Kerobyan verdiyi müsahibədə ərəb ölkəsindəki sərgi zamanı ilk növbədə lazer, termal və radiolokasiya avadanlıqlarının, həmçinin ilk dəfə nümayiş etdiriləcək zirehli gödəkçənin diqqət çəkməsini gözlədiyini bildirib.
Nümayiş etdirilən məhsullar arasında pilotsuz uçuş aparatları, elektro-optik cihazlar, həmçinin təchizat vasitələri də yer alıb.
İndi isə Ermənistanın sərgi zamanı nümayiş etdirdiyi avadanlıqlara daha yaxından nəzər salaq. Görəsən, hər şey Kerobyanın dediyi kimi diqqətçəkici olubmu?
Ermənistanın zərbə PUA-sı

İki il əvvəl İrəvanda keçirilən ArmHiTec 2016 silah və hərbi texnika sərgisini xatırlasaq görərik ki, həm miqyasına, həm də iştirakçı sayına görə bu sərgi olduqca kiçik və təvazökar olub. İndiyə qədər Ermənistan şirkətləri əsasən Rusiya istehsalçıları tərəfindən hazırlanan PUA-ların montajı və satışı ilə məşğul olan distributor kimi sərgidə təmsil olunublar. Bu barədə məlumatlar sərgidə yayımlanan reklam materiallarında da əks olunurdu. Şirkət nümayəndələri adətən rusiyalı tərəfdaşları ilə əlaqələri barədə məlumat verməkdən imtina edirdilər. Lakin, onların nümunələrində “Rusiya izini” görmək mümkün idi. Əvvəlki sərgilərdə 5-10 kiloqram çəki ilə kiçik sinif dronlara aid “Photobot”, “Supercam S-300M”, “Supercam S-350” modellərinə oxşar cihazları görmək olardı.
2016-cı ildə Ermənistan ordusunun məğlubiyyətinin nəticələrinin aradan qaldırılması məqsədilə “ProMAQ” şirkətlər qrupu yaradıldı. Onun tərkibinə isə öz məsuliyyət sahəsi olan bir sıra şirkətlər daxil edildi. Bu şirkət də yeddi və ya səkkiz kəşfiyyat və zərbə tipli PUA modelini hazırladığı barədə məlumatlar verdi.
Yaxın günlərdə Əbu Dabidə təşkil olunan İDEX-2019 sərgisində Ermənistan “ProMAQ” şirkətlər qrupu öz məhsullarından bir neçəsini, o cümlədən gəzən sursat sinfinə aid olan uçan aparat nümunələrini təqdim etdi. Konstruksiya olaraq istənilən vasitənin korpusunu və ya məhdud imkanlarla prototipini yaratmaq mümkündür. Lakin zərbə tipli PUA-ların bəzi əsas xüsusiyyətlərinin tətbiq edilməsi hələ də “ProMAQ” üçün əlçatmazdır. Məsələn, şirkət nümayəndələri PUA-nın səssiz mühərrikə sahib olması, küləkli və məhdud görüntü şəraitində sınaqları, hədəfə kilidlənməsi və ya hədəf aşkarlamdıqda geri qaytarılması barədə susmağa üstünlük verirlər. Ermənistanın istehsal etdiyi “yüksək imkanlara malik” PUA-lardan hələlik yalnız erməni ordusu istifadə edir. Əslində onların başqa çıxış yolu da mövcud deyil, çünki onları heç kim İrəvana pay vermək niyyətində deyil.
İndiyə qədər istehsalçı şirkət jurnalistlərin “Xaricdə istehsal edilən bu növ avadanlıqlardan üstün cəhəti nədir?” sualına “Müdafiə Nazirliyi onların istehsalı ilə maraqlanır” deyə cavab verir. Ermənistan Müdafiə Nazirliyinin digər alternativləri olduğunu zənn etmirəm.
Xatırladaq ki, yarandığı qısa müddət ərzində şirkət “Hreeş” (Monstr) PUA-sını istehsal edərək içtimaiyyətə nümayiş etdirib. Şirkət mühəndislərinin sözlərinə görə, “Hreesh” zərbə tipli bir modeldir, ağırlığı 7 kq olan PUA 1.6 kq yük qaldıra bilir.
