Təqdim etdiyimiz fotokadrlar cəbhənin Ağdam rayonu istiqamətində lentə alınıb. Ərazi rayon əhalisinin təbirincə desək “Qərvənd qəbirstanlığı” adlanır. Yüz ildən artıq yaşı olan qəbirstanlıq hazırda qoşunların qarşıdurma xəttinin demək olar ki, sıfır nöqtəsində yerləşir. Hətta bir hissəsi neytral əraziyə düşür desək heç də yanılmarıq. Yüzlərlə qədim məzarların yer aldığı qəbrstanlıqda, hazırda da dəfn təşkil edilir. Yəni yüzlərlə yeni məzarlar var...
Rayonun Baş Qərvənd kəndi işğala məruz qaldıqdan sonra da həmin kəndin və ətraf kəndlərin (Şıxlar, Orta Qışlaq, Ayaq Qərvənd, Kol Qışlaq, Mirəşelli, Çıraqlı və s.) sakinləri öz ölülərini məhs bu qəbirstanlıqda dəfn edirlər. Amma sözün əsl mənasında min bir əziyyətlə... Belə ki, qəbirstanlıqda dəfələrlə dəfn mərasimi həyata keçirilərkən insanlar kütləvi şəkildə düşmən atəşinə məruz qalıb. Hətta onlar arasında ölən və yaralananlar da olub. Bundan başqa, məzarlığın ziyarət dönəmində (El arasında “Qara bayram” deyilən günlərdə) doğmalarının məzarını kütləvi ziyarətə gələn cəbhə sakinləri dəfələrlə atəşə tutulub. Həmin insanlar arasında da yaralananlar az olmayıb.
İnsanın dirisi bir yana, ölüsünə də atəş açan işğalçı ordunun güllə izləri demək olar ki, əksər məzarlarda öz əksini tapıb. Bəzi məzarlar dağıntıya məruz qalır, bəziləri isə güllə dəlikləri ilə ayaqda qalaraq necə deyərlər “sipər olur”...
Lap əvvəllər ziyarət edilməsi ölüm risqinə bərabər olar məzarlıqda indi Azərbaycan Ordusunun hərbçiləri tərəfindən qismən mövcud təhlükə yarıya endirilib. Yəni əvvəllər bura düşmən tərəfindən bir neçə istiqamətdən müşahidə edilirdisə, indi həmin müşahidə ordunun qurduğu istehkam qurğularından sonra təxminən 70%-ə qədər azaldılıb. Artıq insanlar qəbirstanlığın müəyyən ərazisində tam təhlükəsiz hərəkət edə bilir. Lakin bütün bunlara baxmayaraq, işğalçı Ermənistan Ordusunun bölmələri hər bir vəchlə məzarlığı atəşə tutaraq orada yerləşən məzarları dağıntılara məruz qoyur.
Elgün Gəncimsoy, Ağdam
Ordu.az