Putinin gizli xidməti: Rusiya donanmasının ən ölümcül 5 sualtı gəmisi

2018/08/RTX1C6YM_0_1535443363.jpg
Oxunub: 5171     16:08     28 Avqust 2018    
Sovet İttifaqının dağılmasından sonra Rusiya sualtı gəmi proqramı Rusiya ordusunun bir çox digər qanadları ilə birlikdə bataqlığa yuvarlandı. Lakin keçən onillikdə Rusiya rəsmiləri öz silahlı qüvvələrini modernizasiya etmə səylərini yenidən gücləndiriblər. Müasir dövrün çətinliklərinə qarşı dayanmaq üçün Soyuq Müharibə modellərinin yenilənməyə başlamasından etibarən “Borei” və “Yasen” sinifli sualtı gəmiləri kimi yeni platformaların dizaynı tamamlandı. Rusiya hələ də özünün sualtı filotiliyasının qabiliyyətlərini və statusunu yenidən bərpa etməyə niyyətlidir.

Yazıda Rusiyanın diqqətəlayiq beş əsas sualtı gəmisi təqdim olunub.

“Akula” sinifli sualtı gəmi

Sovet İttifaqı dövründə “Bars Class 971” adı ilə tikilən atom hücum gəmisi daha çox özünün NATO-dakı adı ilə “Akula” kimi tanınır. “Akula” bəzi qərbli həmkarları qədər səssiz ola bilməsə də, xüsusilə Soyuq Müharibədən sonrakı dövrdə keçdiyi çoxsaylı yenilənmə nəticəsində, o, hələ də ciddi təhdid olaraq qalır.


Sovet donanması 1986-1992-ci illər arasında yeddi ədəd “Akula I” modelli gəmi istifadəyə verib. 1992-95-ci illər ərzində Rusiya 2-4 arası yenilənmiş “Akula I” gəmisini istifadəyə verdi.

Yenilənmiş gəminin göyərtəsi 110 metr uzunluğundadır. O, 12770 ton ağırlığında yükgötürmə qabiliyyətinə malikdir. Onun su üzərindəki maksimum sürəti 18,5 km/saat, sualtında isə 61 km/saat-dır. Təxminən 600 metrə qədər dərinliyə enə bilən gəmi bir dəfəyə 100 gün ərzində fasiləsiz xidmət göstərir. O, müxtəlif növ gəmi, sualtı gəmi əleyhinə silahlarla təchiz edilib. “Akula” sinifli sualtı gəmi 12-yə qədər “Granit” qanadlı raketi daşıya bilir ki, bu raketlərin mənzili 3000 kilometrdir. “Akula I” gəmisində 8, “Akula II” yenilənmiş versiyada isə 10 ədəd torpedo atışı üçün lülə olur.

“Kilo” sinifli sualtı gəmi

Əsası Sovet dövründə Sankt Peterburqdakı Rubin Mərkəzi Dəniz Layihələndirmə Bürosunda qoyulan bu sinifli gəmilər Rusiyanın “Proyekt 877 Paltus” layihəsi ilə ərsəyə gəlib. NATO sertifikasiyasına görə “Kilo” adlanan gəmi dizel enerjili hücum gəmisidir. İlk dəfə 1982-ci ildə SSRİ tərəfindən istifadəyə verilib və hazırda Rusiya donanmasının xidmətində qalmaqdadır.


“Kilo” daha kiçik sualtı gəmidir, onun uzunluğu 70 metr, yükgötürmə qabiliyyəti isə 3076 tondur. İlkin versiyasında 6 ədəd torpedo lüləsi nəzərdə tutulmuşdu. Bu platforma TEST-71MKE TV elektrik torpedo kimi sistemlərdən istifadə edə bilər. Bu torpedolar 205 kiloqram faydalı yük götürə bilir. “Kilo” həmçinin 24-ə qədər mina buraxma qabiliyyətinə malikdir. Ona 8 ədəd havadan müdafiə raketinin quraşdırılması mümkündür. Qeyd edək ki, Hindistanın da “Kilo” sinifli sualtı gəmiləri var.

“Kilo”nun dizel generatorları bu gəmilərə su üzərində 18,5, sualtında isə 31,4 km/saat sürət qazandırır. 300 metr dərinliyə dala bilən bu gəmilər birdəfəyə 45 gün fasiləsiz xidmət göstərə bilir. Hazırda ondan istifadə edən ölkələr arasında Çin, Hindistan, İran, Əlcəzair və iki NATO dövləti Polşa, Rumıniya da var.