“Hreeş” zərbə və kamikadze pilotsuz uçuş aparatının uçuş hündürlüyü 1 km, uçuş məsafəsinin 40-50 km-ə çatdığı, rəqibin 20 km məsafədə birbaşa görüntüdən kənar olan gizli obyektlərini məhv etmək üçün nəzərdə tutulduğu bildirilir. Döyüş başlığı avtomatik rejimdə zirehli vasitələr də daxil olmaqla, hər hansı bir hədəfə zərbə endirməyə qadir olduğu iddia edilir. “Hreeş”in Ermənistanın ilk zərbə PUA-sı olduğunu nəzərə alsaq, BƏƏ-də təqdim edilən PUA-nın onun əsasında hazırlandığını ehtimal etmək olar.
KB-X şirkətinin nümayəndəsi 2018-ci ilin martın 30-da Analitikaua.net saytına bildirib ki, “erməni PUA-larının dünyada analoqu yoxdur”. Aylarla PUA-ların stratosferdə hədəf axtardığı bir dövrdə 1-2 km yüksəklikdə maksimum 5 saat saat müşahidə aparan PUA-nı “dünyada analoqu olmayan” vasitə kimi təqdim etməyi yalnız KB-X şirkətinin nümayəndəsinin mənsub olduğu etnos bacarardı.
Xatırladım ki, Azərbaycan Ordusunun 1-ci eşalon bölmələrinin əsgərləri istifadələrində olan atıçı silahlar vasitəsi 2015-2016- cı illər ərzində 20 ədəd, 2017-ci ildə 5 ədəd, 2018-ci il ərzində 4 ədəd, yəni 4 ildə 29 ədəd Ermənistanın “dünyada analoqu olmayan” PUA-sını məhv edib. Hesab edirəm ki, şərhə ehtiyac qalmır.
K-8 snayper tüfəngi

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan IDEX-2019 hərbi sənaye məhsulları sərgisində Ermənistanın hərbi sənaye müəssisələrinin təqdim etdiyi hərbi təyinatlı məhsullardan biri də 7.62 mm-lik K-8 sinayper tüfəngi oldu. Əslində isə K-8 tüfəngləri, 1957-63-cü illərdə Yevgeni Draqunovun rəhbərliyi altında SSRİ-də hazırlanan və 1963-cü il iyulun 3-də Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilən 7.62 mm-lik “Draqunov” snayper tüfənginin (SVD, GRAU indeksi 6B1) modifkasiyasıdır. Burada qətiyyətlə heç bir yeni snayper tüfəngindən söhbət gedə bilməz. Hər iki modelin 7.62 mm çapa, 620 mm lülə uzunluğuna, 7.62X54 mm mərmi tipinə, eyni NSPU geçəgörmə və ya PSO optik nişangahına, eyni çəkiyə, eyni atəş məsafəsinə və s. malik olması ermənilərin yarım əsr bundan əvvəl hazırlanan növbəti rus silahını erməni “nou-xau”su kimi dünyaya sırımağa çalışdığını göstərir. Ermənilərin burada tətbiq etdiyi yeganə yenilik 69 il əvvəl 5.45 mm-lik RPK-74 əl pulemyotunda mövcud olan iki ayaqlı dayağı K-8 tüfəngində istifadə etmələridir. Ermənistan ordusunun silahlanmasında K-8 snayper tüfənglərindən bu günə qədər istifadə etməməsi də müəyyən suallar yaradır. Buna səbəb kimi, bəzi mənbələr silahın normal döyüş vəziyyətinə gətirilməsində və lülənin davamlılıq məsələlərində problemlərinin olduğunu qeyd edirlər. https://papkin1.livejournal.com/306859.html
PSO-1 snayper nişangahı

Çox rahatlıqla “snayper optikasının babası” adlandırıla biləcək 57 illik bir nişangah erməni hərbi sənayesinə görə bir yenilikdir.
