Sözçü: Rusiya ilə strateji ortaqlıq... Naxçıvanda hərbi baza

2018/09/654564_1535978617.jpg
Oxunub: 2868     20:32     03 Sentyabr 2018    
Türkiyə-Rusiya-Azərbaycan hərbi əməkdaşlığı regionun gələcək taleyinin müəyyənləşdirilməsində önəmli rol oynaya bilər.

Ordu.az Türkiyənin “Sözçü” qəzetinə istinadən xəbər verir ki, bu barədə razılığın ilkin mesajını Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu mərhələdə artıq Türkiyə və Rusiya arasındakı hərbi ittifaqın mümkün olub-olmayacağından daha çox bu ittifaqın nə dərəcədə effektiv olacağı müzakirə edilməlidir.

“Rusiya ilə əlaqələrimiz müzakirə mövzusu deyil. İki ölkə arasında hərbi əlaqələr formalaşdırılıb və bu gündən-günə daha da inkişaf etdirilir. Burada müzakirə ediləcək əsas mövzu bu əməkdaşlığın nə dərəcədə effektiv olacağıdır və onun hansı məzmun və miqyası əhatə edəcəyidir”, - deyə nazir bildirib.

“Sözçü” qəzetinin yayımladığı məqaləyə əsasən, Türkiyə bu əməkdaşlığı Qafqaz regionuna keçirərək Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlığının qurulmasını planlaşdırır.

Belə ki, bu məqsədlə hətta Rusiya, Türkiyə və Azərbaycan arasında Naxçıvanda Türkiyəyə məxsus hərbi bazanın qurulmasının hər üç ölkəyə qazandıracağı potensial faydalar da müzakirə edilir.

Qeyd edək ki, hələlik Türkiyənin ölkə xaricində sadəcə olaraq Qətər və Somalidə hərbi bazası mövcuddur. Razılıq əldə ediləcəyi təqdirdə Azərbaycan bu siyahıda 3-cü ölkə olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Rusiya   Naxçıvan  


Bizi "telegram"da izləyin