə daxili imkanlar hesabına ciddi bir silah sistemi yaratmaq imkanı məhduddur. Bu günə qədər yaratdıqları və son dəfə BƏƏ-də keçirilən sərgidə təqdim etdikləri PSO-1 nişangahı, K-8 snayper tüfəngi, T-72 nişangahı, 3K01M - Lazer elektro-optik sistemi, RİA1 induktiv minaaxtaranı, GS47/1707 zirehli gödəkçəsi və s. məhsullar barədə fevralın 20-də geniş məlumat vermişik. Bu avadanlıqlardan yalnız 3K01M - Lazer elektro-optik sistemi yeni sistemi adlandırıla bilər, digərləri isə 15-60 il ərzində müxtəlif ölkələrdə istehsal olunub.

Paşinyan sonda HSK-nın strateji bir istiqamət olduğunu bildirib. Fikir səhv olmasa da, bu strateji istiqamətin əldə etdiyi uğurlar hələlik kağız üzərində qalmaqdadır.

Buna inanmaq üçün isə Andranik Koçaryan gələn dəfə patronu ilə görüşəndə ona bu suallar ilə müraciət etməlidir:

- 1 il əvvəl verilən vədlərlə, dünən səslənənlər arasında fərq nədən ibarətdir?
- Strateji istiqamətin real müstəqil və ya ortaq layihələrinin eskizlərini yaratmağa bir il kifayət etmədi? Real istehsal üçün daha nə qədər zamana ehtiyac var?
- HSK-nın istehsal etdiyi məhsullardan hansını, haraya və hansı məbləğdə ixrac edə bilmisiniz?
- Ermənistan Müdafiə Nazirliyi tabeliyində olan HSDK-nın məhsullarını niyə silahlanmaya qəbul etmir?


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   HSK   İflas  


Bizi "telegram"da izləyin