Demək olar ki, əksər ölkələrin imtina etdiyi və ya ən azından silahlanmadan çıxarmağa hazırlaşdığı optik və ya qoloqrafik nişangahların Ermənistanın hərbi sənaye kompleksi tərəfindən yeni məhsullar kimi bazara çıxarması və sərgilərdə təqdim etməsi sadəcə görüntü yaratmaq məqsədi daşıyır.
PSO snayper nişangahının digər bir çatışmamazlığı, lülə qutusuna zəif bərkidilməsidir və bu nişanalma zamanı üfuqi dəyişikliklərin tez-tez qarışmasına səbəb olur. Optik işıqlandırmanın zəifliyi (sarı rəngin çalarlarında olan nişangah optikasına rast gəlinir) və batareyanın zəif bağlanması, hədəf torunda işıqlanmanın yoxa çıxmasına, yəni snayperin “silahsız” qalmasına səbəb olur.
PSO-1 nişangahının digər çatışmazlıqları:
1. 300- 400 metrdən uzaq məsafədə hədəf müəyyənləşdirməyə imkan vermir;
2. Hədəfdən yayındıqda atəşin nizamlanması mürəkkəb bir prosesdir;
3. Nişangahın açıq rəngdə korpusa və parıltılı nizamlama dəstəklərinə malik olması snayperin mövqeyinin aşkar olunmasına səbəb ola bilər;
4. İnfraqırmızı işıqlandırıcı ilə şüalandırılan lokal obyektlər (hədəflər) görünməz olur;
5. Nişangahın lampasının tez-tez yanması və nişangahın daxilində işıqlanması ilə snayperin fəaliyyətinin aşkar edilməsi;
6. Batareyaların çox dar bir temperatur diapazonunda çalışması (-5 dərəcə şaxtada batareyanın torun normal işıqlandırılması üçün lazım olan gərginliyin verilməsini dayandırması);
7. İşıqlandırma lampasının fasiləsiz enerji təminatını təmin etmək üçün ehtiyat hissələr və aksesuar dəstləri komplektində əlavə batareyanın nəzərdə tutulması isə snayperin yükünü artırır və s.
8. Parallaks (müşahidəçinin mövqeyinə uyğun olaraq, obyektin görüntüsünün uzaq fona nisbətən dəyişməsi) və hədəf toru qətnaməsinin nizamlanması mümkün deyil.
PSO-1 nişangahı da 1963-cü ildə “Draqunov” snayper tüfəngi (SVD) ilə birgə SSRİ silahlanmasına qəbul edilib, artıq həm tüfəng, həm də onun nişangahı öz təyinatına uyğun gəlmir. 56 yaşlı silah və onun nişangahının bu günün tələblərinə cavab verəcəyini gözləmək də absurd olardı. Lakin bu nişangahlar 300-400 metr məsafədən sonra maskalanan hədəfi “əraziyə yayırlar”, yəni hədəf ətraf ərazidən seçilmir. Buna şübhəsi olanlar demək olar ki, hər il keçirilən snayper yarışlarında snayperlərin hansı nişangahla silahlandığına diqqət etsinlər.
T-72A tankının tuşlayıcı nişangahı

Ermənistan hərbi sənayesinin sərgidə növbəti yenilik kimi təqdim etdiyi nümunə T-72 tanklarında quraşdırılan tuşlayıcının əsas nişangahı oldu. Ermənistan istehsalçısı bu nişangaha hələlik heç bir ad verməyib, bunun bəlli məqsədləri var. Bu nişangahın istehsal tarixi 1973-cü ildən də əvvələ təsadüf edir. İlk tanklarda bu nişangah TNP-1, sonradan isə TNP-3 adı ilə istehsal edilib. Bu nişangahlar arasında örtük materialı xaric heç bir fərq yoxdur (TPN-3 əlavə antineytron maddə ilə örtülür, müasir nişangahlarda isə kevlardan istifadə edilir). http://tank.deagostini.ru/forum/viewtopic.php?f=5&t=1926&start=800
Onlar Rusiya, Ukrayna və Belarusun sənaye müəssisələrində bir neçə dəfə modernləşdirilib. Nişangah optik və termal kanala, lazer məsafəölçəninə və lazer idarəetmə kanalına malikdir.
