"Tufan" tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib - FOTOLAR
Oxunub: 24394
10:00
24 Yanvar 2019
2019-cu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-dan Ordu.az-a verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.