Kənd 1954-cü ildə Vladimir İliç Leninin şərəfinə Leninavan qəsəbəsi (sovetliyə Leninavan qəsəbəsi, Levonarx kəndi, Həsənqaya kəndi, Maralyansarov kəndi daxil olub – red.) kimi rəsmiləşdirildi. 1978-ci ildə kənddə erməni ailələrinin Marağadan köçüb Qarabağa gəlməsinin 150-ci illiyi ilə əlaqədar abidə ucaldıldı. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra, ermənilərin Qarabağa gəlmə olmalarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü əvvəlcə daşla örtüldü, sonra isə qəsdən, təmamilə dağıdıldı. 1992-ci ildə kəndə ərazidəki Şıxarxın adı verildi. Arxın adı isə şıxlar nəsli ilə bağlıdır.
Ermənilər hər zaman Qarabağın dağlıq hissəsində 5-6 əsr yaşadıqlarını iddia edirlər və bunu bütün dünyaya saxta “mənbə”lər əsasında yaymağa çalışırlar. Ermənilərin dünyanı aldatmaq niyyətləri Marquşəvan adlandırdıqları Şıxarx kəndində dağıdılan “Marağa-150” abidəsindən açıq-aşkar məlumdur. Televiziya kanallarımızın arxivində bu abidənin açılışı və orada çıxış edən erməni rəsmilərin etirafları da saxlanılır.
Nəticədə, ölkə rəhbərliyi səviyyəsində dağıdılan abidənin dəqiq yerinin tapılması və bərpa edilməsi haqqında qərar qəbul edilir. Abidənin dəqiq yeri müəyyən edilsə də, orada abidənin çox az bir hissəsinin qalıqları mövcud idi.
Prezident İlham Əliyev həmin ərazidə ciddi işlərin görülməsini, abidənin abadlaşdırılmasını və ölkəyə səfər edən nümayəndələrə göstərilməsi barədə tapşırıqlar verdi. Bu məqsədlə bir qrup mütəxəssis keçmiş SSRİ-nin arxivi saxlanılan Sankt-Peterburq şəhərinə ezam edildi. Arxivdən fars dilində 200 səhifədən yuxarı Türkmənçay müqaviləsi tapılaraq Azərbaycan, rus və ingilis dillərinə tərcümə edildi. Eyni zamanda, rus çarının ermənilərin Marağadan Şıxarxa köçürülməsi ilə bağlı sərəncamları da əldə edildi. Çarın bununla bağlı 5-6 sərəncamı (çarın Qriboyedova tapşırıqları, Qriboyedovun çara məruzələri – red.) mövcuddur. Çarın tapşırığı ilə o vaxt Maşko adlı rus rəssamı Marağadan Şıxarxa qədər köç prosesini təsvir edən portretləri çəkmək üçün bu ərazilərə göndərilib. Həmin portretlərin surəti çıxarılıb.
Prezident İlham Əliyev aşkar edilən tarixi sübutları eksponat kimi Şıxarxda qurmağı tapşırdı. Abidənin ətrafı abadlaşdırıldı, stendlər quruldu və nəticədə xarici ölkələrin səfirlərinin, Azərbaycanda akkreditasiya olunan xarici KİV, o cümlədən yerli media nümayəndələrinin əraziyə səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Bununla da ermənilərin 5-6 əsr Qarabağda yaşadıqlarına dair yalanlar ifşa olundu.
Qeyd edək ki, abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar. Hətta Sankt-Peterburq arxivində çox məşhur bir erməni tarixçinin də yazısı da tapılıb. Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Qarabağın dağlıq hissəsi əzəli Azərbaycan torpağıdır, ermənilərin bu bölgəyə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surəti çıxarılıb səfirlərə nümayiş etdirildi. Ermənilər bu təqdimatdan ciddi narahatlıq keçirdilər. Çünki özlərini buranın yerli əhalisi kimi qələmə vermək və ərazi iddialarını əsaslandırmaq kimi 25 illik yalanları bir “Marağa abidəsi” ilə alt-üst oldu.
Tutarlı və mühüm tarixi siyasi əhəmiyyətə malik “Marağa-150” abidəsinin və tarixi sənədlərin bərpa olunması erməni seperatçılarının məkrli mədsədlərini və yalanlarını ifşa etmək üçün əhəmiyyətli dəlildir.
Hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Əraziyə giriş-çıxış ciddi nəzarət altındadır.
Qəsəbədə demək olar ki, uzun müddət yaşayış olmayıb. Əhali ətraf ərazilərdə pərakəndə olaraq çətin məişət şəraitində yaşayıb. Hazırda qəsəbədə 50 hektar ərazidə inşa edilən yaşayış məhəlləsi son 10 ildə məcburi köçkünlər üçün tikilən qəsəbələrin ən böyüyüdür. Yaşayış məhəlləsində orta məktəb binası yeni layihə əsasında inşa edilir. Uşaq bağçası, musiqi məktəbi, klub icma mərkəzi, inzibati bina, tibb məntəqəsi yüksək səviyyədə tikilib.
2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı birləşmələri hər zamankı kimi mülki vətəndaşlarımızın yaşadıqları evləri hədəf aldı. Nəticədə Tərtər rayonunda ümumilikdə 168 ev və inzibati binaya ziyan dəydi ki, onlardan 13-ü Şıxarx qəsəbəsində yerləşirdi.
Hərbi eskpert Ədalət Verdiyev
Foto: Elvin Abdulla
Ordu.az