Ukraynanın UA.RPA şirkəti də bu nişangahın modernləşməsini 10 il bundan əvvəl həyata keçirib və patentini də əldə edib. Şirkətin istehsal etdiyi tuşlayıcı nişangahına ТPN1-49-23UМ adı verilib. Onun resursu 5000 il, fasiləsiz fəaliyyət müddəti 8 saat, işçi rejimə keçidi 1 saniyə, temperatur diapazonu -40°S-dən +50°S-yə qədər təyin edilib. http://uarpa.com/uk-UA/Prystroi-nichnogo-bachennya/Modernizovanyj-prylad-nichnogo-bachennya-TPN1-49-23UM.aspx?ID=36
Nişangaha hələlik heç bir adın verilməməsi patentin əldə olunmaması ilə bağlı ola bilər. Əgər Ermənistanın adsız nişangahı Ukraynanın 10 il əvvəlki uğurunu yeniləyə bilibsə, o zaman TTX-sı açıqlanmalıdır. Çünki hazırda bütün dünyada tankların modernləşməsi, onların istehsalından daha geniş vüsət alıb. Buna görə də modern nişangahlara daim böyük tələbat mövcuddur.
TPN-1M-49-23 nişangahları illərdir Rusiyanın Üzüm cihazqayırma zavodu tərəfindən də istehsal edilir. http://www.army-guide.com/rus/product5089.html
İndi isə Ermənistan hərbi sənayesinin məhz T-72A tankının termal nişangahının istehsal etdiyinə dair məsələyə aydınlıq gətirmək üçün bu tankların model sırasını yada salaq.
T-72A literindən göründüyü kimi, T-72 sovet tank ailəsinə məxsus ən birinci, yəni sadə və primitiv modeldir, ikinci tank nəslinə aid ilk tankdır. T-72A döyüş vasitəsi sonradan modernləşmələrə məruz qalaraq, T-72AK, T-72M, T-72M1, T-72M1M, T-72AV, T-72B, T-72BK, T-72S, T-72S1, T-72BM, T-72B3, T-72B3M və T-72B4 modellərinə qədər inkişaf edib. Tank modernləşməsi Ermənistanda mümkün deyil, bunun üçün texnoloji baza da mövcud deyil. Bu da daim onlardan istifadə edən ekipajların, tankçı zabitlərin və hərbi ekspertlərin haqlı narazılıqlarına səbəb olur. Tankların Rusiyaya göndərilməsi də ağlabatan deyil, bunun üçün Ermənistan Müdafiə Nazirliyinin kifayət qədər vəsaiti yoxdur, daşınma üçün yalnız hava yolu açıqdır, lakin onların daşınmasını həyata keçirəcək nəqliyyat təyyarələrinin resurları kifayət etmir, yeni nəqliyyat təyyarələrinin alınması isə İrəvanın imkanları xaricindədir. Belə bir tipik vəziyyətdən çıxmaq üçün sənaye şirkətlərinə tank modernləşdirilməsinin elementlərini təşkil edən yeni avadanlıqlardan heç olmazsa birinin istehsal edilməsi həvalə edilir. Nəticə göz qabağındadır. Adsız, sertifikatsız, müştərisiz və plagiat bir nişangah hazırdır. Bu nişangahın erməni olmayan ilk müştərisi hamı kimi, mənim üçün də çox maraqlıdır.
3K01M - Lazer elektro-optik sistemi

3K01M - Lazer elektro-optik sistemi, düşmənin optik və elektro-optik avadanlıqlarının aşkar edilməsi və basdırılması üçün nəzərdə tutulur. Ermənistanın “LT-Pırkal” şirkətinin istehsal etdiyi vasitə ilk dəfə Rusiyada keçirilən “Ordu-2017” üçüncü beynəlxalq hərbi-texniki forumda nümayiş etdirilib. Əvvəllər mexaniki idarə olunan bu modellərin təqdim edilən fotolarına inansaq, artıq avtomatik rejimdə fəaliyyət göstərir.
