KTMT-də "Pinaka oyunu": İrəvanın Dehli ilə bağlı addımı nəyə hesablanıb? - ANALİZ

2018/08/678768_1535625186.jpg
Oxunub: 1671     18:25     30 Avqust 2018    
Artıq Rusiyanın ekspert dairələrində, hətta regional məsələlərdə ənənəvi olaraq İrəvanın fikirlərinə yaxın mövqe nümayiş etdirən analitiklər də doğru addım ataraq Ermənistanla fərqli tonda danışırlar.

Belə ki, bu yaxınlarda erməni KİV-lərinə müsahibə verən Tarasov, yeni baş katibin Ermənistan nümayəndəsi olması ehtimalını istisna edib.

"Bizim fikrimizcə baş katib vəzifəsi Belarusa veriləcək. Biz bilmirik sizin təqdim etdiyiniz yeni generalın taleyi necə olacaq. Bəlkə həmin qaydada, onun da taleyi Xaçaturov kimi ola bilər. KTMT-nin nüfuzuna xələl gəlməməsi üçün mandatın digər ölkəyə verilməsi uyğundur", - deyə Tarasov vurğulayıb.

Tarasov, Ermənistanda baş verən cinayətlər fonunda rəsmi İrəvan tərəfindən Moskvanın kəskin şəkildə pislənməsini qəbuledilməz hesab edir. Bununla da, faktiki olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovun haqlı bəyanatının tezisini təkrarlayır. Moskvanın belə bir mövqeyi anlaşılandır. Avrasiya İqtisadi Birliyi və KTMT kimi böyük təşkilatlarda rəhbər vəzifələrə gətirilən ermənilər, hər zaman olduğunu kimi nankorluq edir, hətta bir çox məsələlərdə Rusiyanı günahlandırırlar.

Vaxtilə, Ermənistan nümayəndəsinin baş katib vəzifəsinə seçimi ilə əlaqədar Belarus və Qazaxstanın narahatlıqları indi anlaşılandır. Bu baxımdan, artıq Qazaxstan prezidenti Nursultan Nazarbayev KTMT ətrafında yaranan qalmaqaldan ciddi narahatlıq keçirdiklərini bildirib. Nəticədə, Ermənistanın atdığı addımlar onu Rusiya ilə yanaşı, Qazaxıstan və Belarusdan da ayrı salıb. Təbii ki, Paşinyanın apardığı manevrlər sözügedən ölkələri narazı salır və bu proses həmin ölkələrin Azərbaycanla əlaqələrini daha da sıxlaşmasına səbəb olur.

Təsadüfi deyil ki, bu günlərdə Azərbaycanın Baş Qəraragah rəisi Belarusa səfərə edib və bu ölkənin rəhbərliyi ilə ikitərəfli hərbi texniki əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib. Xatırladaq ki, Azərbaycan keçən 10 il ərzində Belarusdan 500 milyon dollardan artıq silah alıb və getdikcə bu əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Erməni KİV-ləri isə həyata keçirilən səfərin məqsədini daha fərqli təqdim edir və onu noyabr ayında Ermənistanın KTMT-də yeni namizədi ətrafında aparılacaq müzakirələrlə və bu fonda baş katibliyin məhz Belarus tərəfinə keçməsi ilə əlaqələndirirlər. Erməni ekspertləri Moskvanın yaranmış vəziyyətdən KTMT-nin baş katiblik məsələsində, Ermənistan üzərində təzyiq fürsəti kimi yararlanacağı barədə cəfəng fikirlər səsləndirirlər. Erməni ekspertlərinə xatırlatmaq lazımdır ki, məhz Belarus və Qazaxıstanın haqlı narazılıqları zamanı erməni namizəd Rusiyanın təklifi əsasında seçilib və üstəlik təşkilata qeyd şərtsiz rəhbərlik edən Rusiyanın forpost Ermənistana hər hansısa bir təzyiq vasitəsi kimi nəsə düşündüyünü bildirmək yalnız qeyri-peşəkarlıqdan irəli gələr. Baş verən proseslər Minsk, Astana, və Moskvanın da aralarında vaxtilə Ermənistana görə yaranan münasibətlərə istilik gətirdi.

Burada Ermənistanın hansı seçimi edəcəyi də maraqlıdır. Görəsən, KTMT-nin baş katibi vəzifəsini qoruyub saxlamaq üçün Ermənistan geriyə addım atacaq, yoxsa nəyisə qurban verməyə dəyməz deyib həmin mövqedə qalmaqda davam edəcək. Burada əsas məsələ KTMT baş katibi vəzifəsi deyil, məsələ həmin vəzifəni itirməklə Ermənistan üçün qara günlərin başlamasıdır. Çünki Ermənistan hakimiyyəti hər zaman KTMT-dən Qarabağ məsələsində alət olaraq istifadə etməyə və hər zaman üzv ölkələri Azərbaycana qarşı qaldırmağa çalışıb. Bu baxımdan, erməni ekspertlər KTMT-də erməni rəhbərliyinin iflasının Qarabağdakı müharibəni yaxınlaşdıracağını bildirirlər.

Digər tərəfdən, ötən həftə Hindistan KİV-lərinə çox maraqlı məlumat yayıldı. Məlumata görə, Ermənistan Hindistan istehsalı olan "Pinaka" raket komlekslərinə maraq göstərir.

Laboratoriyanın direktoru K.M.Racan, Ermənistanın sözügedən raket sistemi ilə maraqlandığını və buna görə də ötən ay Hindistanda olan Ermənistan nümayəndə heyəti üçün Pokranda bu raketin intensiv atış sınaqlarının həyata keçirildiyini bildirdi.

"Bu məqsədlə biz erməni nümayəndə heyəti üçün Racastan vilayətinin Pokran şəhərində sınaq atışları keçirmişik. Nəticələr əla idi. Bu barədə hökümətlər səviyyəsində qərar verilməli olduğuna görə rəsmi qiymətləndirmə və razılaşma barədə qərar əldə etməliyik. Ermənistan iki növ raket kompleksləri ilə maraqlanır", deyə o qeyd edib.

Bundan əlavə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin nümayəndə heyətinin Hindistanda səfərdə olmasını təsdiqləsə də, əlavə məlumatlar verməkdən yayındı.

Ekspertlər, "Pinaka"ların alınması ilə bağlı yayılan xəbərləri geniş şərh etməsələr də, bu addımın Kremlə mesaj xarakteri daşıdığını bildirirlər. Bununla Ermənistan Rusiyaya KTMT tərkibində əlverişli qiymətlərlə əldə etdiyi silahlarla yanaşı, Hindistan bazarına da çıxış imkanı olduğunu göstərmək istəyir.

Lakin daha öncəki analizlərimizdə qeyd etdiyimiz kimi, əgər ABŞ-ın Hindistanla geniş hərbi əməkdaşlıq planına hazırlığını nəzərə alsaq, Ermənistanın bu ölkə istiqamətində aktivliyi, Hindistanın Rusiya ilə yaxşı münasibətləri çətiri altında ABŞ-la bir müstəvidə kəsişmək arzusu kimi görünür. Müstəqil olaraq ABŞ-a aşkar loyallıq siqnalı göndərmək Rusiyadan tam asılı olan Ermənistana çox baha başa gələ bilər. Hələlik Rusiyanın strateji müttəfiqi sayılan Hindistan ərazisində qərblə separat əməkdaşlıq, psixoloji cəhətdən başqa çalarlarda qəbul olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin