Ordu.az xəbər verir ki, bu sözləri erməni diplomat Arman Melikyan erməni KİV-lərinə müsahibəsində deyib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə keçiridiyi görüşlə bağlı Nikol Paşinyanın verdiyi açıqlamanı qənaətbəxş hesab etməyib və daha aydın açıqlamalar verilməli olduğunu vurğulayıb.
“Ona görə ki, Nikol Paşinyan yayda bəyan edib ki, Qarabağ (qondarma qurum-red) adından danışıqlarda iştirak etmək üçün özünü səlahiyyətli hesab etmir. Lakin indi İlham Əliyevlə görüşür və aşkarcasına Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif təyinatlı məsələləri müzakirə edir. Davosda Nikol Paşinyanla Azərbaycan prezidenti arasında keçirilən qeyri-rəsmi görüş haqqında Paşinyan bəyan edib ki, bu gözləntilərlə tanış olmaq və təmas yaratmaq imkanı yaradıb. Heç bir konkret detal müzakirə edilməyib. Paşinyan əmin edib ki, heç bir xəyanət yoxdur. Lakin gördüyümüz kimi görüşlə bağlı erməni analitikləri çevrəsində narahatlıqlar var”, - deyə o bildirib.
Melikyanın fikrincə, bu görüşün rəsmi görüş olmadığı fikrinin formalaşdırılması, belə bir böyük tədbir çərçivəsində onun qeyri-rəsmi adlandırılması kiçik bir nöqsandır.
“Onların bu görüşdə konkret gündəliyinin olmaması, yəni kağız üzərində yazılmış halda olmasa da, müzakirə edilənlərin olduğu məlumdur və bu, başqa bir məsələdir. Hələ yayda Nikol Paşinyanın danışıqlar masasında Qarabağ əhalisinin adından iştirak etmə səlahiyyətinin olmadığı barədə bəyanat verməsinə baxmayaraq, hər hansı şəkildə danışıqlar aparması Ermənistanda həm siyasi, həm elmi siyasi dairələrin diqqətini cəlb etməlidir. Hazırda o, cənab Əliyevlə görüşür və aşkarcasına Qarabağ münaqişəsi ilə bağlı müxtəlif təyinatlı məsələləri müzakirə edir. Baxmayaraq ki, bu, onların tanışlıq görüşüdür, lakin belə halda da daha aydın açıqlama verilməsi zəruridir. O, bunun tanışlıq görüşü olduğunu Qarabağ məsələsi daxil edilmədən Azərbaycan-Ermənistan ikitərəfli münasibətlərinin müzakirə edildiyi barədə açıqlama verə bilərdi. Lakin bu baş vermədi. Bütün hallarda Qarabağ problemi müzakirə edilib. Bu, o deməkdir ki, Nikol Paşinyan yayda verdiyi öz bəyanatları ilə bağlı qırmızı xətti artıq ayaq altına alıb. “O, bu qırmızı xətti keçəcəkmi?” - bu artıq başqa məsələdir. Bizə burada xəyanət, təhlükəli heç bir şeyin olmadığını deyə bilərlər. Ancaq istənilən halda insanlar təhlükəni hiss edirlərsə, artıq bu, obyektiv vəziyyətdir. Bu barədə Ermənistan vətəndaşlarının daha aydın təsəvvürə malik olması hüququ var. Onlar bilməlidir ki, Ermənistan hökuməti nizamlama prosesində nə etməyə hazırlaşır”, - deyə Melikyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az