3 min metr yüksəklikdə xidmət aparan "BOZDAR"

2018/08/12_1535182894.jpg
Oxunub: 1772     15:35     25 Avqust 2018    
İtlər! İnsanın ən sadiq dostu. Amma təkcə insanlarınmı? "Bozdar" təkcə onunla bir yerdə olan əsgərlərə deyil, həm də yaşadığı Vətən sərhədlərində xidmət etməklə seçilir.

Yolumuz Azərbaycan-Ermənistan sərhəddinə doğrudur. Çətin dağ şəraiti, yollarda olan hərəkət çətinliyi bizi, fikirimizdən döndərməkdə acizdir. Komandamız qərarında qətidir. Ən azından bu çətin relyefdən keçərək ön xəttdə xidmət edən səgərlərimizin olduğunu düşünündə, qərarımızdan vaz keçməyə belə haqqımız da olmaz. Biz ön xəttə çatanda saat 3 radələri olardı. Bizi gətirən UAZ markalı avtomobil gedəcəyimiz yerə çatanda qarşımıza ilk olaraq o çıxdı. Elə bil yolumuzu gözləyirmiş kimi, bir neçə dəfə havaya hürərək, maşına tərəf gəlməyə başladı. Qabaq ayağının birinin pəncədən yuxarı olmaması, onun qaçış sürətini azaldırdı. Bu onun qaçışına mane olsa da, hər vəchlə biz tərəfə sürətli gəlmək istəyirdi. Demək olar ki, hər gün gördüyü avtomobildə bu dəfə yad adamlar olduğunu hiss etmişdi. Biz maşından düşəndə bir-bir ayaqlarımızı iyləyib sonra geri çəkildi. Elə bil bununla o, gələnlərin təhlükəsiz olub-olmadığını yoxlayırdı. Əsgərlərimizlə görüşüb ayaqüstü bir neçə kəlmə söhbət etdik. Söhbətləşdiyimiz müddətdə onun diqqətlə mülkü geyimdə olanlara baxdığı nəzərimdən yayınmadı. Bir az sonra onun bir hərəkətinin məni daha da çox təsirləndirəcəyini ağlımdan belə keçirməzdim. Təhlikəsizlik baxımından bizə hərbi geyimlər verdilər. Biz geyimləri geyinikdən sonra, o sanki rahat nəfəs alırmış kimi, durduğu yerdə yan üstə uzanıb gözlərini yumdu. Biz artıq səngərlə ön xətdə olan posta doğru irəliləyirdik ki, arxadan gələn hənirti məni vurdu. Çonüb geriyə baxanda, onun arxamızca gəldiyini gördüm. Bu dəfə sanki bizi görmürdü. Axsaya-axsaya qaçaraq bizdən önə keçdi. İtin bu cür qeyri-adi davranışları məndə daha çox maraq oyatdı.

Əsgərlərin sadiq dostu "Bozdar"

Durduğumuz yerdən cəmi bir addım sonra tarixi Azərbaycan torpaqlar başlayırdı. Bura gəlməkdə ən böyük istəklərimizdən biri də, Azərbaycan-Ermənistan dövlət sərhəddinin bu istiqamətində tarixi Azərbaycan torpaqlarını, Göyçə gölünü görmək, onu uzaqdan da olsa seyr etmək idi. Elə bil həmin gün təbiət də öz şıltaqlığıyla bizim bu arzumuzun üstündən xətt çəkmək istəyirdi. Gölün üzərində olan duman gah qatılaşır, gah da, bir hissədə seyrələrək, elə bil bizə acıq verirmiş kimi, gölün suyunu göstərib yenidən üzərini örtürdü. Əlimizdə olan binoklulla dumanın seyrələn yerlərindən gölə baxırdıq. Yanımızda gələn hənirtiyə çönüb baxanda "Bozdar"ı yanımızda gördüm. Elə bil ürəyimizdən keçəni, dumanın bizə qarşı olan "haqsızlığına" etdiyimiz narazılığı o da duymuşdu. Gah bizim baxdığımız səmtə baxaraq diqqəti kəsilir, gah da hərdən bir asta səslə hürərək, nəzərlərini üzümüzə dikib sanki ona qarşı diqqətli olub-olmadığımızı yoxlamaq istəyirdi.

"Bozdar"ın Vətən sevgisi

"Bozdar" bura gələndə hələ çox kiçik olub. Artıq neçə ildir ki, burada olan "Bozdar"ın bu istiqamətdə cərəyan edən bəzi olayların qarşısının alınmasında rolu az olmayıb. O, düşmən diversiya qrupunun hərəkətləri barədə bir neçə dəfə əsgərlərimizə xəbərdarlıq edib.
Bir gün "Bozdar" axşam növbəsinə gedən əsgərdən əl çəkmir. Növbəni dəyişdikdən sonra, səngər boyu, qarşı tərəfə diqqət kəsilir. Gah bu, gah da yan tərəfdə növbə çəkən əsgərlərin yanına gedir, onların yanında bir neçə dəqiqə dayanıb geri qayıdırmış. Səhərə yaxın, növbəni dəyişən dəstənin qarşısına düşərək zingildəməyə başlayır. Hərdən səngərin üstünə çıxır, qarşı tərəfə hürüb yenidən səngərin içinə düşür. Onun bu qeyri-adi davranışlarından sonra bütün postlar gücləndirilir, müşahidələr aparılır. Postlarda əsgərlərin çoxalmasından sonra "Bozdar"ın hərəkətləri daha çox diqqət çəkir. O səngərin üstündə uzanaraq, ara bir başını qaldırır, qarşı tərəfə diqqət yetirdikdən sonra, torpağın arxasında özünü gizlədirdi.

Səhərin açılmasına bir neçə saat qalmış əsgərlər onun yatdığı yerdən yoxa çıxdığını görüblər. Bir müddətdən sonra, qarşı tərəfdən gələn vahiməli səs gecənin sakitliyinə qənim kəsilir. İtin nəyləsə boğuşduğu aydın idi. Amma itin ara bir zingildəmə səsi, qarşısındakının ondan güclü olmasının əlaməti idi. Birdən ətraf işıqlandı, baş verən partlayış ətraf ərazini silkələdi. İtin nəylə boğuşduğu məlum deyildi. Onun partlayışdan sonra öldüyü güman edilirdi. Səhərin alatoranında səngərin qarşı tərəfində itin zingiltisi eşidilir. Partlayışdan sonra, yaralanan "Bozdar" səngərə qədər gəlməyi bacarıb. Həm qan itirməsi, həm də, yaralı haldı dağın yoxuşunu çıxması onu heydən salmışdı. Əsgərlərin köməyilə səngərə gətirilən "Bozdar"ın ayağının birini itirdiyi məlum olur. O, hərdən bir ayağının yarasını yalayır, sonra zingildəyərək gah səngərin üstünə, gah da əsgərlərin üzünə baxır. Sanki, bununla qarşı tərəfə baxın demək istəyirdi. Qarşı tərəfi müşahidə edən əsgərlərimiz orada erməni əsgərinin meyitini görürlər.

O gün "Bozdar"ın o hərəkəti, düşmənin planlaşdırdığı hansısa təxribatın acı nəticəsinin qarşısını alıb. Onun bu xidməti Vətən çörəyi yeyib, Vətənə xəyanət edənlərə əsl örnəkdir.

Daşqın Güneyli
Foto: Elvin Abdulla
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bozdar   Göyçə-gölü  


Bizi "telegram"da izləyin