Ermənistan Hindistandan "Pinaka" raket sistemləri alacaq? - AÇIQLAMA

2018/08/Indian-Army9_1535214789.jpg
Oxunub: 2709     00:29     26 Avqust 2018    
Ermənistan Müdafiə Nazirliyi Ermənistanın Hindistan istehsalı “Pinaka” raket sistemilə maraqlandığına dair internetdə yayılan məlumatlara aydınlıq gətirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Hindistanda aidiyyəti sahə üzrə məsul şəxslərlə bir araya gələrək, bir neçə silah sistemi ilə tanış olub. Onların arasında xüsusi diqqət cəlb edən silahlar da var”, - deyə Hovhannisyan öz “Facebook” hesabında qeyd edib.

Hindistan KİV-lərində qeyd olunur ki, Ermənistan Hindistanın "Silahlanma Tədqiqatı və Təkmilləşdirmə Qurumu" (ARDE) tərəfindən ərsəyə gətirilən “Pinaka” raket sisteminin tədarükünə marağını ifadə edib.

Hindistanın Müdafiə Tədqiqatı və Təkmilləşdirmə Təşkilatının (DRDO) nəzdində laboratoriya olan ARDE-nin direktoru KM.Racan Ermənistanın sözügedən raket sistemi ilə maraqlandığını və buna görə də ötən ay Hindistanda olan Ermənistan nümayəndə heyəti üçün Pokranda bu raketin intensiv atış sınaqlarının həyata keçirildiyini bildirib.

“Nəticələr mükəmməl idi. Hökumətlərarası qərar olduğundan dolayı satınalmaya dair rəsmi saziş haqqında hələlik heç bir məlumat əldə etməmişik. Ermənistan raketin hər iki versiyası ilə maraqlanır”, -deyə Racan söyləyib.

Onun sözlərinə görə, Ermənistanla yanaşı bir neçə xarici nümayəndə heyəti bu ilin mayında Çennayda baş tutan müdafiə sərgisində iştirak edib. Xüsusilə Cənub-Şərqi Asiya ölkələri də “Pinaka” sistemi ilə maraqlanıb, lakin onlar hələlik Hindistan hökumətilə rəsmi əlaqələrə girməyiblər.

Qeyd edək ki, “Pinaka” Hindistan tərəfindən istifadə olunan idarəolunmayan raket sistemidir. Təqribən son 20 il ərzində onun təkmilləşdirmə prosesi aparılıb. “Pinaka”nın yeni idarəolunan, 80 kilometr mənzilə sahib olan versiyasının sınaq mərhələsində olduğu bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan   Pinaka  


Bizi "telegram"da izləyin