Bu kompleksin lazer şüasından istifadə edərək rəqibin optik və elektro-optik sistemlərini sutkanın istənilən vaxtında 2.5 km məsafədə aşkar etdiyi, bundan sonra isə daha güclü bir lazer şüasından istifadə etməklə rəqibin nişangahlarını “kor etmək” üçün istifadə edilə biləcəyi iddia edilir. 1.5 km məsafədə rəqib optikasının təmamilə sıradan çıxarıldığı və bu optikadan istifadə edən snayperin kor ola biləcəyi də iddialar arasındadır. Lakin şirkətin istehsal etdiyi məhsulların tətbiqinə aid videogörüntülərin qeydə alınmaması, digər ölkələr tərəfindən marağa səbəb olmaması, iki il ərzində ön xəttdə bir nəfər də olsun rəqib snayperin gözünü itirməməsi və s. məhsulun bəyan edilən texniki xüsusiyyətlərə uyğun olmaması barədə müəyyən təsəvvür yaradır. Əks təqdirdə Azərbaycanda snayper qalmazdı. Digər tərəfdən snayperlər 1.5 km-dən daha uzaq mənzilli snayper tüfənglərindən istifadə edərsə, 3K01M lazer elektro-optik sistemi nə işə yarayacaq?
RİA1 induktiv minaaxtaran

İlk induktiv minaaxtaranlar keçən əsrin 60-cı illərində yaradılmağa başlayıb. Suda, qarda və quruda quraşdırılan tank və piyada əleyninə minaları aşkar etmək üçün nəzərdə tutulan ilk sovet İMP-2 induktiv minaaxtaranı 1970-ci ildə Tomsk ölçmə avadanlıqları zavodu tərəfindən istehsal edilib.
Bir çox ordular, o cümlədən erməni ordusu onlardan bu gün də istifadə edir. Ermənistanın “Elektron” zavodu da eyni minaaxtaranın bazasında kopyaladığı vasitəni RİA1 adlandıraraq yerli müasir texnologiya adı ilə ictimaiyyətə təqdim edir. Xüsusiyyətləri tam bəlli olmasa da, RİA-1 minaaxtaranının göstəricilərinin sələflərindən yüksək olması mümkün deyil. Əgər belə bir vəziyyət mövcud olsaydı, çoxdan erməni təbliğat-təşviqat maşını işə düşərdi. PUA-lar barədə verilən məlumatı xatırlayın: Ermənistan “dünyada analoqu olmayan” PUA istehsal edir.
Minaaxtarandan bəhs edərkən ilk növbədə onun müxtəlif mühitlərdə fərqli mina modellərinin aşkarlama dərinliyini, hər növ mina üçün aşkaretmə zonasının diametrini, axtarış tezliyini, fasiləsiz fəaliyyət müddətini elan etmək vacibdir, əks halda onu digər analoqlar ilə qarşılaşdırmaq və ya müqayisə etmək mümkün olmur. Deməli belə bir müqayisəni heç istehsalçı şirkətin özü də arzu etmir. Heç kim məxfiçiliyi və s. arqumentlər gətirməsin. İnternet maqazinlərdən istənilən konstruksiyada minaaxtaranın ən yaxşılarını 200 dollardan başlayan qiymətlərlə almaq olar. http://markakachestva.ru/rating-of/948-luchshie-metalloiskateli.html
OSA-AK kompleksinin mikrodalğalı tranzistor gücləndiricisi

Bu tip mikrodalğalı tranzistor gücləndiricisi keçmiş SSRİ ərazisində - Rusiyada, Ukraynada, Belarusda və Polşadakı zavod tərəfindən 60 ildən çoxdur ki, 10-a yaxın modifikasiyada istehsal edilir. Bu komplekslər artıq müasir hava hədəfləri ilə mübarizədə effektiv hesab edilmir. 60 yaşında və 18 ton kütləyə malik kompleksin 50 qram çəkisində olan mikrodalğalı tranzistor gücləndiricisi kimi kiçik bir detalının istehsalı Ermənistan hərbi sənayesinə hansısa töhfəni verəcəyi real məsələ deyil. Belə detalları bir çox internet üzərindən fəaliyyət göstərən portallar vasitəsilə əldə etmək mümkündür.
