Milli Qəhrəmanın şəhadətindən 26 il ötür

2018/08/40152297_417880232069804_8361869444875550720_n_1535348762.jpg
Oxunub: 1750     13:37     27 Avqust 2018    
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin şəhadətindən 26 il ötür.

Ordu.az-ın məlumatına görə, Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib.

1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdıb. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçərək, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb.

1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. Az vaxt içərisində Drambon kəndi azad edilib. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb. 1992-ci il avqustun 27-də ağır döyüş zamanı o, öz yoldaşlarını əsir düşməkdən xilas edib və qəhrəmancasına şəhid olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin