Necə deyərlər zirvənin zirvəsində məskən salmaq qürur işidir. Hələ bir də oraya hakim kəsilib ətrafa yüksəkdən nəzarət etmək də var...
Ordu.az kollektivi olaraq qərb səfərimiz çərçivəsində görüb lentə aldıqlarımdan söhbət açacağam. Yolumuz Qazax rayonu ərazisində yerləşən mühüm strateji yüksəklikdən başladı. O yüksəklikdən ki, Qarabağ müharibəsinin ilk illlərində himayədarları tərəfindən silahlandırılmış erməni silahlıları tərəfindən işğala məruz qalan 7 kəndə, o cümlədən Ermənistan-Gürcüstan magistral yoluna nəzarət buradan keçir. Hazırda atalarının qanı bahasına qorunub saxlanılan bu yüksəklik indi həmin əməliyyatlar gedən zaman dünyaya gələn övladlar tərəfindən qəhrəmanlıqla müdafiə edilir. Məhz burada Vətən torpaqlarının hər qarışı əmin əllərdədir desək heç də yanılmarıq.
Özündə şanlı tarix yaşadan yüksəkliyə gəldikdə ilk müşahidə etdiyim amillərdən biri burada xidmət aparan hərbçilərdəki mənəvi-pisixoloji vəziyyət idi. Düzünü etiraf edim ki, yol boyu təxmin etdiklərim gördüklərimdən çox az oldu. Yüksək komandanlıq tərəfindən təşkil olunmuş xidmət səviyyəsi buradakı məişət şərait ilə tam uzlaşır. Belə ki döyüş növbəsini yerinə yetirən əsgərin məişət təminatı heç də mərkəzdə yerləşən hərbi hissələrdən geridə qalmır. İstər yeməkxana və yataqxanası, istərsə də sanitar mərkəzlərin maksumum həddə yaxşı olması olsun... Həmçinin burada əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün münbid şərait yaradılıb. Bütün bu faktarı nəzərə alsaq, burada əsgərin mənəvi-psixoloji ruhunu sizə cümlələrlə ifadə etməyin nə qədər çətin olduğunu anlayarsınız.
Fürsətdən istifadə edib çay süfrəsi arxasında oturan iki əsgərə yaxınlaşıram. Hətta onlarla həmsöhbət olmaq şansını da əldən qaçırmıram... Əsgər Məmmədzadə Nuru 14 aydır ki, sözügedən yüksəklikdə əldə tətik Vətən keşiyi çəkir. Əsgər Məmmədzadə, qışın qırovuna, yazın dumanına, payızın yağışına bir sözlə təbiətin şıltaqlığına baxmayaraq, bir an belə göz qırpmadan düşmən ərazilərimizi mühafizə edir.
Xaçmaz rayon komissarlığından xidmətə çağrılan əsgərimiz söhbət zamanı yüksəklikdə, yəni zirvədə xidmət aparmağın nə demək olduğunu bu şəkildə ifadə etməyə çalışdı: “Qürurluyam ki, əsgər kimi belə yüksəklikdə xidmət edirəm. Biz buradan düşmənin istənilən hərəkətini müşahidə edir, onları qeydə alıb komandirlərə bildiririk. Özüm və digər əsgər yoldaşlarım adından bildirirəm ki, yerləşdiyimiz coğrafi mövqeyimizdən aslı olmayaraq burada hər şey qaydasındadır.
Təminatlarımızın yüksək səviyyədə olması hər birimizdə yüksək döyüş ruhu yaradır. Həmçinin bölmələrimizin peşəkar səviyyədə idarə edilməsi, əsgər və zabit münasibətlərinin qaydasında olması, daxili nizam-intizamın yetəri qədər yaxşı təşkil edilməsi bizim hərbi biliklərə dərindən yiyələnməyimizə zəmin yaradır. Fürsətdən istifadə edib öz valideyinlərimin timsalında bütün əsgər yoldaşlarımın valideynlərinə salamımı çatdırıram. Sizin vasitənizlə onlara bildirmək istəyirəm ki, onlar Azərbaycan Silahlı Qüvvələri ilə - onun əsgərləri olan bizimlə fəxr edə bilərlər”.
Yüksəklikdə xidmət aparmağın nə demək olduğu sualına eyni soyadlı, əsgər Şahin Məmmədzadə tam fərqli yanaşma ilə cavab verir: “Mən də artıq 14 aydır ki, burada xidmət edirəm. Əlbətdə ki, yüksəklikdən düşmən mövqelərini müşahidə etmək onların hər bir hərəkətindən xəbərdar olmaq başqa hisdir. Burada, bizim işğal altında olan Əskipara, Xeyrimli, Bağanis Ayrım və s. kimi kəndlərimiz var. Bir əsgər kimi mənim ən böyük arzum komandirlərimlə birlikdə işğal altında olan 7 kəndi düşməndən azad edərək bayrağımızı orada dalğalandırmaqdır. Mənim üçün ən böyük qürur, fəxarət doğulduğum Astara rayonuna qalib əsgər kimi getməyimdir. Dövlətimizin amalı uğrundan canımdan belə keçməyə hazıram. Vətən torpağı üzərinə şəhid qanı töküldükcə qiymətlənir”.
Qeyd olunanlar sadəcə qəhrəman əsgərlərin sözlə ifadə etməyə çalışdıqlarının cəmi bir neçə faizidir. Kollektivimiz burada əsgərlər üçün yaradılmış şəraitlə tam tanış olduqdan sonra ayrılmalı oldu. Özü də əldə etdiyimiz bir nəticə ilə... O nəticə ilə ki, cəbhənin bu istiqaməti istənilən an düşmənə tutarlı cavab verməyə, habelə Qazax rayonunun işğal altında olan kəndlərini azad etməyə hər an hazırdır.
Elgün Gəncimsoy
Foto: Elvin Abdulla
Ordu.az