MJ-25 yarı stasionar radiolokasiya stansiyası

Ermənistan hərbi sənayesinin Əbu Dabidə nümayiş etdirdiyi məhsullardan biri də ultra qısa diapazonda sektoral fəaliyyət göstərən MJ-25 yarı stasionar radiolokasiya stansiyasıdır.
İstehsalçının iddiasına görə bu RLS-lər stels təyyarələr də daxil olmaqla, bütün aerodinamik hədəflərin (hərbi təyyarələrin, helikopterlərin, qanadlı raketlərin) aşkarlanmasına və müşayiət edilməsinə imkan verməklə bərabər daha geniş sektorda hava sahəsinə nəzarət keyfiyyətini artırır.
Stels texnologiyanı aşkarlamaq üçün bir çox dünya nəhəngləri illərdir çalışır, lakin hələ də qanedici nəticə əldə edilməyib. Bu nəticə əldə edildikdə son nəsil stels qırıcılar ilə əvvəlki nəsil qırıcılar arasında mövcud olan böyük qiymət fərqi minimuma enəcək. Hərbi təyyarələrin RLS görünməsi “Effektiv Dispersiya Sahəsi” (EPR) adlanan göstəricidən asılıdır. Bu formal olaraq sahə vahidi ilə ölçülür və təyyarənin elektromaqnit dalğasını əks etdirmək üçün xüsusiyyətlərini ifadə edən kəmiyyət göstəricisidir.
“Effektiv Dispersiya Sahəsi” nə qədər kiçik olarsa, uçan təyyarəni aşkar etmək bir o qədər çətin olur, ən azından onun aşkarlanma məsafəsi azalır. Köhnə bombardmançıların EPR göstəricisi 100 kvadrat metrə çatırdı, adi müasir qırıcılarda isə 3-12 kvadrat metrə, stels qırıcılarda isə təxminən 0.3-0.4 kvadrat metrdən aşağı göstəriciyə bərabərdir. “Lockheed” F-117 “Night Hawk” təyyarələrində bu göstərici uçuş rakursundan asılı olaraq 0.01-0.025 kv.m arasında dəyişirdi. F-35 qırıcısı isə 0.001 kv.m EPR-ə malikdir.
Ermənistan hərbi sənayesinin istehsalı olan MJ-25 yarı stasionar radiolokasiya stansiyasının belə cüzi “Effektiv Dispersiya Sahəsinə” malik hədəfləri aşkarlaması və müşayiət etməsi ağ yalandan başqa bir şey deyil. Belə bir texnologiya Ermənistanda mövcud olsaydı, ölkəyə gələn maliyyə axınını yerləşdirmək üçün İrəvana yeni Dünya Bankı və ya Beynəlxalq Valyuta Fondu yaratmaq lazım olardı.
GS47/1707 zirehli gödəkçəsi

Ermənistanın “Elektro-optik Tədqiqat və İstehsal Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən istehsal etdilən zirehli gödəkçələr də bu sərgidə nümayiş etdirilib. Bu gödəkçələrin də yaranmasına səbəb Ermənistan ordusunun 2016-cı ilin yaz hərbi kompaniyasında məruz qaldığı uğursuzluqlar olub.
Ermənistan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvləri, kimya elmləri doktorları Sevan Davtyan və Anahit Tonoyanın birgə hazırladığı zireh gödəkçələrin plitələrinin çəkisi 2.2-2.3 kq-dır, istehsalçı şirkət hazır gödəkçələri keçən il Ermənistanın Müdafiə Nazirliyinin atəş poliqonunda sınaqlardan keçirib. Zirehli gödəkçələrin “Vaqan” adlandırılan plitələrinin 10 metr məsafədə atılan mərmilərə, hətta minalara davam gətirdiyi iddia edilir. Lakin keçən il ərzində sifariş verilməsi gözlənilsə də, hələlik bu baş verməyib. Hətta müqavilə imzalanması barədə məlumatlar belə yoxdur. Şüşə kristal material əsasında hazırlanan zirehli gödəkçələr texnoloji baxımdan keçən əsrdən mövcuddur və heç bir halda müasir texnologiya hesab edilmir. Eyni zamanda zirehli gödəkcələrin hansı sinifə və standarta uyğun olduğu barədə məlumat verilmir.