“Type 636.3 Varşavyanka” (Təkmilləşdirilmiş “Kilo”)

Rusiyanın yeni dizel enerjili “Lada” sualtı gəmisi 2010-cu ildə dəniz sınaqlarında uğursuzluğa düçar olanda Moskva yenidən Soyuq Müharibə klassiklərinə çevrildi: “Kilo”. Müasir dizel enerjili hücum sualtı gəmi üçün Rusiya “Kilo” modelinin modernizasiyasına başladı.


Beləliklə Qərbdə “Gücləndirilmiş Kilo” kimi də tanınan “Varşavyanka” ərsəyə gəldi. İlk başlarda “Kilo” və “Lada” arasında orta bir addım kimi nəzərdə tutulan “Type 636.3” yeni modellər hazırlanana qədər olan boşluğu aradan qaldırmalı idi. Rusiya donanması 6 belə gəmi əldə edib, onların dördü suya buraxılıb. Ən son olaraq 2015-ci ilin aprelində “Krasnodar” gəmisi suya buraxılıb.

Gəminin yükgötürmə qabiliyyəti 4000 tondur. “Təkmilləşdirilmiş Kilo”da altı ədəd torpedo atış lüləsi, “Strela-3”, “Iqla” kimi yer-hava raketləri var. Daha yeni “Type 636.3” modelləri “Novator Club-S” kimi gəmi əleyhinə raketlər daşıya bilir. Bu raket 220 kilometr məsafəyə qədər yüksək partlayıcı gücə malik döyüş başlığı daşıya bilir.

Gəmilər 300 metrə qədər dərinliyə dala və birdəfəyə 45 gün fasiləsiz istifadə edilə bilir. Onun sürəti öz sələflərindən daha yüksək sürətə malikdir. Belə ki, o, su üzərində 20, su altında isə 37 km/saat sürətlə hərəkət edə bilir.

“Borey” sinifli sualtı gəmi

Tamamilə Sovet ittifaqının süqutundan sonra ərsəyə gələn və Rusiya məhsulu olan ilk sualtı gəmi “Borey” sinfidir. Bu sinfin aparıcı üzvü olan “Yuri Dolqoruki” 2008-ci ildə suya buraxılıb və 2013-cü ildə istismara verilib. İkinci “Borey” sinifli gəmisinin isə 2010-cü ildə suya buraxılmasına baxmayaraq, onun istismara verilməsi də 2013-cü ilə təsadüf edib. Bu sinfin sonuncu gəmisi olan “Knyaz Vladimir” isə bu ilin əvvəlində suya buraxıldı və üzərində inşa işləri davam edir. Hazırda Moskva köhnəlməkdə olan “Typhoon” və “Delta III” sualtı gəmilərini “Borey” sinfi ilə əvəzləməyi düşünür.


“Borey” gəmilərinin gövdə uzunluğu 170 metrdir, onların hər biri 24 min ton yük götürə bilir. “Yuri Dolqoruki” və onun ardıcılları 16 ədəd RSM-56 “Bulava” sualtından atılan ballistik raket daşıyırlar. “Bulava” raketləri 8 min kilometr məsafəyə 150 kiloton taktiki nüvə başlığı daşımağa qadirdir.

Nüvə enerjisi bu sinifdən olan gəmilərin su üstündə maksimum 27,8, su altında isə 53,7 km/saat sürət yığmasına imkan verir. “Borey”lər 480 metr dərinliyə dala və birdəfəyə 100 gün fasiləsiz xidmət göstərə bilir.

“Yasen” sinifli sualtı gəmi

“Sevmaş Şipyard”ın layihəsi olan “Project 885 Yasen” Rusiya tərəfindən köhnəlməkdə olan “Akula” sinfinə əvəzedici kimi düşünülüb. Bu atom gəmisi tədricən Sovet dövründən qalma gəmiləri əvəzləyə və Moskvanın ehtiyac duyduğu hücum sualtı gəmiləri kimi xidmət edə bilər. İlk “Yasen” olan “Severodvinsk” 2014-cü ildə Rusiya donanmasının Şimal Filotiliyasına təqdim edildi.


“Yasen” sinifli gəmilərin uzunluğu 111 metr, yükgötürmə qabiliyyəti isə 13500 tondur. Hər bir gəmi 8 ədəd torpedo lüləsinə sahibdir və uzaq mənzilli supersəs “P-800 Oniks” kimi raketlər ata bilir. Qurudakı hədəflər üçün bu gəmilər 3M51 qanadlı raketlərindən istifadə edə bilərlər. 3M51 raketinin mənzili 800 kilometrdir.

“Yasen” gəmiləri su üzərində 37, sualtında isə 35 km/saat maksimum sürətlə hərəkət qabiliyyətinə malikdir. Onlar 600 metr dərinliyə qədər dala bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin