Rusiyadan Qarabağa gələn erməni əsgər seksual əməllərinə görə öldürülüb? – DETALLAR

2019/01/17_12-1547548670.jpg
Oxunub: 24489     16:56     15 Yanvar 2019    
Öldürülən erməni hərbi qulluqçunun yaxınları cinayət işinin məhkəmədən geri qaytarılmasını tələb edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müddətli xidmət hərbi qulluqçusu Narek Adibekyanın öldürülməsi işi üzrə ilkin araşdırma bir ay öncə başa çatıb. Cinayət materialları məhkəməyə göndərilsə də, ölən erməni hərbi qulluqçunun yaxınları vəkilləri vasitəsi ilə Baş Prokurorluqdan cinayət işinin geri göndərilməsi və yeni istintaq qrupuna həvalə edilməklə istintaq araşdırmasının yenidən aparılmasını tələb ediblər.

Onlar ölüm işinin açılmadığına, qatillərin məsuliyyətdən azad edilməsi məqsədi ilə cinayətin ört-bastır edildiyinə əmin olduqlarını vurğulayıblar. Övladlarının zorakılıq etmədiyinə əmindirlər.

Ölüm işinin əsas şahidi K.X adlı şəxsin verdiyi izahatlar irəli sürülən ittihamın əsasını təşkil edir. İstintaq materiallarına görə, cinsi zorakılığa, təhqirlərə və təzyiqlərə məruz qalan K.X psixi təsir altında buna tab gətirməyərək Adibekyanı öldürüb. O, silahı dolduraraq Adibekyanın baş və bədən nahiyələrinə tək-tək atəş açıb və Adibekyan aldığı odlu silah yarasından hadisə yerində ölüb. Lakin, Adibekyanın maraqlarını müdafiə edən vəkil Hayarpi Sarkisyan bütün iddiaların həqiqətə uyğun olmadığına dair sübutlara malik olduğunu bildirir.

Zərərçəkən K.X-in bədəninin müxtəlif nahiyələrində və düz bağırsağında zorakılıq əlamətləri aşkar edilib. Lakin bu xəsarətlərin hərbi hissənin hər hansı zabitləri tərəfindən deyil, məhz Adibekyan tərəfindən törədildiyi barədə sübutlar yoxdur. Bundan başqa məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, K.X adlı hərbi qulluqçuya qarşı cinsi təcavüz əməlləri müstəntiqlərin təqdim etdiyi kimi döyüş növbətçiliyi zamanı yox, hərbi hissədə törədilib.

Vəkilin ortaya qoyduğu bir sıra faktlar ilkin araşdırma orqanının rəsmi versiyasını şübhə altına alır. Adibekyanın bədəninin incələnməsi zamanı 7 dəlib keçən güllə izi, 1 toxunma odlu silah yarası aşkar edilib. Lakin K.X hərbi qulluqçunun verdiyi izahata əsasən Narek Adibekyana qarşı 16 dəfə tək-tək atəş açıb. Hadisə yerində hadisəni törədən şəxsin silahından açılan atəşin 4 gilizi aşkarlanıb. Digər gilizlər isə aşkar edilməyib. Qalan gilizlər neytral əraziyə atılıb və müşahidə olunan açıq sahə olduğuna görə orada axtarış həyata keçirilməyib. Bu hal ekspert və ya ekspertiza yolu ilə təsdiq edilməyib. Hadisə yerində aşkar edilən 4 giliz atəşin müxtəlif silahlardan açıldığını sübut edir. Aşkar edilən gilizlər Adibekyanı öldürən Xaçatryanın silahı ilə uyğun gəlmir. Kimlər tərəfindən və niyə atəş edildiyinə dair isə ekspertiza keçirilməyib.

Cinayət hadisələri üzrə mütəxəssis Ruben Martirosyan qeyd edib ki, gilizlərin hansı silahdan atılan güllələrə aid olduğunu müəyyən etmək üçün ekspertizaya göndərmək əvəzinə, müstəntiqlər şahid Tornik Ginosyanın izahatına əsaslanaraq bunun növbətçi heyət tərəfindən açılan atəşin gilizləri olduğunu qeyd etməklə kifayətlənib. Öldürülən Narek Adibekyanın ön, yan nahiyələrində qan izləri ilə sıyrıntılar olduğuna görə, onun öldürülmədən öncə zorakılığa məruz qaldığı, öldürüldükdən sonra isə bu və ya digər yerlərə sürüdülərək daşındığını deməyə əsas verir. Lakin bununla bağlı da, heç bir istintaq işləri aparılmayıb. O, hadisə yerində olmayan şahid Tornik Ginosyandan bu barədə izahat alınması və onun ekspert kimi dəyərləndirilməsinin gülməli olduğunu qeyd edir.

Təsdiq olunmuş faktlar var ki, bunlar ətrafında heç bir araşdırılma aparılmayıb. Sasun Vardanyan adlı hərbi qulluqçu ölən Narek Adibekyana zərbə endirib. Ekspertiza aydın şəkildə qeyd edib ki, ölən Narek Adibekyanın ölümündən qısa zaman əvvəl baş nahiyəsinə küt alətlə bir neçə zərbə endirilib. Bu zərbəni kimin endirdiyi müəyyən edilməyib. Meyitin ekspertizası zamanı qan və sidiyində etil spirti müəyyən olunub, lakin bu istiqamətdə də heç bir araşdırılma aparılmayıb. Naməlum şəxslər tərəfindən təcavüzə məruz qalmış erməni əsgəri K.X-yə qarşı “zərərçəkənin zorakılıq vəziyyətində həyata keçirdiyi öldürmə” faktı üzrə cinayət işi açılıb. Ölən Narek Adibekyan isə hərbi qulluqçular arasında münasibət qaydalarının pozulması, seksual xarakterli zorakılıq əməlləri, qəsbetmə, hərbi qulluqçunu təhqir etmə olmaqla cinayət məcəlləsinin 4 maddəsi üzrə ittiham olunub.

Xatırladaq ki, Narek Adibekyan valideynlərinin onu ordudan azad etməsinin əleyhinə çıxaraq, Rusiyadan Ermənistana qayıdıb və işğal altında olan Dağlıq Qarabağa yollanaraq, şərti adı “Yeğnikner” olan 38862 nömrəli dağ atıcı alayında hərbi xidmətə başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorlama   Ölüm  


Bizi "telegram"da izləyin