Dağların yamacında bir-birindən qurulan alaçıqlar, yamaclara yayılan mal-qara təbiətin gözəlliyinə xüsusi bir yaraşıq verirdi. "Komandir buradakılar yerli sakinlərdimi, yoxsa kənar rayonlardan gələnlərdəmi var?" deyə soruşdum. Geri çevrilib üzümə baxdı və gülümsəyərək "azca səbr edin indi sizi bir sürpirizə qonaq edəcəm. O zaman özünüz o barədə olan bütün suallarınıza cavab alacaqsınız." Dolaylardan birinə yaxın olan çadırın önündə maşınımız dayanır. Alaçığın qarşısında süfrə arxasında oturan yaşlı kişilər ayağa qalxır. İçərilərindən təxminən 75 yaşlarında biri irəli gələrək, sağ əlini gicgahına gətirib hərbi qaydada salam verir. Bu mənzərə insanda başqa bir qürur hissi yaradır. Əhəd Bəbirov Gədəbəy rayon Arıqıran kənd sakinidir. Əhəd əmi deyir ki, ata-babadan öz təsərrüfatını yaz aylarında elə rayon ərazisində yaylağa çıxarır. Müharibənin getdiyi bir neçə ili saymasaq hər il buraya gəldiyini deyir. Sağ əlini irəli uzadıb ətrafı göstərir.
- Bayaq komandirə "çes" verməyimə yaman maraqla baxdınız. Bir ətrafa baxın, görün nə qədər çadır var. Amma elə olub ki, bu yamaclar, nəinki, insan elə heyvan hənirtisinədə möhtac olub. İndi bu gün bu çadırların burada olmasına görə bax bu əsgərlərimizə minnətdarıq. Onların irəlidə olması, bizim burada rahat yaşamağımızın səbəbidir. Biz öz təsərrüfatımızla məşğul oluruq, mal-heyvan saxlayıb özümüz üçün qazanc edirik. Bqütün bunların hamısı əsgərlərimizin sayəsindədir. İnanın onları görəndə ürəyimiz dağa dönür. Son vaxtlarda da bu ermənilərin ağzını ovmaları bizə xüsusilə ruh yüksəkliyi verir.
Sözünü deyib qolumuzdan tutdu və "gedək bir çoban yuxası ilə pendirə qonaq edim sizi" deyib bizi alaçığa dəvət etdi. Ayaqüstü bir loxma yeyib, yolumuza davam etdik. Xeyli irəlidə qayalar üzərində vurulan bir lövhə diqqətimizi cəlb etdi. İlk olaraq lövhədə dağlıq ərazi haqqında məlumat lövhəsinin olduğunu düşündüm. Komandir sanki nə düşündüyümü hiss etmişdi. Oraya yaxınlaşanda avtomobili saxlamağı tapşırdı. Dayanıb, iri qayanın üzərində vurulan lövhənin yanına qalxdım.
"Ölməz o adamdır ki, özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır"
Bir cümləlik bu şüarın insanların gediş-gəlişinin çox olmadığı bu dağ başında vurulması, burada xidmət edən hərbiçilərimizin çiyinlərində nə qədər böyük bir məsuliyyətin olmasından xəbər verirdi. Söz yox ki, bu şüarı oxuyan hər bir kəs bu məsuliyyətin yükünü daha dərindən anlayır. Lövhənin yanında bir neçə xatirə şəkili çəkdirib yolumuza davam etdik. Artıq ön xəttdə o qədər də uzaq məsafə qalmamışdı. Lakin yolların çətinliyi, hər addımda bir dağın döşü ilə yayılan qatı duman hərəkətimizi bir az da ləngidirdi. Nəhayət ön xəttə çatdıq. Avtomobildən düşər-düşməz əsgər yataqxanasının divarına həkk edilən daha bir şüar diqqətimi çəkdi.
"Düşmən bizim torpaqda yalnız ölüm tapmalıdır"
Hər gün bu şüarı bir neçə dəfə görən əsgərlərimiz, bu vətən torpaqlarına xain gözlə baxan düşmənini məhv etmək üçün nə qədər gərəkli olduqlarını, qarşılarında duran məkrli düşmənini isə çətin ki, unutsunlar.
Komandirlər, bizi ön xəttə aparır, qarşı tərəfi müşahidə edib, ərazi barədə müəyyən məlumatlar verirlər. Elə növbədə duran ilk əsgərdən xidməti barədə soruşuram.
