Dağlıq Qarabağ: Ermənistanın təxribatçı çıxışları fonunda “ehtiyatlı ümid”

2019/01/fft99-1548412562.jpg
Oxunub: 9531     14:34     25 Yanvar 2019    
İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüşlə təəccübləndirdi. Görüş yanvarın 22-də baş verdi və 1,5 saat davam etdi. Paşinyan bildirib ki, onlar sülh prosesinin tarixi və sülh qarşısında hazırda mövcud olan əngəllərdən danışıblar. Ölkə rəhbərləri arasındakı görüş yanvarın 16-da Xarici İşlər nazirlərinin 4 saatlıq görüşündən sonraya təsadüf edir.

Paşinyanla görüşdən qısa müddət öncə İlham Əliyev Rusiyanın dövlət agentliyi “RIA Novosti”yə verdiyi müsahibəsində vurğulayıb ki, Azərbaycanın KTMT-yə nə üzvlüyü, nə də müşahidəçiliyi müzakirə mövzusu deyil. Azərbaycan mətbuatında bu ismarıc Dağlıq Qarabağ münaqişəsinin həllində irəli sürülmüş “Lavrov Planı”nın sonu kimi yozuldu. İddia edilən plan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur. Lakin plana görə, qarşılığında Bakının Rusiyanın rəhbərlik etdiyi hərbi bloka, eyni zamanda Avrasiya İqtisadi İttifaqına qoşulması gözlənilirdi.

Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış Tomas De Vaal Davos görüşünü və ATƏT-in ən yeni bəyanatını bu məsələdə son illərdə baş vermiş ilk pozitiv xəbər kimi təqdim edib. Tərəflərin sülh istiqamətində atdığı bu addım bir çox beynəlxalq aktor tərəfindən müsbət qarşılansa da, regionda yüksələn neqativ fikirlər bir daha gerçək sülhün əldə edilməsinin çətin olduğunu xatırlatdı.

Yanvarın 16-da iki ölkənin XİN rəhbərləri xalqların sülhə hazırlanması üzərində tədbirlərin görülməsinə razılıq verdiklərini bəyan etdilər. Lakin sülh danışıqlarının detalları açıqlanmadığından qeyri-müəyyən “sülh”ün istiqbalı hər iki tərəfdə narazılıqlara səbəb oldu. Bir tərəfdən ermənilər Azərbaycanla razılığın ərazi konsensusunun Azərbaycan tərəfinin lehinə yekunlaşacağından qorxurlar, digər tərəfdən bir çox azərbaycanlı potensial razılığın sadəcə Ermənistana təslim olmaq olduğunu və Azərbaycanın işğal edilmiş ərazilərinin dəyişilməz qalacağını düşünür.

Ermənistanın sabiq iqtidar partiyası Ermənistan Respublikaçı Partiyasının aparıcı siyasətçilərindən olan Eduard Şarmasanov XİN rəhbərlərinin bəyanatını tənqid edərək bildirib ki, burada “xalqların öz müqəddəratını təyin etmə hüququ”na (qondarma-red) istinad edilməyib və bu ölkənin mövqeyini zəiflədəcək.

Azərbaycan tərəfinin optimizmi başa düşüləndir, amma ermənilərin optimizmi məni çaşqına salır. Mən bunun haraya aparacağını bilirəm. Bilirəm ki, bizim üçün heç bir yaxşı şey vəd etmir”, - deyə qondarma qurumun “parlament”inin üzvü Vardqes Baqryan vurğulayıb.

Azərbaycan tərəfində isə reaksiyalar daha sakitdir. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin yeni təyin edilmiş sədri Tural Gəncəliyev nazirlərin bəyanatını xoş qarşılayıb və bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması sülhməramlı həllə ümid edir.

Yanvarın 18-də məsələyə münasibət bildirən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıxov bu danışıqlar barəsində fikirlərini belə ifadə edib: “Azərbaycan prezidenti Ermənistan Baş nazirinə düşünmək və Azərbaycanın işğal edilmiş ərazilərinin sülh yolu ilə təslim edilməsi üçün şans verib”.

Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan liderinin öz ölkəsində güclü opponentləri var və o strateji məsələlərin həllində onların rəylərini nəzərə almalıdır. Zülfüqarov düşünür ki, Paşinyan onun opponentlərinin ona konkret razılıq əldə etməkdə imkan verməyəcək istənilən fürsəti nəzərdən keçirməlidir. Paşinyanın tapşırığı isə status-kvonu davam etdirmək və Ermənistandakı siyasi situasiyanı normallaşdırana qədər vaxt qazanmaqdır.

Qeyd edək ki, iki ölkənin XİN rəhbərlərinin növbəti görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə fevralda baş tutacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin