Ordu.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Türkiyənin ASELSAN hərbi sənaye şirkətinin istehsalı olan lazer idarəetmə sistemi ilə komplektləşdirilib. Bunun sayəsində idarə olunan bombalar hədəfləri maksimum 10 m sapma ilə məhv edə bilər.
Azərbaycan müdafiə sənayesi nazirliyinin elmi tədqiqat institutu ASELSAN-ın dəstəyi ilə bu sistemi 250 kq ağırlığındakı ümumi təyinatlı bombalara əlavə edib.
Ümumiyyətlə, bu bombalarla Su-25 təyyarələri komplektləşdirilib. Elə bu təyyarələrin vasitəsilə lazer sistemi ilə idarə olunan bombaların ilk sınaqları həyata keçirilib.
Məlumata görə, lazer sistemi ilə idarə olunan bombalar Azərbaycanda keçiriləcək ADEX-2018 beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdiriləcək. Lazer sistemi sayəsində bombaların uzaqlıq məsafəsi 12 km, tətbiq etmə hündürlüyü təqribən 12 km təşkil edir.
Alpər Mövludoğlu
Ordu.az