2016-cı ilin aprel əməliyyatları bu sərinləmələri aradan qaldıraraq Vətən torpağının heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini bariz olaraq göstərdi. Bu gün Azərbaycan Ordusu artıq illər öncə təşkilatsızlıqdan, təminatsızlıqdan əziyyət çəkən hərbi geyimli toplum deyil. Artıq Azərbaycanda müsəlləh, mübariz, müasir təminatlı və ən əsası isə mənəvi tərəfdən güclənmiş ordu var. Son illərdə ordunun təminatının yenilənməsi, silah, sursat və texnikanın müasir həddə gətirilib çıxarılması, Azərbaycan ordusunu Qafqazda lider olaraq gündəmə gətirdi. Orduya gedən gənclər məhz bir qalib əsgər kimi xidmətdən qayıtmağı qarşılarına məqsəd qoydular.
Lakin tam da olmasa çağırışçının orduya ilkin olaraq hazırlanmasında, hərbi biliklərin təbliğatında, ekstremal və fövqəladə vəziyyətlərdə hazırlıqlı olmasında problemləri olan gənclik, bu kimi çətinliklərin həllini pərakəndə olaraq sosial şəbəkələrdə axtarmağa başladı. Bundan əlavə asudə vaxtının səmərəli keçirilməsində də bir sıra çətinliklərin olması danılmazdır. Məhz bu zaman sosial şəbəkədə bir sıra həvəskar insanlar və Qarabağ müharibəsinin iştirakçılarının toplandığı “Legion Hərbi-Vətənpərvərlik Klubu” qrupu yaradıldı. İlk günlərdən fəaliyyətini gənc nəslin Vətənin qorunmasına hazırlıq kimi qarşısına məqsəd qoyan “Legion HVK” sosial şəbəkədə məşğələlərə start verdi. Davamlı görülən işlər artıq qrupun fəaliyyətini genişləndirməyi tələb edirdi. Komandanın müxtəlif olması, onların məhz Vətənpərvərlik notları üzərində köklənməsi, real işlərə qol qoyulmasına gətirib çıxardı. İlkin məqsəddə komandanın özünün tam hazırlıqlı, elmi, fiziki, psixoloji və ideoloji tərəfdən sabit hərəkəti üçün Respublikanın müxtəlif bölgələrində səhra təlimləri keçirildi. Bundan sonra isə artıq Silahlı Qüvvələrə əməli yardım planları işlənib hazırlandı.
Yaxın günlərdə başlanılmış və hələ də davam edən “Hərəyə bir əsgər qoruyaq” aksiyası çərçivəsində, mövqelərin bərkidilməsi üçün Bakı şəhərinin müxtəlif rayonlarından 2000-dən artıq istifadə olunmuş avtomobil təkərləri toplanaraq, ön xətdəki hərbi hissələrə təhvil verildi.
Bundan sonra, “Legion HVK” mənəvi layihə olaraq “Kitablara ikinci həyat verək” adlı aksiyaya start veməyi qərara aldı... Sentyabr ayından başlanacaq bu aksiya çərçivəsində, istifadə olunmuş kitablar toplanaraq müxtəlif təyinatlara yönəldiləcək. Dərslik, ədəbi, texnoloji və s. kimi kitablar çeşidlənərək Respublikanın ucqar bölgələrində yaşayan məktəblilərə, uşaq evlərinə, yeniyetmələrin cəzaçəkmə müəsisələrinə, kənd kitabxanalarına yönəldiləcək. Yaşlı nəslin latın qrafikalı kitabları oxuya bilməməsini də nəzərə alaraq “Legion HVK”, qocalar evində olanlar üçün müxtəlif illərdə yazılmış ədəbi kitabların da toplanışını həyata keçirməyi qərara alıb.
Ənənələri çoxaltdıqca fərəh və bu günün əsgərinə gərəkli olmağa inam da artır. Avqustun 26-da start verilən “Xoş günümüz Sizinlə” aksiyası çərçivəsində qərara alındı ki, bu gündən sonra “Legion HVK” heç bir xoş günlərini qapalı olaraq ailə şəraitində, restoran və əyləncə mərkəzlərində keçirməyəcək. Buna görə də nümunə olaraq avqustun 27-də “Legion HVK”nın təşkilati işlər üzrə məsul şəxsi İlqar Həsənovun 40 illik yubileyinin məhz səngərdə - ön xətdə xidmət aparan əsgərlərlə keçirilməsi qərara alındı. Səhər saat 05:00-da Bakıdan “N” saylı hərbi hissəyə yol alan legionçular, əsgərlərimizə hədiyyə ilə birlikdə bu günün fərəhini, sevincini də daşıdılar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Legion HVK”nın bu təşəbbüsünə sevinclə, tam hazırlıqlı maşınlarla özü də qoşuldu. Yolumuz tozlu cığırlarla səngərlərə yönləndi. Burada bütün əsgər və komandirlər belə mənəvi aksiyalara böyük ehtiyaclarının olmasını dilə gətirdilər. Birlikdə süfrə ətrafında oturduq, ünsiyyətdə olduq. “N” saylı hərbi hissənin yüksək rütbəli zabitlərinin də qoşulduğu tədbir çərçivəsində qərara alındı ki, bu kimi tədbirlər davamlı olaraq keçirilsin. Bu şəxsi heyətin mənəvi-psixoloji durumuna çox yüksək töhfələr verir. Bundan sonra legionçuların şəxsi heyətin ən yaxın dostuna çevriləcəyinə böyük inam var. Tədbir zamanı əsgərlərin məişət şəraiti ilə də tanış olduq. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu tək silah və texnika ilə yox, məişət şəraiti ilə də Qafqazda liderdir.
Hərbi ekspert Abuzər Əbilov
Ordu.az