- İstirahətimiz yaxşıdır? - Əsgərdən eşitdiyim cavab məni təəccübləndirir. - Necə? deyə soruşdum. Əsgər təəccübümü görüb duruxur. Bunu görən komandir, buyur davam elə deyib sanki əsgərin bizimlə daha sərbəst və ünsiyyətdə olması üçün aralaşır.
Əsgər Murad Rüstəmov 1997-ci ildə Bakı şəhər Xəzər rayonunda anadan olub. Bir neçə aydır ki, hərbi xidmətdə olan Murad, hərbi xidmət zamanı əsgər üçün yaradılan şəraitin mülki həyatdan heç də seçilmədiyini deyir.
- Burada bizim üçün elə bir şərait yaradılıb ki, sanki hərbi xidmətdə deyilik. Bu cür şəraiti olan əsgərin tək işi Vətənə sadaqətlə xidmət etmək qalır. Hər bir təminatımız var, geyim, yemək, yataq, komandirlərin əsgərlərlə olan münasibətini də bura əlavə etsək, (gülür) bəzən heç evdə atamız belə bizə bu qədər mehriban davranmır. Adam elə istəyir ki, bu qədər şəraitin qarşısında nə isə eləsin. Darıxırıq, çox darıxırıq, xidmətdən deyil haaa, sadəcə düşmənin başının əzilməsi üçün irəliyə atılacağımız gün üçün darıxırıq. Komandirlər, əsgərlər biz hamımız bir ailəyik.
- Burada olan hərbi ailəndən mülküdə olan ailənə nə demək istəyərdin?
- Onu demək istəyərdim ki, elə bilməsinlər ki, yanlarında deyilik qayğımızı çəkən yoxdur. Burada komandirlər bizi valideynlərimizdən heç də az istəmirlər. Bir əsgərin bədənində olan bir tikan cızığına belə komandirlərimiz çox narahat olur. Onlar bizi öz canları qədər çox istəyirlər.
Hər bölgədə əsgərdə olan bu qədər ruh yüksəkliyi və vətənpərvərlik hissi, məni çox məmnun edirdi. Əsgərlər üçün yardılan yaşam şəraitiylə tanış olmaq istəyimi komandirə bildirdim. Bu sahə üzrə tanışlığı post komandiri bizə təqdim edirdi. Əsgər yataqxanasında olan səliqə-sahman, anbarlarda olan geyim və ərzaq təminatı, istirahət otağında plazma televizorun olması, əsgər üçün yaradılan şəraitin yüksək səviyyədə olması göz qabağında idi. Düzü ilk dəfə idi ki, düşüncələrimdə bu qədər yanıldığımı görürdüm. Yolların çətinliyinə görə burada vəziyyətin yaxşı olmayacağını düşündüyüm üçün düşüncələrimdən utandım.
Ümumi tanışlıqdan sonra komandirlə qısaca xidməti barədə öz təəsüratlarını bizimlə bölüşməsini istədim.
- Burada xidmət aparmaq çox şərəflidir. Mən komandir olsam da bizim hər birimiz bu vətənin əsgərləriyik. Hər an tapdaq altında olan torpaqlarımızı azad etmək üçün, hazırıq. Vətənimizin, torpağımızın, millətimizin, dövlətimizin qorunması üçün irəliyə atılmağa hazırıq. Bizi irəli aparan, ruhumuzda olan vətən, xalq, dövlət sevgisidir. Allah eləməsin ki, mənim əsgərimə bir şey olsun. İnanın bu gün ordumuzun hər bir komandiri, bu hisslərlə yaşayır. Hər bir komandir, əsgərinin qarşısında düşmən üzərinə qürurla getməyə hazırdır.
Burada gördüklərim və duyduqlarım məni çox təsirləndirmişdi. Gedərkən yolun çətinliyi və qatı duman yolumuzu nə qədər uzaq etmişdisə, geri dönərkən şahidi olduqlarımın təsiri altından hələ də çıxa bilmirdim. Yol boyu qulaqlarımda əsgərin dediyi söz əks səda verirdi.
"Darıxırıq, həm də çox darıxırıq. Düşmənin başının əzilməsi üçün irəliyə atılacağımız gün üçün darıxırıq.
Daşqın Güneyli
Foto: Elvin Abdulla
Ordu.az