Artıq bir çox ölkələr bu əsrin əvvəllərindən zirehli gödəkcə istehsalında plitələrin şüşə kristal texnologiyasından aramid lifli (ABŞ-da buna kevlar, Avropada tvaron deyilir) texnologiyaya keçiblər.
Son illərdə isə istehsalçılar zirehli gödəkcələrin çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına, əsgəri xüsusi təzyiqli və zirehdələn mərmilərin zədəsindən və təsirindən qorumağa imkan verən nanotexnologiyalardan - qrafendən, “nanoborudan” və “maye zireh” texnologiyasından istifadə etməyə başlayıblar. Odur ki, belə bir ciddi rəqabətin mövcud olduğu zirehli gödəkçələr bazarında 3 nəsil əvvəlki şüşə kristal texnologiyadan hazırlanan hansısa məhsulun diqqət cəlb edəcəyi gözlənən deyil.
Bu gün “Sputnik Armenia” agentliyi Ermənistan tərəfindən Suriyaya göndərilən istehkamçıların şəkillərini paylaşdı. Bu şəkillərdə də erməni istehkamçıların yerli istehsal olan GS47/1707 zirehli gödəkçələrindən istifadə etmədikləri məlum oldu, bu isə bəzi sualların yaranması ilə nəticələndi. Məsələn, əgər Ermənistanın hazırladığı zirehli gödəkçələr bəyan edilən xüsusiyyətlərə malikdirsə, nədən onlarla döyüş əməliyyatları zonasına göndərilən şəxsi heyət təmin edilməyib?
Erməni ordusunun yeni uzunboğaz çəkmələri

Ermənistan ordusu yarandığı 27 il ərzində hələ də uzunboğaz çəkmələrin dizayn və materialı ilə bağlı son qərarını verib qurtarmayıb. Bu məsələyə zaman sərf etməyə də dəyməz. Dünyada elə bir ordu yoxdur ki, əsgərinə uzunboğaz çəkmə almasın və ya tikdirməsin.
Hələ 2017-ci ilin yanvarın 27-də Ermənistanın əvvəlki Müdafiə naziri Vigen Sarkisyan “Armenpress” saytına verdiyi müsahibədə erməni ordusunun ayaqqabılarının beynəlxalq marka olmasını arzu edirdi: “Bu, bizim üçün son dərəcə vacib bir məsələdir və biz artıq müəyyən nəticələrə sahibik. Bəzi dəyişikliklər artıq həyata keçirilib, hazırda çəkmələrin boğazı dəri əvəzləyicisindən deyil, artıq dəridən tikilir”.
Belə çıxır ki, erməni ordusunun ən vacib problemi olan uzunboğaz çəkmə problemi yalnız 2017-ci ildə həllini tapmağa yaxınlaşıb. Çəkmələrin eks-nazirə təqdim edilməsi və əsgərin onu ayağına geyinməsi arasında bəzən illər keçə bilər. Bu problemin tam həll edildiyini təsdiqləyən məlumatlar mövcud deyil.
Bu ilin yanvarın 28-də “Azadlıq” radiosunun erməni bölməsinin “Facebook”da yayımlanan onlayn mətbuat konfransında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirdi ki, geyim, alt paltar və əsgər çəkmələri ilə təchizata başlanılsa da, proses hələ bitməyib. Əslində bu proses bütün ordularda paralel başlayır və 1-2 gündə başa çatır. Ermənistanda prosesin uzanması, təchizat imkanlarının məhdud olduğundan xəbər verir.
Bütün yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, Ermənistan hərbi sənayesi status-kvonu qoruyub saxlamaq istiqamətində siyasi rəhbərliyin qəbul etdiyi qərarlara uyğun olaraq, bəzi silah və avadanlıqlar istehsal etməyə çalışır. Lakin maddi-texniki baza 50-60 il qabaq istehsal edilən, bəzi ölkələrdə isə artıq silahlanmadan çıxarılan silah sistemlərinin elementlərinin istehsalından başqa fəaliyyətə imkan vermir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az