Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçaturovun vəkili Qriqor Bekmezyan məhkəmədə şikayətin məğzini açıqlayıb.
O, Stepan Qriqoryan tərəfindən keçirilən mətbuat konfransında dediklərini xatırladaraq bildirib ki, “1 Mart” hadisələri barədə danışarkən, qəflətən 2-5 aprel 2016-cı ildə baş verən döyüşlərə keçid alır və onun iştirakından danışır.
Stepan Qrqiqoryan mətbuat konfransında belə deyib: “Burada başqa məsələ var. Xaçaturovla bağlı mən əminəm ki, yalnız “1 Mart” hadisələrində onun rolunu yox, həm də 2016-cı ildəki aprel döyüşlərində iştirakını yoxlamaq lazımdır. Mən dəfələrlə demişəm ki, mənim üçün təəccüblüdür, bir neçə general müharibə dövründə ya öz yerində olmayıb, yaxud müxtəlif yerlərdə olmaqla xidməti yerlərinə vaxtında gəlməyiblər. İkincisi isə, mən təklif etmişəm ki, həmin generalların və qohumlarının hesabları aprel döyüşlərinədək olan dövrdə və dərhal müharibədən sonra olan dövr üçün yoxlanılsın. Ona görə ki, ərazilər havayı təhvil verilmir, nə onlar, nə də biz sadəlövh deyilik. Ərazilərin təhvil verilməsi ciddi məsələdir və hamını yoxlamaq lazımdır. Mən təklif etmişəm ki, Xaçaturovla bağlı araşdırma Milli Təhlükəsizlik Xidməti tərəfindən açıq, ictimai şəkildə aparılsın. İndi sizə təklif edirəm ki, onun və qohumlarının son dövrlərdəki hesabları yoxlanılsın. Ona görə ki, sadəlövh adam yoxdur, başa düşürük, elə hesab etməsinlər ki, biz axmaq, qanmazıq və ərazilərin havayı təhvil verilmədiyini anlamırıq, 2016-cı ildə ərazilər təhvil verilmişdi....”.
Stepan Qriqoryanın ifadəsini səsləndirdikdən sonra Xaçaturovun vəkili Bekmezyan qeyd edib ki, generalların ünvanına ittiham ifadəsi səsləndirilərkən bu, hüquqlarını müdafiə etdiyi şəxsə də aid olur. Xaçaturov, şərəf və ləyaqətinin alçaldılmasına görə, dəyən ziyanın ödənilməsi və təkzib edilməsinə məcbur etmək üçün Stepan Qriqoryanı 2018-ci ilin yayında məhkəməyə verib.
Qeyd edək ki, Xaçaturov qeyri-maddi ziyan olaraq Stepan Qrqioryandan 2 milyon dram tələb edir. Qrqiqoryanın hüquqlarını müdafiə edən vəkil isə bildirib ki, səsləndirilənlər ümumi ittiham olub və konkret şəxsə ünvanlanmayıb. İttihamla bağlı müdafiənin təşkil olunması və yazılı təqdim edilməsi üçün vəkil məhkəmədən vaxt xahiş edib.
Növbəti məhkəmə prosesi 18 fevral saat 16:00-a təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az